Şəhid olmuş bir ailənin 4 üzvünün adları əbədiləşdirilib

206

Bu gün Mingəçevirdə bir ailənin 4  şəhidinin adları əbədiləşdirilib. Belə ki, onların adına inşa edilmiş Ehsan bulağının açılışı olub.  Xatirə bulağının açılış mərasimində ailənin yaxınları, şəhid qardaşların müəllimləri və 8 saylı JEK idarəsinin əməkdaşları iştirak ediblər.

Açılış mərasimindən öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid qardaşların müəllimi Səbuhi  Məmmədov çıxış edərək bildirib ki, bu gün 1992-ci ildə  Xocavənd rayonu Qaradağlı kəndində şəhid olan bir ailənin 4 üzvü Hüseynov  Xanəli Həbib oğlunun, Hüseynov Həbib Həmzə oğlunun, Hüseynova Rahilə Şahmar qızının, Hüseynov İbiş Həbib oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün  toplaşmışıq: ”Bu gün biz kəndimizin faciəli günlərini yada salırıq. Bu gün şəhidin qardaşları bu abidəni açmaqla ən böyük savab işlərdən birini görüblər. Xatırlatmaq istərdim ki, qanlı-qadalı günlər 1988-ci il fevralın 12 də başladı. Kəndimizin oğulları həmin illərdə canlarını sipər etdilər,  öz yurdlarını  tərk eləmədilər – 4 il 4 gün döyüş apardılar. Heç kəs geri addım atmadı. Ermənilər yol kəsmək,  maşınları daşlamaq kimi müxtəlif cür təyziq göstərsələrdə,  biz onların qarşısını aldıq. Onlara havadarları tərəfindən çoxlu silah gəldi. Biz isə öz gücümüzlə silah –sursat da aldıq. Onu da deyim ki, ermənilərin  müharibə aparmağa gücü yox idi. Rus əsgərləri onların köməyinə gəldi. Yoxsa erməninin bizə heç cür gücü çatmırdı. Bundan sonra kəndimizdə böyük bir faciə yaşandı. Kəndimizdə olan 128 nəfər əsir düşdü, elə həmin günü ermənilər 54 gəncimizi öldürərək silos quyusuna doldurdular.  Bu gün biz belə tarixi abidələri orada da yaratmalıyıq, orada belə açılışlar etməliyik və  insallah, bu da tezliklə olacaq”.

Daha sonra məktəbli şagirdlər söylədikləri şeirləri ilə şəhidləri yad ediblər.

Esmira Hidayətova, Mingəçevir