Şəhid bulaqları suya möhtac qalıb

0
511

Suyu qurumuş bir bulaq küskün-küskün bir tərəfə çəkilib qəribsəyibdi elə bil. Həsrətmi çökmüş suyuna, nisgilmi yağıb başına? Görən suyundan sonuncu içən kimlər olmuş? Bu mənzərə Mingəçevir şəhərində qeydə alınıb.

Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, şəhərlərində abidələr qoyulub, parklar salınıb. Çünki hər şəhid vətənin mənəvi ucalığıdır. Lakin son zamanlar bəzi həmvətənlərimiz şəhidlərin adına ucalan abidələrə qarşı laqeyd davranır, dağılan şəhid bulaqlarına göz yumurlar. Şəhidlərimizin silinən şəkilləri, oxunmaz olan adları, tökülüb dağılan daşları, sıradan çıxan su boruları kimisə narahat etmir. Məgər Azərbaycanın şəhid oğullarını yaddan çıxartmışıq? Yaxud da insanların başı gündəlik məişət problemlərinə o qədər qarışıb ki, şəhid abidələrinin dağılıb məhv olmasına fikir vermir, yaxud da onlar üçün bu mənzərə artıq adiləşib? Həmin xatirə bulaqlarının yerləşdiyi əraziyə nəzarət edən mənzil istismar sahələrinin əməkdaşları da sakinlər kimi laqeydlik göstərir, onların bərpası naminə heç bir addım atmırlar.  Mingəçevir şəhərindəki Təbriz 13-də Azər Əliyevin, R.Rza 18 və 25-də Elşən Rzayevin və Xəzər Əliyevin, Maqomayev 6-da Amil Məmmədovun və digər şəhidlərimizin adına ucaldılan xatirə bulaqları hazırda pis günə düşüb.

Şəhid bulaqlarının baxımsızlığı azmış kimi, üstəlik, vəziyyəti normal olan bulaqların suyu da “Azərsu” şirkətinin əməkdaşları tərəfindən kəsilir. Vətən uğrunda qan tökən igid oğul və qızlarımızın adını əbədiləşdirən bulaqların suyu hansı səbəbdən kəsilir?

Şəhid Elşən Rzayevin atası Kərəm kişi deyir ki, suyun pulunu dövlətin mənə verdiyi təqaüdlə verməyə hazıram. Şəhərin İslamzadə küçəsində yerləşən şəhidin xatirə bulağı isə lap bərbad gündədir. Bulağın nə suyu var, nə də onun  yan-yörəsini təmizləyəni. Bu şəhidin əzizləri də onun yoxluğuna dözməyib həyatdan köçdülər.

Şəhidlərimizin adına salınan bulaqlar üçün su sayğacı qoyulmalıdırmı? Təəssüf ki, çayla, su anbarı ilə əhatə olunan bir şəhərin şəhid abidələrinə məxsus su kəmərləri bu gün suya möhtac qalıb.

Esmira Hidayətova, Mingəçevir