Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Şəhidlər bizim sahib çıxacağımız ən dəyərlilərimizdir. Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır. Şəhid valideyinləri də həmişə istəyirlər ki, onların övladları unudulmasın, yad edilsin, həmişə xatirələrdə yaşasınlar. Şəhid Atiq Ariz oğlu İbrahimovun nəinki valideyinləri hətta onu tanıyanlar, qohum-qonşu, iş yoldaşları, dostları qəhrəman şəhid Atiqlə qürur duyduqlarını deyirlər.
Şəhidin yaşadığı H.Əliyev ünvanında yerləşən binaya şəhidin valideyinləri tərəfindən onun barelyefi vurulub. Barelyefin açılışında şəhidin valideyinləri, dostları, iş yoldaşları, qohum-qonşuları da iştirak ediblər. Açılış mərasimindən öncə şəhidin ruhuna dulalar oxunub, daha sonra şəhidin iş yoldaşları adından Mərkəzi Aran RETSİ-nin həmkarlarının sədri Nüsrət Quliyev və qonşuları, dostları çıxış edərək şəhid haqqında ürək sözlərini deyiblər. Bildiriblər ki, şəhidlərimiz daim xatirələrimizdə yaşayacaqlar.
Qeyd edək ki, Atiq İbrahimov işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarından sonra könüllü kimi cəbhəyə yollanıb və düşmənə qan uddurub. Cəbrayıl, Suqovuşan, Ağdərə,Talış uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 16-da şəhid olub. Atiq İbrahimov ölümündən sonra “Vətən uğrunda“ medalı ilə təltif olunub.
Esmira Hidayətova, Mingəçevir