Şəhid atası: “Vətən qeyrəti çəkən oğulların qarşısında baş əyirəm”

488

Bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Sözsüz ki, bu azadlıq və firavanlıq onların qəhrəmanlığı bahasına başa gəlib. Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkəsidirsə və bu inkişaf göstəriciləri ilə dünyanın diqqətini cəlb edə bilirsə, təbii ki, bütün bunlar qəhrəman oğul və qızlarımızın canlarını qurban verərək qazandığımız müstəqilliyimizin və bu gün ölkəmizdə həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsidir.

Şəhidlər ölməz, vətən bölünməz. İndi şəhidlərimiz xatirələrdə yaşayırlar. Əgər onlar əvvəllər valideynlərinin qəhrəmanıarə idilərsə, indi də vətənimizin qəhrəmanlarıdır. Belə qəhrəman şəhidlərdən biri də ömrünün ən gənc yaşında 20 yaşını Şəhidlər xiyabanında tamamlayan mingəçevirli Abbasəliyev Hüseyn Adil oğludur.

Hüseyn Abbasəliyev 2000-ci il oktyabrın 2-də Mingəçevirdə doğulub. Əvvəl 14 ,sonra isə 1 saylı məktəbin şagirdi olub. 2018-ci il oktyabırın 23-də həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvanda  başa vurub. 2020-ci ilin martın 29-da ordudan tərxis olunub.

 

Biz  şəhid barədə daha ətraflı məlumat almaq məqsədi ilə şəhidin  atası Adil Abbasəliyevlə görüşdük. Şəhid oğlu barədə ataya nə qədər danışmaq çətin olsa da, o, evinin böyük övladı haqqında bizə məlumat verdi. Bildirdi ki, qısa bir ömür yaşasa da o, vətənə bağlı, vətənsevən bir övlad idi: ”Məhəmməd peyğəmbərin (s.ə.s) kəlamı ilə desək, “Vətəni sevmək imandandır”. Şəhidlik isə şərəf olmaqla yanaşı, həm də böyük imandır. Oğlum şəhid olub deyə demirəm. Bütün şəhid olan balaların hamısı bizim övladlarımızdır. Əsgərlikdən yenicə gəlmişdi. Heç mənə evdə hərbiyə gedəcəyi barədə bir söz də demədi. Mən işdə olmuşam, bir də eşitdim ki, könüllü olaraq orduya yazılıb. Mənim də oğlum digər şəhidlərimiz kimi vətənin müdafiəsinə yollanıb. 2020–ci ilin sentyabrın 29-da Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlərdə düşmən postunu ələ keçirərkən şəhid olub. Oğlum o qədər dostcanlı uşaq idi ki, az yaşı olmasına baxmayaraq çoxlu dostları vardı. Hələ də Asim adlı dostu onun şəhid olmasından xəbərsizdir. Asim hərbi xidmətdədir, Hüseynlə birgə döyüşüblər. Hüseynin telefonuna  tez-tez zəng edir. Biz cavab veririk ki, Hüseyn başqa yerdədir.  İndi onu düşünürəm ki, Asim gələndə biz ona necə deyəcəyik ki, Hüseyn yoxdur. Mən bir ata kimi vətən qeyrəti çəkən oğulların qarşısında baş əyirəm. Bizim oğullarımız ölümün gözünə dik baxdılar. İndi bütün dünya 44 günlük zəfər savaşının iştirakçılarının qəhrəmanlığından, doğma elə-obaya onların bağlılıqlarından, göstərdikləri rəşadətlərdən danışırlar. Bax, biz şəhid valideynləri bundan təsəlli alırıq. Mənim də oğlum ölümündən sonra prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə “medalları ilə təltif edilib”.

Esmira Hidayətova, Mingəçevir