Şəhid atası: ”56 gündən sonra oğlumun şəhid xəbəri gəldi”

0
302

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullardan biri də mingəçevirli  İlkin Ağakişiyevdir. Bu o İlkindir ki, nəinki ailənin sevimlisi hətta  belə demək mümkünsə, bütün mingəçevirlilərin sevimlisi olub. 25 yaşı olmasına baxmayaraq böyüklə böyük, kiçiklə kiçk kimi davranardı.

Azərbaycan zaman-zaman  Vətən savaşında igidlərini itirdi, minlərlə şəhid verdi. Amma düşmənə boyun əymədi, şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Vətənin mərd oğlu İlkin də “Vətən uğrunda” medalla təltif olunan şəhidlərimizdəndir. Atası Elxan Ağakişiyev bu gün oğlu İlkinlə fəxr etdiyini deyir: ”Oğlum haqqlnda keçmiş zamanda danışa bilmirəm. Elə bilirəm yenə də bax bu divanda qarşı-qarşıya oturub ata oğul kimi yox, bir dost kimi söhbət edirəm. Dost demişkən, onu da deyim ki, mən elə bilirdim ki, məndən çox dostu-tanışı olan yoxdu. Sən demə, İlkinin dostlarının yanında mənimki bir zərrə imiş. Onun dəfnində sanki yer-göy də ağlıyırdı. İnsan izdihamı bütün şəhəri bürümüşdü. İlkin arxam – dayağım olub. Onunla nə qədər qürur duysam da yenə az idi.

Sentyabırın 30-da bizimlə danışdı və dedi ki, narahat olmayın. İlkin könülü getmişdi cəbhəyə. Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qan uddurub deyirdi yoldaşları. Uşaqlar deyirdi ki, İlkin  ölümün gözünə dik baxırdı. Deyirdi ki, hər bir əsgər, hər bir zabit döyüşə gedəndə gərək qorxmasın.

Hər kəsə öz övladı əzizdir, şirindir, hamıdan güclüdür. Təkcə mən onunla övladım olduğuna görə deyil,  Azərbaycan Ordusunun bir  hərbçisi kimi fəxr edirdim. Vətənini, xalqını, dövlətini, ordusunu sevən bir əsgər kimi… Bu gün də fəxr edirəm, sabah da fəxr edəcəm. Axı mənim övladım canı qədər sevdiyi Vətən, torpaq uğrunda şəhid olub. Suqovuşanda şəhidlik zirvəsinə ucalıb.

56 gün İlkindən xəbər çıxmadı. Çox narahat idik. 56 gündən sonra şəhid olduğu məlum oldu. Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir.Nə yaxşı ki,torpaqlarımız azad olundu təskinliyimiz də budur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Ilkinin bacısı Aytac qardaşının onun üçün fərqli bir qardaş olduğunu deyir: ”Bir bacı,bir qardaş idik. İlkin ailənin böyük oğul övladı idi. İndi onun şəkilləri ilə danışıram. Bir bacı kimi fəxr edirəm ki, İlkin kimi qardaşım olub.  Qardaşım hələ gənc idi, çoxlu arzuları var idi. Vətən uğrunda canını qurban verən şəhid övladlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Bu da biz şəhid ana-bacıları üçün bir təsəllidir. Allah şəhidlərimizə rəhmət eləsin”.

İlkin ailəsinə dəyər verdiyi qədər də dostlarına da bir o qədər dəyər verirdi. Dostu Əmir Məmmədov həm də iş yoldaşı idi. O, şəhid dostu haqqında danışarkən bildirdi ki, dosluğumuz çox uzun çəkməsə də həyatlarımızı bölüşmüşdük deyir: ”İndi onun haqqında danışmaq mənə çətin olsa da İlkin tək mənimlə yox, bütün iş yoldaşlarımızla mehriban idi. Onunla tez-tez əlaqə saxlayırdım. Çox qürurlu idi. Deyirdi, döyüşə yüksək ruh yuksəkliyi ilə gedir. Tezliklə qələbə çalacayıq. Ailəmizdən muğayat ol. Son dəfə ailəsi ilə danışandan sonra mənimlə də danışdı. Bir dost kimi qürurlanıram ki, İlkin də “Vətən uğrunda “medalı ilə təltif olunub. İlkinin əziz xatirəsi daima qəlbimizdə yaşayacaq. Fəxr edirəm ki, İlkin kimi mərd dostum olub, bunu mən yox, onun bütün yoldaşları da deyir”.

Qeyd edək ki, İlkin Ağakişiyev Mingəçevir 10 saylı məktəbin məzunu olub. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını bitirib. Musiqi təhsilini isə Mingəçevir  Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.

Vətən sağ olsun! Onlar Şəhidlik zirvəsi ilə Vətəni ucaltdılar.

Esmira Hidayətova, Mingəçevir.