Şəhid atası Əmirsultan kişi kəndimizlə bağlı nələr dedi?

151

 

Əmirsultan kişi mənim yaddaşıma dəryazla otçalan kişi kimi həkk olunub. Uzunboylu, pəhləvan cüssəli bu şəxs qollarını geniş açıb dəryazı fırlayar, qıjıltı ilə sürüşən dəryaz hər dəfə qabağına xeyli otu alıb aparardı.  O, isti havalarda sovxozun bağlarında otu o qədər səliqəli çalardı ki, elə marıx (dəryaz hər dəfə hərləndikdə tutduğu sahə) vurardı ki, həsəd aparmamaq mümkün deyildi. Özü də tər içində olmasına baxmayaraq yoruldum deməzdi. Hərdən də  əlindəki xart daşı (kəsici alətləri itiləmək üçün daş) ilə dəryazını möhkəm-möhkən itilər, zarafatlarından da qalmazdı. Sonra da dayandığı yerdən ot çalmağa davam edərdi. Özü də bir iş günündə 40-60 sot yerin otunu çalırdı. Bu isə o zamanlar hər adamın işi deyildi.

Əmirsultan Novruzov 1937-ci ildə Fərman kişinin ailəsində dünyaya göz açıb. O, uzun müddət sovxozda fəhlə çalışıb. Özünün dediyi kimi, ailənin sosial durumu ilə əlaqədar gecə məktəbində təhsil alıb. Amma  heç bir ali məktəbə üz tutmayıb, sırf təsərrüfatçı olub.

Fərman kişi
Fərman kişi

 

Qeyd edək ki, Əmirsultan kişinin atası Fərman Qurban oğlu Novruzov Vəlibəylilərdəndir. Deyilənlərə görə, Fərmanla Vəlibəyovların daha çox tanınmış nümayəndəsi Qədir yüzbaşı əmioğlanları, ya da əmi nəvələri olublar. O ki qaldı soyadlarına. Vəlibəyovlardah sayılan Neman Qədirbəylinin sözlərinə görə, bu nəsilin nümayəndələri sonradan müxtəlif soyadlar götürüblər: Əzizovlar, Novruzovlar, Həşimovlar, Aslanovlar, Mustafayevlər, Qubatovlar, Qədirovlar…

Fərman kişinin oğlu Bayaz Novruzovun anasına istinadən verdiyi məlumata görə,  sovet dönəmində müxtəlif işlərdə çalışan (Toyuq fermasında briqadir, qarovulçu, kəndin su arxına nəzarət edən) atasının əlillik dərəcəsi olub. Belə ki, Fərman kişi kötüyə ilişmiş kotana güc verərkən sağlamlığına xətər yetirib. Elə bu səbəbdən o, Böyük Vətən mühaibəsi illərində (1941-45) ön cəbhəyə cəlb olunmayıb. Qeyd edək ki, 90 ilə yaxın ömür sürmüş Fərman kişinin 8 övladı -7 oğul, 1 qızı (Absalat, Əmirsultan, Mafizət, Şıxsalam, Feyzulla, Əvəz, Bayaz, Elman) olub.

Fərman kişinin ikinci həyat yoldaşı olmuş Zəmanə xanım isə “Hacı parağı”nın nümayəndəsidir. Belə ki, onun atası  İbadulla kişi Hacı Əbdürrəhim kişinin oğlu Molla İslamın qardaşlarından biri olub. Müşkürdən bəy nəslindən olan Ağaxanımla ailə quran İbadulla kişinin 4 (2 oğul – Şahbaba və Məmmədşah – Teymurşahın atası, 2 qız – Zəmanə xanım və Sayaxanım xanım -Tacəddin müəllimin həyat yoldaşı) övladı olub.

Əmirsultan Novruzov
Əmirsultan Novruzov

Əmirsultan kişinin kəndimiz barədə dediklərindən

Kəndimizin dünəni ilə bağlı bir neçə sualımızı cavablandıran 84 yaşlı Əmirsultan Novruzov dedi ki, bizim kəndimiz qədim kəndlərdən biridir: “Bunu tarixçilər də deyirlər, tədqiqatçılar da, üstəlik, mənim bir zamanlar həmsöhbət olduğum kəndimizin yaşlı adamları da… Mən isə sadəcə yaddaşıma istinadən kəndimizlə bağlı bəzi faktlardan söz açmaq istəyirəm. Bəri başdan deyim ki, hazırda kənd xəstəxanasının yerləşdiyi ərazi o zamanlar Elçibəyin babası Nəzir kişiyə məxsus olub. Orada xəstəxana müharibədən sonra inşa olunub. İlk baş həkim kimi də bizim xəstəxanada əslən Lənkəran zonasından olan Şəfiyev soyadlı şəxs fəaliyyət göstərib. Sovet dönəmində kəndin mərkəzində yerləşən klubun ərazisi isə Ağasi bəyə (O, məktəbdə təsərrüfat işlərinə baxan Cəlil kişinin arvadının nəslindəndir) məxsus olub. SELPO (“сельское потребительское общество” – kənd istehlak cəmiyyəti) isə Əlisultan bəyin evində fəaliyyət göstərib. Bir zamanlar məscidin qarşısında, Şabangilin, Nəsirgilin evlərinin yaxınlığında bir ikimərtəbəli bina da vardı. Hansı ki, onu  ötən əsrin 60-cı illərinin ortalarında sökdülər. Mənim eşitdiyimə görə, o bina İbrahim adlı bir kənd sakininə və Mülküm bəyə məxsus olub.

Quru çayın o biri tərəfində “Dəyirman bağı” (sonradan həmin ərazidə ferma inşa olunub) var idi ki, orada çəltik üyüdürdülər. Onu da deyim ki, bizim kənddə noxud, darı (yumru toxumları olan taxıl bitkisi)  yetişdirilsə də çəltik yetişdirilməyib. Çəltik Müşkür ərazində yetişdirilib, üyütmək üçün kəndimizə gətirilərdi. Yeri gəlmişkən, həmin dəyirman Əmiraslanın oğlu Bağış bəyin ərasində yerləşdiyindən ona “Bağışın dəyirmanı” da deyərdilər. Mənim atam Fərman kişinin həyətində də bir zamanlar, daha doğrusu, sovet dönəmində buğda üyütmək üçün dingi (qurğu) də olub”.

Əmirsultan kişiyə “Qaraxan yeri” adlı toponimlə əlaqədar sual da ünvanladım. Dedim ki, kimi bu toponimi “yovşanlı sahə” və “otlaq üçün az yararlı sahə” mənasını verən qaraqan sözündən düzəldiyini, kimi də həmin yerin relyefinin çox maili olduğundan qışda həmin ərazidə qar axını (yəni qar axan) olması ilə izah edir. Amma Əmirsultan kişi bu fikirləri cəfəngiyyat adlandırdı. Bildirdi ki, həmin ərazi Qaraxan adlı şəxsin adı ilə bağlıdır. 

Əmirsutlan kişi və anası Zəmanə xanım
Əmirsutlan kişi və anası Zəmanə xanım

 

Əmirsultan kişi və həyat yoldaşı Dilşad xanım
Əmirsultan kişi və həyat yoldaşı Dilşad xanım

 

Haşiyə

Yeri gəlmişkən qeyd edək ki, 1831-ci ildə kollec reqistatoru Xotyanovski tərəfindən tərtib edilmiş “Quba əyalətinin kameral təsviri”ndə Qaraxan adlı şəxsin də adı vardır.  Ümumiyyətlə, “Quba əyalətinin kameral təsviri”ndə kəndimizdə xanla başlayan və xanla qurtaran şəxs adları kifayət qədərdir. Məsələn, Xanmirzə, Xanəhməd, Xanməmməd,  Xanmurad, Qazıxan, Muradxan, Əlifxan, Qalibxan, Duraxan,  Bədirxan, Ərəbxan,  Sumxan, Orduxan, Əlixan, Gərəyxan, Dəmirxan, Xangəldi… Buradan belə qənaətə gəlmək olar ki, bu toponimlə bağlı Əmirsulta kişinin versiyası daha inandırıcıdır.

“Dəmirçi” barədə

Əmirsultan kişi “Dəmirçi” adlanan məkana da aydınlıq gətirdi. Bildirdi ki, Dəmirçi Xarmannar məhəlləsində, fermanın ərazisində (hazırda orada Oqtay müəlliminn evi var) yerləşirdi. Ora dəmirçixana kimi fəaliyyətini başa vurandan sonra bir müddət istismar olunmadı. Sonradan, daha doğrusu, ötən əsrin 60-cı illərinin sonlarında sovxoz oradan emal sexi kimi istifadə etməyə başladı. Başqa kənddən gəlmiş Mərgəli (soyadı Məlikov – Q. M.) adlı şəxs orada pendir hazırlayardı.

Əmirsultan kişi, həmçinin vurğuladı ki,  kəndimizə ilk dəfə texnika ötən əsrin 50-ci illərinin əvvəllərində gətirilib.  Kombaynların  kəndimizə gəlişi 1962-ci, otbiçənlərin isə gəlişi  1964-cü illərə təsadüf edir.

Eldar Novruzov
Eldar Novruzov

 

“Mehdi kimi olacağam”

Əmirsultan kişinin 6 övladı (4 qız, 2 oğlan) olub. Oğlanlarından biri – Eldar Novruzov Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə işitirak edib və 1994-cü ilin yanvarın 25-də Tərtər istiqamətində gedən ağır döyüşdə şəhid olub. Eldar şəhid düşdükdən sonra onun cənazəsını tapmaq mümkün olmayıb. Deyilənlərə görə, vurulan tankın içində yanıb kül olub.

Əmirsultan kişi 2018-ci ildə oğlunun şəhid olması barədə dövrü mətbuata, daha doğrusu, “Azərbaycan” qəzetinə verdiyi açıqlamasında belə demişdir: “Oğlum Eldar Novruzov 1975-ci ildə doğulmuşdu. O, hələ uşaqlıqdan öz qüruru ilə seçilirdi. Alpan kənd orta məktəbində təhsil aldığı illərdə hamı onu rəssam kimi tanıyırdı. Özü isə “Uzaq sahillərdə” filminə baxdıqca – mən də Mehdi kimi olacam – deyərdi. Hətta bəzi məktəb tədbirlərində qəhrəmanların rolunu oynamaqdan həzz alardı.

Orta məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə verdi. Amma lazımi bal toplaya bilmədi. Əsgərlik yaşı çatanda hərbi xidmətə yola saldıq. Kənddə toy-bayram etdik. Döyüşdüyü cəbhədən həmişə xoş sorağı gələrdi. Bir dəfə xəbər aldıq ki, yaralanıb. Sonra məlum oldu ki, bu, bir başqasıdır. Xəbəri özü biləndə gülərək demişdi ki, vətən yolunda cəsurdan güllə də qaçır. Amma 24 il əvvəl Eldar canı qədər sevdiyi vətən yolunda şəhidlik zirvəsinə yüksəldi”.

Amma Eldarın bacısı oğlu  kapitan Zəkiyev Röyal Zəki oğlu 44 günlük Vətən Müharibəsində düşməndən dayısının intiqamını almağı bacarıb. O bu kimi qəhrəmanlıqları ilə əlaqədar “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” görə” medalları ilə təltif olunub.

Buna rəğmən, Əmirsultan kişi artıq 27 ildir ki, bir məzarı belə olmayan oğlu Eldar üçün xısın-xısın ağlayır. O, belə çətin anlarda 19 yaşlı oğlundan yadigar qalmış 3 fotoya baxmaqla, bir də balasının şəhid olduğu gündə kəndimizin şəhidlərinin məzarlarını ziyarət etməklə özünü ovundurur.  Dediyinə görə, bir ata üçün balasının məzarına həsrət qalmağın nə qədər ağır olduğunu sözlə ifadə etmək qeyri-mümkündür.

Qvami Məhəbbətoğlu (Rəsulov)