Şəhid anasının gileyi

302

Belə bir deyim var: şəhid qanı axmayan torpaqdan vətən olmaz.

Onlar düşmən  qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid oldular. Bəli, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də mingəçevirli Ülvi Qulamlı Şahin oğludur.

Bu günlərdə şəhidin anası İradə xanımla həmsöhbət olduq. Ana Ülvi haqqında qürurla danışaraq hər min bir çətinliklə iki oğul böyütmüşdüm dedi: ”Həyat yoldaşımı tez itirdim. Yoldaşım fotoqraf idi. Şəhərdə onu  fotoqraf Şahin kimi tanıyırdılar. O, rəhmətə gedəndən sonra iki oğlumla qaldım. Şükürlər olsun, onları boya-başa çatdırdım. Dedim,  Ülvi, Yaşasın kimi oğullarım var, hamıdan varlıyam… Onlar böyük-kiçik yeri bilən gözəl xasiyyətə malik, sakit təbiətli uşaqlar idi. Ülviyə tanışlar, qonşular arasında olan münasibət məni elə qürurlandırıdı ki…

Onu da deyim ki, Ülvi 1994-cü ildə anadan olmuşdu. Əsgərlik xidmətini başa vurduqdan sonra şəhərimizdəki avtovağzalda işə düzəldi. Əməkhaqqı az olduğuna görə bir müddətdən sonra oradan ayrılıb MAXE (müddətdən artıq həqiqi hərbi xidmət) kimi orduya yazıldı.2 il idi ki, 157 saylı hərbi hissədə qulluq edirdi. Müharibə başlayanda səfərbərliklə ikinci oğlumu da müharibəyə apardılar. Çox narahat olurdum övladlarım üçün. Ülvi tez-tez zəng edirdi. Deyirdi, mama, irəlidəyəm, narahat olma. Çox ürəkli danışırdı. Hərdən özüm-özümə deyirdim ki, sakit təbiətli Ülvi nə yaman şir ürəkli olub. Mən də ürəklənirdim ki, oğlum belə ürəklidir.

 

Özü namaz əhli olub. Həmişə ibadətlə də məşğul olurdu. Çalışırdı ki, gənc  ömrü ilə ailənin bütün qayğılarını öz üzərinə çəksin. Oğlum həm də vətən sevdalısı idi. Həmişə deyərdi ki, bircə torpaqlarımızın azad olunduğu günü görə biləydik. 26 yaşlı gənc nə yaşamışdı ki?! Amma o, namusumuzu, izzətimizi, şərəf və heysiyyətimizi qorumaq üçün canından belə keçməyə hazır idi. Hərdən mənə deyərdi ki, ana, evlənmək üçün qızı sən seçərsən, abırlı, ismətli olsun. Çox arzuları vardı Ülvimin. Onun da qismətinə şəhidlik yazıldı. Hər gün şəkillərinin qarşısında durub onunla söhbət edirəm. Heç oğlum Yaşasın da mənə təsəlli verə bilmir. Yaşasın da müharibədə idi. Ülvi şəhid olandan sonra onu ordudan təxris elədilər. Şəhid olmazdan bir neçə gün əvvəl Ülvi evə gəlmişdi. Çox kədərli idi. Deyirdi, bütün yoldaşlarım şəhid olub yaşamağa utanıram. Amma yenə də bizə ürək dirək verib getdi. Orta məktəbi də yaxşı oxuyurdu. Mingəçevir 13 saylı məktəbin məzunu olub”.

Qeyd edək ki, Ülvi “Vətən uğrunda”medalı ilə təltif olunub. Amma şəhid anası bir narahatlıq bildirdi ki, oğlu Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub, amma ona buna görə ad verilməyib.

Şəhid anası bir az inciklik olduğunu da dilə gətirdi. Deyir ki, mənim dağ boyda oğlum şəhid olub hər şey ona qurbandı: “Mənim problemlərimlə maraqlanmağa  “YAŞAT” Fondundan və Bakıdan sosial qurumdan gələnlər oldular. Problemlərimlə maraqlandılar. Amma hələ ki, heç bir problemimi həll edən olmayıb”.

Esmira Hidayətova, Mingəçevir