Şəhid anası: ”Sizin bu gəlişiniz məni çox duyğulandırdı”

143

Bu gün Mingəçevir məktəblərində sadəcə gənc nəslin müasir biliklərə yiyələnmələri ilə kifayətlənmirlər. Belə ki, cəmiyyətimizin gələcəkdə layiqli üzvləri ola bilmələri üçün şagirdlərin eyni zamanda həm savadlı, həm də milli-vətənpərvər ruhda formalaşmış gənc vətəndaşlar kimi yetişmələri vacibdir. Məhz bu baxımdan da şəhər məktəblərində şagirdlərə  vətənə sevgi, dövlətə sədaqət prinsiplərinin gənc nəslə aşılanması məqsədilə mütəmadi olaraq görüş və tədbirlər keçirilir. Belə tədbirlərdən biri də  bu gün I Qarabağ müharibəsinin şəhidi İlqar Əlipənah oğlu Kişiyevin adını daşıdığı 17 saylı tam orta məktəbdə keçirilib. (Qeyd edək ki, bu məktəbin 3 məzunu şəhid olub).

Tədirdə məktəbin 5 və 7-ci sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə məktəbin direktoru Ceyhun Atayev və məktəbin müəllim kollektivi, şəhidin doğmaları  iştirak ediblər. Tədbirdən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin vətənpərvər ruhda hazırladıqları şeirlər, mahnılar ifa olunub, şəhidin keçdiyi döyüş yolundan bəhs edilib, onun  yetişməkdə olan gənc nəslə nümunə olduğu vurğulanıb.

Məktəbin direktoru Ceyhun Atayev məktəblilərə bildirib ki, bu kimi tədbirləri keçirməkdə məqsədimiz  şəhidlərimizi anmaq, onları tanıtmaq və eyni zamanda məktəbimizin adını daşıyan şəhidimizi daim qəlbimizdə yaşatmaqdır və Qarabağ döyüşlərində iştirak edən və həlak olan Mingəçevirli oğullarının keçdikləri döyüş yolundan bəhs etməkdir: ”İnanıram ki,   bu kimi görüşlər  siz gənc və yeniyetmələrdə əzmkarlıq və mübarizlik kimi keyfiyyətlərin möhkəmlənməsinə xidmət edəcəkdir”.

 

Məktəbin şagird və müəllim kollektivi əvvəlcə şəhidlər xiyabanını ziyarət edib, daha sonra şəhidin anasını evində ziyarət ediblər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəsmiyyə Bəxşəliyeva bildirib ki, ananın səhhətində yaranan problemə görə o, tədbirimizdə iştirak edə bilməyib. Ona görə şagird və müəllim kollektivi ananı evində ziyarət edib, şagirdlər hazırladıqları kompozisiya ilə öz çıxışlarını nümayiş etdiriblər. Onların bu çıxışları Suğra ananı kövrəltsə də, o deyib: ”Sizin bu gəlişiniz məni çox duyğulandırdı, oğlumun məktəb illəri bir anlıq gözümün önündən keçdi”. Suğra ana bütün məktəbin  kollektivinə  və şagirdlərə minnətdarlıq bildirib.

Qeyd edək ki, şəhid İ.Kişiyev 1975 ci il yanvar ayının 12 də Mingəçevirdə anadan olub. O,adı çəkilən məktəbdə təhsilini başa vurduqdan sonra sürücülük peşəsinə yiyələnib. 1993-cü il aprelin 28-də  hərbi xidmətə çağrılıb. Müxtəlif döyüş bölgələrində iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdir. 1993 cü il dekabırın 30-da 18 yaşında qəhrəmancasına şəhid olmuşdur. “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Esmira Hidayətova, Mingəçevir