“Şəhid anası olduğum üçün qürur hissi keçirirəm”

656
Bəli, ötən əsrin sonlarında millətimizin başına gələn fəlakətlər, üzləşdiyimiz ağrı-acılar, şəhidlik, qaçqınlıq, köçkünlük, Qarabağ dərdi millətimizə öz təsirini göstərdi. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlər haqqında bir yazı yazıb ərsəyə gətirmək, onları anmaq, xatirələrini yada salmaq özü də bir şərəfdir. Bəli, şəhidlər ölmürlər. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Şəhidlər xiyabanı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcumuzdur. Torpaqlarımızın bütövlüyü uğrunda mingəçevirli gənclər də öz qanlarından, canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu gün Mingəçevirin Şəhidlər xiyabanında 323 şəhid uyuyur. Başda Prezidentimiz cənab İlham Əliyev olmaqla xalqımızın hər bir nümayəndəsi şəhidləri ehtiramla anır, onların valideynləri ilə görüşür, daima onların yanında olduqlarını bildirir və dəstək olur. Vətən həmişə igid oğulları ilə tanınır. Onlar öz əməlləri, öz qəhrəmanlıqları ilə müqəddəs şəhid adını qazanaraq hər zaman yaddaşlarda qaldılar. Belə şəhidlərimizdən biri də ermənilərlə son nəfəsinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan Mingəçevir şəhər 14 saylı məktəbin məzunu olmuş Elçin Həsənovdur. Bu günlərdə şəhidin anası ilə görüşüb, onu ziyarət etdik. İki oğul dağı görmüş şəhid anası İranə xanım Həsənova Şəhid Anaları Cəmiyyətinin Mingəçevir bölməsinin sədri, Mingəçevir Bələdiyyəsinin hüquq məsələləri üzrə daimi komissiyasının sədri, YAP Mingəçevir şəhər təşkilatının idarə heyətinin üzvüdür.

Harda bir dərdli görsən,

Sən o yerdə sor məni.

Mən dərdi axtarmıram,

Dərd özü tapır məni.

Bu misralar Bəxtiyar Vahabzadəyə məxsusdur. İranə xanım Həsənova söhbətimizə bu misralarla başladı: “Mən həmişə fəxr edirdim ki, 3 oğul anasıyam, hətta Zeynəb xanım Xanlarova “dünyanın xoşbəxti mənəm dünyada” mahnısını oxuyanda deyirdim ki, yox Zeynəb xanım, mən də xoşbəxtəm. Ziyalı ailəsində dünyaya göz açmışam. Böyük ailəmiz olub. Ailə həyatı qurduqdan sonra Allah mənə 3 oğul övladı bəxş etdi. Bir ana kimi oğlanlarımla fəxr etmişəm. Amma mənim xoşbəxtliyim 1994-cü ilə qədər çəkdi. Sonbeşiyim Elçin könüllü olaraq cəbhəyə yollanandan sonra bir ana kimi çox narahat günlər keçirirdim. Çünki heç onun yaşı da düşmürdü ki, döyüş bölgəsinə getsin. İdmançı idi, Mingəçevirdəki 14 saylı məktəbin məzunu olub. Ulu öndər həmişə deyirdi ki, mən ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm. Oğlum da mənə deyirdi ki, ay ana, bəs biz vətənimiz üçün nə edirik, vətənimizi niyə qorumayaq? Elə bil dilim-ağzım bağlandı, dedim, “ay bala, sən hələ axı orta məktəbin axırıncı imtahanını verməmisən”. Beləliklə, getdi cəbhəyə, saxlaya bilmədik. Bir il Ağdam, Füzuli rayonlarının döyüş bölgələrində vuruşdu. Yanvarın 8-də doğum günü idi, əlaqə saxlayıb ad gününü təbrik etdim”. Əhvali-ruhiyyəsi çox yüksək idi. Həmin dövrdə torpaqlarımızın bir xeyli hissəsi işğaldan azad edilirdi. Mənimlə danışanda dedi ki, ana, hər şey yaxşı gedir, ermənilərin dərsini verək, ondan sonra gələndə ad günümü qeyd edərik.

Amma oğlum bundan 2 gün sonra, 1994-cü il yanvar ayının 10-da Füzulinin Qaraxanbəyli kəndində qəhrəmancasına şəhid oldu. İki gün sonra oğlumun tabutunu gətirdilər”…

Bir ilin faciəsi

– Yanvar ayı gələndə bütün dərdlərim təzələnir. Mən çox pis xəstələndim, özümü ələ ala bilmirdim. Elçinin danışıqlarını, zarafatlarını unuda bilmirdim. Tez-tez xiyabana gedib, oğlumun məzarı üstündə ağlayırdım. Hətta axşamlar da evə gəlmək istəmirdim. Məni incidən ən çox o idi ki, Elçin şəhid olmamışdan xeyli əvvəllər böyük oğlanlarıma deyirdim ki, “sizi evləndirək, bu evə gəlin lazımdır, mənə də kömək olar. Oğlanlarım Fikrət və Azər deyirdilər ki, hələ tezdir, amma Elçin tez-tələsik cavab verirdi ki, ay ana, bəs məni nə vaxt evləndirəcəksən? Sonradan eşitdim ki, istədiyi qız var imiş. O qız Elçinin dəfninə də gəlib. Bu yaxınlarda maraqlandım, dedilər ki, o qız bir də 35 yaşında ailə həyatı qurub. Hərdən o qızla əlaqə saxlayırdıq, dərdləşirdik. Elçinin ölümü ortancıl oğlum Azəri də çox sarsıtmışdı, çox fikir edirdi. Tərslikdən mən də ağır xəstə olduğum üçün onunla məşğul ola bilmirdim. Həmin ilin iyun ayının 7-də böyük bir faciə ilə sarsıldıq – Azər dünyasını dəyişdi. Onun bəy otağı bəzəkli qaldı. Azərin vəfatı həyat yoldaşımı sarsıtdı, elə hey dərdli-dərdli gəzirdi. Çalışırdım ona təsəlli olam, fikrini dağıdam, stresdən çıxaram, amma Azərin ili tamam olmamış, yoldaşımı da itirdik. O vaxtdan Zeynəb Xanlarovanın “dünyanın xoşbəxti mənəm dünyada” mahnısına qulaq asa bilmirəm. Bu qədər dərdə dözmək çox çətin idi. İndi bircə oğlum Fikrət çalışır ki, bu ağrı-acıları mənə unutdursun. Onun yoldaşı, gəlinim Aynur mənə qızdan da artıq qulluq edir, onların sayəsində mən ayaqda qaldım. Oğlum Fikrətin 4 övladı var – iki qız, iki oğlan. Qızının adına mənim adımı, oğlanlarına isə qardaşlarının adını qoyub. Təsəllimi onlardan alıram. Balaca Elçin əmisinin eynisidir…

“Şəhid ailələrini yaşadan mənəvi dəstəkdir”

– Dövlətimiz tərəfindən şəhid ailələrinə çox böyük dəstək göstərilir. Şəhid analarını yaşadan onlara göstərilən mənəvi dəstəkdir. Mingəçevirə təyin olunan İcra Hakimiyyəti başçıları həmişə biz şəhid ailələrini diqqət mərkəzində saxlayıblar. Şəhərimizin rəhbəri, hörmətli Niyazi Bayramov da həmişə mənə dəstək olub. Amma mən bir məqamı vurğulamaq istəyirəm – bu o demək deyil ki, bu gün sən şəhid ailəsisən, şəhid anasısan səsini ucaltmalısan, şəhidin adından istifadə etməlisən. Biz analar oğulu vətən üçün dünyaya gətiririk. Bu gün də Prezidentimiz qərar versə, bircə oğlum və nəvələrim bu qərara hazırdırlar. Torpaq, vətən olmayandan sonra biz nə üçün yaşayırıq? Mən şəhid analarına səslənirəm, səbirli olsunlar, bu bizim taleyimizdir yaşayırıq. Əgər övladımız şəhid olmamışdan öncə təkcə bizim övladımız idisə, şəhid olandan sonra bütöv bir xalqın övladı oldu. Azərbaycan ordusu istənilən vaxtda öz torpaqlarını azad edə bilər. Ümidvarıq ki, güclənməkdə olan ordumuzla işğal olunmuş torpaqlarımız azad olunacaq və şəhidlərimizin ruhu şad olacaq.

 

Esmira Hidayətova, Mingəçevir