Şəhid anası: ”Oğlumun qoxusunu onun əsgər papağından alıram”

Şəhid anası: ”Oğlumun qoxusunu onun əsgər papağından alıram”.

28 yaşlı şəhid Əli Nəsib oğlu Rzayev Mingəçevir şəhərində anadan olub. Anasının yeganə övladı olan Əli doğma şəhərində  orta məktəbi bitirib,   2010-cu ildə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Naxçıvanda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. 2012-ci ildə xidmətini başa vurduqdan sonra evinə qayıdan Əli ailəsini dolandırmaq məqsədi ilə bir çox işlərlə məşğul olmağa başlayır.  Torpaqlarımızı azad görmək arzusu olsa da, gənc əsgər əvvəlcə bir çox yerlərdə işləyir və bir müddətdən sonra  2020-ci il avqust ayının 17-də könüllü olaraq kiçik çavuş rütbəsində müddətdən artıq (MAXE) hərbi xidmətə yola düşür.

Anası Kamilə Rzayevanın sözlərinə görə, Əli 3 yaşında olanda atası rəhmətə gedib. Ana min bir əziyyətlə 3-4 yerdə işləyərək Əlini böyüdüb. Evin tək övladı olub. Buna baxmayaraq Əli könüllü olaraq vətənin müdafiəsinə qalxıb.  2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ müharibəsinə Əli də digər yoldaşları kimi  döyüşə qatılır və sözün əsl mənasında qəhrəmanlıqla vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirərək düşmənin  xeyli sayda canlı qüvvəsini məhv edir. Dəfələrlə öz həyatını təhlükəyə ataraq düşmən nəzarətində olan yaralı hərbiçilərimizi çıxarmaqla onların həyatını xilas etmiş, şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni əsirgəməmişdir.

Kamilə ana deyir ki, Əli sentyabrın 26-sı 4 saatlıq icazə alıb gəldi evə. Qohumlarla görüşdü. Gedəndə də əsgər papağını mənə verib dedi ki, ana mənim iyimi bundan alarsan, bəlkə qayıtmadım. İndi mənə tək təsəlli onun bu papağıdır. Yatanda yanıma qoyuram: “Onsuz çox darıxıram.  Hər gün onu qoxlayıram. Ətrini alıram. Gecələr özüm-özümlə danışıram. Gərək belə etməyəydim, elə etməyəydim, bəlkə belə olmazdı deyə. Arzularım çox idi.  Evləndirdim ki, özü tək olub, oğlu, qızı olsun. Bir balası oldu… Hərdən bacıma deyirəm ki, nə yaxşı ki, Mingəçevirdə “Nur” dəstək qrupu və Gənclər evinin gəncləri var. Məni yada salan onlardır. Hər bayram gəlirlər yanıma… Onlara öz təşəkkürümü bildirirəm.  Heç bir televiziya, nə mətbuat məni yada salmadı. Mən də oğlum haqqında onun necə bir oğul olmasından danışmaq istəyirəm. Mən “Yaşat“ fonduna müraciət etmişəm. Xəstəliyim barədə mənə dəstək olacaqlarına söz veriblər. 59 yaşındayam xəstə olduğuma görə iş qüvvəmi itirmişəm. Prezidentin ayırdığı təqaüdlə dolanıram”.

 

Qeyd edək ki, oktyabr ayının 6-da Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə qəhrəman əsgər Əli Rzayev qəhrəmancasına şəhid olur. Şəhidin nəşi neytral zonada qaldığından bir neçə gün çıxarmaq mümkün olmayıb. Həmin ayın 10-u nəşi doğulduğu Mingəçevir şəhərinə gətirilir və 11-i  Şəhidlər xiyabanında torpağa tapşırılır. Şəhidin Hüseyn adlı bir oğlu  var.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Mingəçevir şəhərində anadan olan kiçik çavuş Əli Nəsib oğlu Rzayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir