Şəhid anası Nuridə xanım: “Məni də çox kövrəltdiniz”

526

Mingəçevir şəhər şəhid Vaqif Ağakişiyev adına 12 saylı tam orta məktəbdə 2 b sinif şagirdlərinin işirakı ilə şəhidin anım günü qeyd edilib. Şagirdlər əvvəlcə şəhidin büstü önünə tər çiçəklər düzüblər və burada şeirlər söyləyib, mahnılar ifa ediblər.

Tədbirin ikinci hissəsi məktəbin akt zalında davam etdirilib. Tədbirə qatılan şəhidin ailə üzvüləri, döyüş yoldaşları, Əfqanstan müharibəsi iştirakçılar,  məktəbin müəllim kollektivi şagirdərin hazırladıqları ədəbi-bədii kompozisiyanı  maraqla izləyiblər. Belə ki, məktəblilərin şəhidin həyat yolu ilə əlaqədar böyük həvəslə təqdim etdikləri səhnəciklər, eləcə də hazırladıqları videoçarx hər kəsi ovsunlaya bilib.

Bu, tədbirdə iştirak edən şəhidin anası Nuridə xanımın diqqətindən yayınmayıb. Tədbirin sonunda: “Siz burada iştirak edən hər kəsi, o cümlədən məni də çox kövrəltdiniz”, – deyib. O, həmçinin bildirib: ”Mən bir şəhid anası kimi fəxr edirəm ki, oğlum Vaqif vətən uğrunda şəhid olub. Onun cəbhədə göstərdiyi igidlik  gənc nəsil üçün  bir örnəkdir. Mən hər birinizə minnətdarlığımı bildirirəm”.

Nuridə xanım tədbirin təşkilatçısı, məktəbin 2b sinifinin sinif müəlliməsi Məlahət xanım Abdullayevanın da ünvanına xoş sözlər deyib: “Mənim oğlum da bu məktəbin şagirdi olub. Bu məktəb onun adını daşıyır. Amma 27 ildən sonra ilk dəfədir ki, bu cür tədbirlə oğlumun anım günü qeyd edilir”.

Esmira Hidayətova, Mingəçevir