Şəhid anası: “Mayın 14-də nişanı olacaqdı”

549

Esmira Hidayətova
Aprelin 1-dən 2-nə keçən gecə işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir neçə gün ərzində Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, qəhrəman ordumuzun düşməni 22 ildən bəri tutduğu bəzi strateji mövqelərdən çıxararaq geri oturtması xalqımızda böyük qürur hissi doğurub. Bu şərəfli günlərdə xalqımız sıx birləşərək, qələbə əzmində olduğunu bir daha nümayiş etdirdi. Qarabağımızın işğaldan azad edilməsi uğrunda canından keçənlər arasında mingəçevirli qəhrəman oğullar da var. Bu günlərdə onların ailələri ilə görüşüb dərdlərinə şərik olduq. Əvvəlcə, Şəhidlər xiyabanında şəhidlərimizin qəbrini ziyarət edib, ruhlarına dualar oxuduq. Daha sonra şəhid Teymur Qasımovun 7 mərasimində iştirak etdik.
T. Qasımovun anası Gülnarə xanım oğlunun 23 yaşında Şəhid olduğunu dedi: “Ürəyində çox arzuları var idi. Sevdiyi qızla nişanlanacaqdı”.
“Mən bir ana kimi fəxr edirəm ki…”
Teymur Qasımov internat məktəbindən məzun olub, idmançı idi. Anasının dediyinə görə, 2013-cü ildən gizir rütbəsində Azərbaycan ordusunda xidmət edirmiş: “Dostları, yaxınları onun yoxluğuna inana bilmirlər. Gül balamın may ayının 14-də nişan məclisi olacaqdı. Bəy kostyumunu da almışdı. Nişandan sonra evlənməyi düşünürdü. Hər dəfə zəng edəndə deyirdi ki, ay ana, qoy bir az da keçsin. Axır vaxtlar nişan mərasiminə hazırlaşırdıq. Özü də bu günə həvəslə hazırlaşırdı. Lakin Tərtər istiqamətində – Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Mən bir ana kimi fəxr edirəm ki, Vətən üçün qeyrətli, igid oğul böyütmüşəm, təki Vətən sağ olsun”. Qeyd edək ki, igid döyüşçü aprelin 9-da Mingəçevirdəki Şəhidlər xiyabanında dəfn edilib.
Digər şəhid, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən əsgəri, 1993-cü il təvəllüdlü Adil Kamran oğlu Adilzadə aprelin 11-də torpağa tapşırılıb. O da Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mingəçevirlilər axın-axın Şəhidlər xiyabanına üz tutur, şəhidlərin qəbrini ziyarət edir, ruhlarına dualar oxuyurlar.
“Özü yox, tabutu gəldi qardaşımızın”
Aprelin 14-də şəhid olmuş kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu da Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib. Rüstəm 1983-cü ildə anadan olub. İki oğul atası idi. Rüstəmin bacıları, anası ilə görüşüb dərdlərinə şərik olduq. Şəhidin bacıları Əfsanə və Sona tək qardaşları olan Rüstəm üçün göz yaşları tökürdülər. Onlar qardaşlarının yoxluğuna inana bilmirdilər. Bacısı Əfsanə: “Cəbhədə baş verənlərdən hamı kimi, bizim də xəbərimiz var idi. Hər gün anamdan soruşurdum ki, Rüstəm zəng edib? Anam deyirdi ki, bir necə gün öncə zəng edib, vəziyyətləri yaxşıdır. Elə deyirmiş ki, ay ana, özündən muğayat ol. Anam da ona deyirmiş ki, ay bala, biz yaxşıyıq, təki sən yaxşı ol. Ondan sonra dostuna zəng edib, qohumlara zəng edib, sanki hamısı ilə halallaşırmış, vəsiyyət edirmiş. Bir də qardaşım, oğlanları Fərda və Nurlandan nigaran olduğunu deyib. Onlar üçün çox darıxırmış, vəziyyət sakitləşəndən sonra gəlib hamınızı görəcəyəm deyirmiş. Amma özü yox, tabutu gəldi qardaşımızın. Allah mənfur erməniləri zəlil qoysun, aman-zaman bir qardaşımız var idi, onu bizdən aldı. Biz bu dərdə necə dözəcəyik? Biz gəncik, bəs ana-atamız bu dərdi necə daşıyacaqlar. Allah onlara da səbir versin”.
Şəhid doğmalarının qəlbində yaşayan ağrı-acı hər bir azərbaycanlının ürəyində yaşayır, hər birimizi kövrəldir. Onlar bizim hər birimizin əzizimiz, doğmamız sayılır. Əgər bu günədək onlar yalnız bir ailənin övladı idilərsə, indi bütöv bir xalqın övladlarıdır…