Şəhid anası: “Hər 8 Martda oğlumun yolunu gözləyirəm”

605

Şəhid anası Nabat Əliyeva 26 ildir ki, hər 8 Mart günü oğlunun yolunu gözləyir. N. Əliyevanın 5 övladı olub. Onlardan biri Xəzər 21 yaşında Qarabağ uğrunda gedən döyüşlərdə, Ağdərənin Marzılı kəndində 1993-cü ilin mart ayının 6-da şəhid olub. Ana söyləyir ki, oğlum Qarabağa gedəndə evdə mənə bildirməyib: “Mən biləndə artıq gec idi, o,  vuruşurdu. Ölümündən bir neçə gün əvvəl evə gəldi. Heç vaxt o günü unuda bilmirəm. Plov dəmləmişdim. Az oturmamışdı ki, geri çağırdılar, qayıtdı. Ayaq üstü mənə dedi ki, ana, 8 martda gəlib səni təbrik edəcəm, bişirdiyin aşdan da doyunca  yeyəcəm. Amma oğlumu tabutda  gətirdilər. Hər il mən o günü Şəhidlər xiyabanında keçirirəm. Bilirəm ki, Xəzərim orda məni gözləyir. Mən bununla təsəlli  tapıram. Oğlumun istədiyi qız da vardı. Elçisini də eləmişdim. Lakin xain ermənilər oğlumu məndən aldılar. Xəzər yaxşı musiqiçi olub. Qarmon müəllimi idi. Döyüşə gedəndə qarmonunu da aparmışdı. Döyüş yoldaşlarına hərdən musiqi çalırdı.  Onun qarmonunun səsi hələ də qulaqlarımda cingildəyir. İndi o qarmonu nəvəm Xəzər çalır. Nəvəmə baxanda dərdimi az da olsa unuduram”.

12 nəvə, 4 nəticəsi olan Nabat xanım deyir ki, hər bir övladın öz yeri var. Yenə göz yaşları içində  xatirələrə daldı: ”71 yaşım var. Evdə övladlarıma demişəm ki, mən olmayanda da Xəzərimi unutmayın. Ana üçün bundan böyük  dərd ola bilməz. Ancaq Xəzər Vətən üçün canından keçib. Bir ana kimi fəxr edirəm ki, belə bir oğulun anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin! O gün olsun ki, onların qanı tökülən torpaqlarımız azad olsun”. Esmira Hidayətova, Mingəçevir