Şəhid anası: ”Bu Qələbədə mənim şəhid balamın da payı var”

458

 

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələnlərdən biri də mingəçevirli Cəfərli Ruslan Nəcəf oğludur.

Şəhidin anası Tahirə xanım bizimlə söhbətində dedi ki, şəhidlər haqqında nə qədər çox yazılsa, danışılsa  yenə azdır: ”Qəzetlərə, televiziya kanallarına, sosial şəbəkələrə baxıram. Şəhidlər haqqında məlumatlar yer alıb. Elə bizim təsəllimiz də onlar haqqında hazırlanan verlişlər, yazılan yazılardır. Bir şəhid anası kimi şəhidlərimizin döyüş yolunu işıqlandıran jurnalistlərə təşəkkürümü bildirirəm”.

Az sonra o dedi: “44 günlük Vətən müharibəsində igidlərimiz cəsarət, qəhrəmanlıq göstərərək  tarixdə iz qoydular. 30 ilin həsrətinə  44 gündə son qoydular, xalqımıza qələbə, zəfər sevincini yaşatdılar. Bu gün hər kəs  torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarlıq edir, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyir. Sevinirəm k, bu Qələbədə  mənim şəhid balamın da payı var. Onu da deyim ki, mənim yeganə oğul övladım olan Ruslanım  mərd, həm də qayğıkeş bir bala idi. Könüllü getmişdi cəbhəyə. Özü də elə sevinə-sevinə… Ağdərə, Suqovuşan, Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib, düşmənə qan uddurub. O, oktyabrın 13-də şəhid olub”.

Tahirə xanım oğlunun əsgər yoldaşlarından aldığı məlumatlara istinadən bildirdi ki, boynundan qəlpə yarası alaraq şəhid olmuş oğlunun cəsədi bir müddət  döyüş meydanında qalıb:  “Noyabrın 21-də oğlumun cənazəsi evimizə gətirilib”. Bu dəhşətli mənzərəni ürək ağrısı ilə bizə çatdıran şəhidin anasının dediyinə görə, oğlu ilə sonuncu dəfə oktyabrın 7-də əlaqə saxlayıb: “Söhbət əsnasında oğlum erməni vəhşiləri tərəfindən Mingəçevirin  raket hücumlarına məruz qoyduğundan xəbərdar olduğunu  dedi. Mənə ürək-dirək verərək bildirdi ki, qorxmayın, o vəhşilərə elə divan tuturuq ki, artıq başlarını itiriblər. Sən demə, atası ilə danışanda  deyib ki, anama deyərsən ki, qızğın döyüşlər gedir, hər şey ola bilər, haqqını halal etsin. Atası da bu günlərdə onun dediklərini mənə söyləyib. Amma mənim də ürəyimə nəsə dammışdı, daha doğrusu, oğlumun zəng etməməyindən şübhələnmişdim”.

Tahirə xanım üçün danışmaq nə qədər çətin olsa da o, qəhərini boğaraq sözünə davam etdi: ”Oğlumun may ayında 25 yaşı tamam olmuşdu. Mənə deyirdi ki, mama, öz toy günümü sənin 50 illiyinə təyin edəcəyəm. Deyirdim, ay Ruslan, istədiyin qız varmı? Deyirdi ki,  istəyirəm ki, mənim üçün sən bəyənəsən. Amma deyəsən, oğlumun istəklisi olub. Bunu da öz məntiqimlə deyirəm. Belə ki, mən hər dəfə Şəhidlər xiyabanına gedəndə onun məzarının üstündə bir dənə qızılgül görürəm. Zənnimcə, belə bir addım atan şəxs yalnız onun istəklisi ola bilər”.

Şəhidin atası  Nəcəf Cəfərov isə söhbətə bu sözlərlə başladı: “Özü hərbi komissarlığa  könülü gedib yazılmışdı. Bizə də deməmişdi. Ancaq yola düşəndə bildik. Mane olmaq istəsək də, bizi dinləmədi. Dostu zəng edib dedi ki, məni gözlə, gəlim səninlə görüşüm. Lakin  oğlum heç dostunu da gözləmədi. Şəhid olmağa tələsirdi sanki… Döyüşlərin ən ağır vaxtlarında zəng edib məndən və anasından halallıq istədi idi. Amma mən anasına bu barədə heç nə demədim”.

Nəcəf kişi qamətini düzəldib söhbətini davam etdi: “Müharibə qurbansız, itkisiz olmur. Oğullar vətən üçün böyüyürlər. Fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ərazilərimizi erməni vəhşilərdən təmizləyib, xalqımıza qələbə sevincini yaşatması isə mənim ən böyük təsəllimdir”.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Ruslan Cəfərli  ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir