“ Şəhərin görnüşünə xələl gətirənlər də var”

0
412

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü şəhərin Ş.İ.Xətai 3a, 1 ünvanının sakinləri ilə olub. 

Sakinləri salamlayan şəhər rəhbəri ölkəmizdə həyata keçirilən islahatlardan danışaraq iqtisadi cəhətdən güclənən Azərbaycanın önəmli tədbirlərə, forumlara, idman yarışlarına ev sahibliyi etdiyini qeyd edib. Bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması vətəndaşların firavan yaşaması üçün zəmin yaradıb. Ölkəmizin hər yerində həyata keçirilən abadlıq-quruculuq işləri insanların istəkləri əsasında baş tutur. Başçı, həmçinin qeyd edib ki, Mingəçevirdə 27 binanın bloku təmir olunub, hündürmərtəbəli binaların liftləri də dəyişdirilməkdədir: “Belə ki, artıq 8 lift dəyişdirilib, 8 lift də gətirilib. Mingəçevirdə binaların istilik sistemi ilə bağlı “Azəristilik”lə danışıqlar aparılıb”. Başçı şəhərdə iki qazanxananın tikiləcəyini də vurğulayıb.

Başçı daha sonra bildirib ki,  artıq yaşıllıqların suvarılması üçün şəhərin köhnə suvarma sistemi ilə bağlı  “Azərsu” ASC ilə danışıqlar aparılıb: “Demək olar ki, bu problem də öz həllini tapıb.  Bu istiqamət işlərimiz davam etdirilir. Şübhəsiz, bu mərhələli şəkildə aparılacaq”.

   Çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıq edərək onları narahat edən problemlərdən danışıblar. Bildiriblər ki, yaradılan gözəlliyə xələl gətirən sakinlər də var. Parklarda yaradılan gözəl mənzərəli yerlərə istirahətə gələn sakinlər zir-zibil tökərək gözəlliyə xələl gətirirlər. Məişət tullantılarını yerlərdə qoyulan zibil quularına yox, birbaşa yerə atıb gedirlər. Binalarda istilik sisteminin olmaması, yaşıllıqların suvarılması üçün su xətlərinin bərpa edilməməsi,  kanalizasiya xətlərinin nasazlığı, blokların padvallarının natəmizliyi və dezinfeksiya işlərinin aparılmaması  da diqqət mərkəzinə çəkilib.

  Şəhər rəhbəri İlham İsmayılov qaldırılan problemlərlə bağlı müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verərək sakinləri əmin edib ki, sizlərin sosial-rifah halının yaxşılaşması naminə  bundan sonra yeni-yeni layihələr həyata keçiriləcək, qaldırılan problemlərin qısa müddətdə həllinə nail olunacaq.

Esmira Hidayətova, Mingəçevir