“Səbri tükənən xalqımız işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir”

0
382

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır.

Zakir Həsənov: “Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir”.

“Keçən ilin avqustundan indiyədək ötən müddətdə düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. İndi də qorxu və vahimə içindədir. Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir”. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayarkən deyib. Nazir beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarların, haqq və ədalətin Azərbaycanın tərəfində olduğunu vurğulayıb: “Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç kimin şübhəsi olmamalıdır”.

Düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdıraraq bildirib: “Dövlət başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi, komandir heyəti tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşlər keçirir. Əsas məqsədimiz əsgər və zabitlərimizin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri çatdırmaqdır. Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu tək biz deyil, artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here