Səbinə Quliyeva: “Problemlərin olması təbiidir”

0
809

Yeni tədris ilindən (2016-2017-ci tədris ilindən) orta məktəblərdə 5 yaşlı uşaqlar üçün dövlət hesabına hazırlıq qurupları açılıb. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu hazırlıq qrupları ilə bağlı əhali bir o qədər də məlumatlı deyil. Hərdən də bu məsələdən söz düşəndə: “Bu məktəbəqədər müəssisələr məktəbə hazırlıq qruplarına təsir edəcəkmi?” kimi suallar ortaya çıxır. Bu və ya digər suallarla Mingəçevir Təhsil Şöbəsinin metodisti Səbinə Quliyevaya müraciət etdik.
– Səbinə xanım, bu ildən orta məktəblərdə 5 yaşlı uşaqlar üçün dövlət hesabına hazırlıq qrupları açılıb. Amma bu valideynlər arasında heç də birmənalı qarşılanmayıb. Hətta belə bir söz-söhbət gəzir ki, guya bu, məcburi xarakter daşıyır. Hətta hazırlığa getməyən uşaqların məktəbə qəbul olunmayacağı kimi fikirlər səsləndirilir. Bəziləri də bağçanın məktəbəhazırlıq qrupunda olan övladlarını məktəbdəki hazırlığa yazdırmağı qərara alıblar. Səbinə xanım, deyin görüm, məktəbəqədər hazırlıq məcburi, yoxsa könüllüdür?
– Bu məsələy Təhsil Nazirliyindən aydınlıq gətirilib və bildirilib ki, bu tamamilə könüllüdür. Yəni valideyin övladını bağçada da saxlaya bilər, məktəbdəki hazırlığa da yazdıra bilər. Yeri gəlmişkən, bütün bunlar Azərbaycan Respublikası Nazirlər Kabineti “Uşaqların məktəbəhazırlığının təşkili haqqında” 13 iyul 2016-cı il tarixli, 271 nömrəli və “Ümumtəhsi məktəblərinin Nümunəvi Nizamnaməsində” dəyişikliklərin edilməsi barəsində 13 iyul 2016-cı il tarixli, 272 nömrəli qərarlarda öz əksini tapıb. Təhsil naziri Mikayıl Cabbarov da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli, 271 və 272 nömrəli qərarlarının icrası barədə əmrlər imzalayıb. Əmrlərə əsasən, məktəbə hazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulur.
– Elə isə, şəhərimizin orta məktəblərində bununla bağlı hansı işlər görülüb?
– Şəhərimizin 21 orta ümumtəhsil məktəbində 5 yaşlı uşaqlar üçün 43 qrupun açılması (650 nəfər) nəzərdə tutulub. Bu qruplarda işləmək üçün 46 gənc, həm də perspektivli müəllim cəlb olunub. Müəllimlərin bu sahədə peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə qısamüddətli kurslar da təşkil olunub.
– Bəs valideynlər arasında hansı maarifləndirmə tədbirləri həyata keçirilib?
– Valideynlərin, həmçinin müəllimləri maraq və təlabatlarını nəzərə almaq üçün sorğu vərəqələri hazırlanıb. Onlarla maarifləndirici görüşlər təşkil olunub. Yeri gəlmişkən, bu məsələdə yerli mətbuat orqanlarından da istifadə etməyə çalışmışıq.
– Qarşılaşdığınız problemlər varmı və görüləcək işlər hansılardır?
– Həyata keçiriləcək işlər yeni olduğu üçün problemlərin olması təbiidir. Bilirsinizmi, beşyaşlıların təhsilə maraqlarını artırmaq üçün məktəblərin məşğələ ləvazimatları, əyani vəsait və didaktik materiallarla təchiz olunması olduqca vacibdir. Məktəblərimiz isə demək olar ki, belə ləvazimatlara tamamilə malik deyil. Yeri gəlmişkən bir fikri vurğulamaq istərdim. Amerika yazıçısı Alvin Toffler deyir ki, “21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir”. Bu mənada biz təhsil şöbəsi olaraq bu sahədə bir neçə məsələni prioritet məsələ kimi qarşıya məqsəd qoymuşuq.
1. Müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi, özünütəhsil kimi işlərə nəzarətin gücləndirilməsi və zəruri metodik xidmətin göstərilməsi.
2. Xarici təcrübənin öyrənilməsi.
3. Müxtəlif metodik vasitələrin və dərs vəsaitlərinin hazırlanıb məktəblərə çatdırılmasının təmin edilməsi. 4. Məktəbəqədər tədris müəssisələri ilə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin təşkili və s.
Təhsilin əhəmiyyəti bir çox amillərlə bağlıdır. Məsələn, aydındır ki, uşaqlar həyata ilk addımlarını atanda oxunu, yazını və hesabı bilmirlər, yaşadıqları icmanın və toplumun əxlaq normaları və mədəni nailiyyətləri haqqında xəbərsiz olurlar. Peşəkar müəllimlərin səyləri və ailədəki təlim-tərbiyənin, həmçinin müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamağı, öz ətraf mühitini, əxlaq-davranış normalarını öyrənir. Buna görə də bu günün ən aktual məsələlərindən biri uşaqların məktəb təliminə hazırlığıdır. Reallıq ondan ibarətdir ki, uşaqlar məktəb təliminə başlayarkən problemlərlə üzləşməli olurlar. Bu problemlr onların həmyaşıdları və müəllimləri ilə ünsiyyətdə, birgə qrup fəaliyyətində lazımı təlim bacarıqlarının olmamasında özünü göstərir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
– Səbinə xanım, sizin sözlərinizdən belə başa düşdüm ki, insan həyata hazırlığı nə qədər erkən başlasa, bir o qədər yaxşıdır.
– Mən sizin bu fikrinizə amerikalı ictimai xadim və filosof Con Dyuinin sözləri ilə münasibət bildirmək istərdim. O deyir ki, təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür.
Esmira Hidayətova.