“Səbail” üçüncü dövrəyə 3 qolla başladı

Fevralın 2-də Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib. Günün ikinci qarşılaşmasında “Keşlə” “ASK Arena”da “Səbail” komandasını qəbul edib. Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. Ruslan Qurbanovun cinah ötürməsindən sonra Kevin Kubemba dəqiq baş zərbəsi ilə rəqibi meydanın mərkəzinə dəvət edib. Hər iki komandanın cəhdlərinə baxmayaraq, ilk 45 dəqiqənin sonuna qədər başqa qol vurulmayıb.

İkinci hissənin startından 8 dəqiqə sonra Elvin Yunuszadə “Səbail”in heyətində keçirdiyi ilk rəsmi oyunda fərqlənməyi bacarıb. Oyunun yekun hesabını müəyyənləşdirən qolu isə 58-ci dəqiqədə Ağabala Ramazanov vurub – 3:0. Beləliklə, “Səbail” cari mövsüm Topaz Premyer Liqasında “Keşlə” ilə keçirdiyi üçüncü oyunda da qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 24-ə yüksəldən komandamız turnir cədvəlində 3-cü pillədəki yerini bir qədər möhkəmlədib.

Xatırladaq ki, ilk matçda “Zirə” doğma meydanda “Sabah”a məğlub olub (0:2).

Turun digər qarşılaşmaları isə fevralın 3-də keçiriləcək. Günün ilk oyunu saat 14:00-da Qəbələ şəhər stadionunda başlayacaq. Meydan sahibləri “Sumqayıt” ilə qarşılaşacaq. Matçı Əliyar Ağayev idarə edəcək.

XV turun sonuncu və mərkəzi qarşılaşmasında isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Saat 18:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rəvan Həmzəzadəyə tapşırılıb. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.