“Səbəbi bilmədən ağrıkəsici qəbul etmək daxildəki xəstəliyin daha da ağırlaşmasına səbəb olur”

667

Bir çox sağalmaz xəstəliklərin səbəbi bəzən seçdiyimiz həkimlər olur.

Ümumi problemimiz budur ki, çoxları hansı xəstəliklə bağlı kimə müraciət edəcəyini bilmir. Səhv qoyulan diaqnoz, yanlış ünvanlarda axtarılan çarələr, ağrıkəsicilərlə “susdurulan” baş ağrıları, davamlı qəbul edilən dərmanlar bəzən insan ömrünün sonu ola bilər. Bu və bu kimi bir çox suallarımıza cavab almaq üçün neyrocərrah dr. Əliosman Qədimbəyli ilə söhbətləşdik. Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirən Ə. Qədimbəyli təhsilini Türkiyənin Ege Universitetində davam etdirib.

– Baş ağrısı hansı xəstəliyin xəbərçisidir?

– Hazırda xəstələrimiz arasında baş ağrısından şikayət edənlərin sayı kifayət qədərdir. Qeyd edim ki, baş ağrısı özü ayrılıqda bir xəstəlik deyil, simptomdur. Bu problem birincili və ikincili qrup baş ağrıları olaraq, iki yerə ayrılır. Başda olan miqren, stress sonrası ağrılar beyində hər hansı ciddi bir xəstəliyin olmadığını göstərir. Ikincili qrup baş ağrıları isə beyində olan şiş, beyin qanamaları sonrası, beyindaxili təzyiqin artmasından sonra müşahidə olunur. Lakin insanlarda ən çox rast gəlinən baş ağrıları isə gərginlikdən əmələ gələn ağrılardır. Bunlar stress sonrası yaranan ağrılardır. Səbəbi beyində olan serotonin adlanan hormonun azalmasıdır. Bunun əlamətləri isə başda sıxılma hissinin olması, yuxu pozuntusu və boyun arxasında ağrıların artması ilə müşahidə olunur.

– İnsanlar çox vaxt baş ağrısına adi bir xəstəlik kimi baxırlar və bu zaman ağrıkəsicilərlə onu aradan qaldırmağa çalışırlar. Halbuki qeyd etdiyiniz kimi, baş ağrısı bir çox hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər.

– İlk növbədə vurğulayım ki, ağrı olduğu zaman həkim məsləhəti olmadan ağrıkəsici istifadə etmək tövsiyə olunmur. Bu halda tez-tez ağrıkəsici qəbul edən xəstə ondan asılı hala düşür və sonrakı mərhələdə isə artıq ağrıkəsici dərmanlar da kömək olmur. Çünki səbəbi bilmədən ağrını götürmək altda yatan xəstəliyi daha da artırır. Məsələn, bir şiş xəstəliyi ağrı verirsə, xəstə ilkin 3 və ya 6 ay müddətində ağrıkəsicidən istifadə edir. Bu, ağrını azaltsa da, şişi böyüdür. Ikinci çatışmayan cəhəti isə ondan ibarətdir ki, ağrıkəsicilər mədə qastriti yarada bilir. Digər ciddi problem isə xəstələrdə bu tabletlərə alışqanlıq yaranır. Yəni vaxt keçdikcə xəstə heç bir ağrıkəsici həblərin faydasını görmür. Belə olduqda isə dozanı artırmaq məcburiyyətində qalır ki, bu da əlavə təsirlərin artmasına yol açır. Hətta xəstə orqanizmi elə bir səviyyəyə çatdırır ki, həkim belə onu bu vasitədən ayırmaqda çətinlik çəkir.

– Bəs insanlar hansı halda həkimə müraciət etməlidirlər?

– Əgər ay ərzində 3 dəfədən artıq baş ağrısı olarsa, bu zaman həkimə müraciət etmək lazımdır. Eyni zamanda, ürəkbulanma, qusma, görmə qabiliyyətində zəiflik və baş gicəllənmə kimi hallar varsa, bu halda xəstələrin həkimə müraciət etmələri vacibdir.

– Doğru həkim seçməyin vacibliyini vurğuladınız. Bizdə bir problem də hansı xəstəliklə bağlı hansı sahənin həkiminə müraciət edəcəyimizi bilməməklə bağlıdır. Baş ağrısından əziyyət çəkən xəstə terapevtin yanına gedir. Bəzi hallarda həkimlər xəstəni lazımi mütəxəssisə yönləndirmir, müalicəni özü tətbiq edir. Bu da mövcud xəstəliyin daha ciddi fəsadlarla nəticələnməsinə yol açır. Belə vəziyyətdə xəstə necə davranmalıdır və həkimin üzərinə hansı məsuliyyət düşür?

– İndi XXI əsrdir və hesab edirəm ki, hər bir xəstə hansı həkimə müraciət edəcəyini bilməlidir. Burada maarifləndirmənin rolu çox önəmlidir. Baş ağrısı olan xəstə, ilk növbədə, nevropatoloq və neyrocərraha müraciət edə bilər. Lakin bəzi hallarda xəstələr ailə həkiminə və ya tanıdıqları hər hansı terapevtə müraciət edirlər. Bu zaman həkim diaqnozun araşdırılmasında və xəstənin yönləndirilməsində kömək göstərməlidir. Məsələn, baş ağrısı verən səbəblərdən biri də qulaq, burun, boğaz patalogiyası (sinuzit) ola bilər. Bu zaman həkim xəstəni aidiyyəti sahəyə yönləndirməlidir. Təbii ki, bu da həkimin vicdanına qalmış bir məsələdir.

– Hazırda beyindaxili təzyiqlə doğulan körpələrə çox rast gəlinir. Bu xəstəlik tamamilə aradan qaldırıla bilirmi?

– İlk növbədə, onu deyim ki, beyindaxili təzyiq diaqnozu həddindən artıq çoxalıb. Hətta bəzən həkimlər bunu ifrat dərəcəyə çatdırırlar. Bizə gələn hər 10 uşaqdan 6-sı beyindaxili təzyiq diaqnozu ilə gəlir və bu xəstələr lazımsız dərmanlardan çox istifadə edirlər. Qeyd edim ki, kəllədaxili təzyiq beyin mayesinin artmasıdır. Əgər beyinin mayesi artırsa, bu özünü 3 simptomla büruzə verir. Baş ağrısı ilə yanaşı, ürəkbulanma, qusma və çəpgözlük kimi şikayətlər varsa, bu zaman beyindaxili təzyiqin olması ilə bağlı fikir yürütmək mümkündür. Lakin təəssüflər olsun ki, bəzi həkimlər hər baş ağrısı olan uşağa beyindaxili təzyiq diaqnozu qoyurlar və xəstə illərlə lazımsız yerə dərman qəbul etməli olur. Xəstədə ciddi dərəcədə beyindaxili təzyiq olarsa, bu, beyin şişi və ya beyin kistaları xəstəliyi ola bilər. Bu halda xəstəyə neyrocərrah istiqamət verməlidir. Sözügedən xəstəlik ciddi dərəcədədirsə, əməliyyat ilə, yüngül formadadırsa, dərman müalicəsi ilə aradan qaldırıla bilir. Əgər vaxtında müdaxilə olunmazsa, gələcəkdə əldə və ayaqlarda zəiflik, görmə qüsuru, nitq qüsuru və düşünmə sferasında problemlər yarada bilir.

– Oturaqlı işdə çalışan insanlar, adətən, baş, boyun və bel ağrılarında şikayət edirlər. Bu barədə nə kimi tövsiyələriniz var?

– Stol arxasında çalışan insanlarda oturuşun düzgün olmaması, kompüterlə arasında olan hündürlük və görmə məsafəsi önəmli rol oynayır. Ofis işində çalışan insanlarda ən çox rast gəlinən problem boyun osteoxondrozu nəticəsində baş ağrılarıdır. Boynu düzgün işlətmədikdə boyun fəqərələrində məsafə darlığı və sinir sıxılması olur ki, bu da boyun nahiyəsində qeyd etdiyim kimi, boyun osteoxondrozuna gətirib çıxarır. Nəticədə bu, xəstədə baş ağrılarının artmasına səbəb olur. Belə şəxslər hər 30 dəqiqədən bir işə ara verməli, boyun idmanı etməlidirlər. Əgər ağrı mütəmadi hal alarsa, bu zaman mütəxəssisə müraciət etmələri məsləhət görülür.

– Dövrümüzün ən sıx rast gəlinən xəstəliklərindən biri də revmatizm xəstəliyidir. Bu, genetik yaranan bir xəstəlikdir? Tamamilə sağalması mümkündürmü?

– Revmatizm genetik yaranan bir xəstəlik deyil. Xüsusi beta hemolitik streptokok adlanan mikroblar bu xəstəliyin yaranmasında rol oynayır. Daha çox uşaqlarda rast gəlinən revmatizm oynaqlarda və ürəkdə problemin yaranmasına gətirib çıxarır. Müasir dövrdə xüsusi dərmanların sayəsində bu xəstəlik tamamilə sağala bilir. Vaxtında müdaxilə edilərsə, xəstədə heç bir fəsad qoymadan bu xəstəliyi aradan qaldırmaq mümkündür.

– Əvvəllər uşaqları bələyirdilər və demək olar ki, Azərbaycanın hər bölgəsində, hər ailədə bu adət tətbiq olunurdu. Hətta bunun uşaqların onurğa sümüyünün düzgün formalaşmasına müsbət təsir etdiyini bildirən fikirlər mövcuddur. Bu nə dərəcədə doğrudur?

– Bu, tamamilə səhv bir fikirdir. Ümumiyyətlə, müasir tibdə uşağı bələmək qəbul olunmayan bir haldır. Əgər uşaqda doğuşdan gələn hər hansı onurğa problemi varsa, onu bələdiyimiz zaman heç də problem aradan qalxmır, əksinə, mövcud xəstəliyi daha da artırır. Bələmək həm də uşağın psixologiyasında, onun inkişafında fəsadlara səbəb ola bilər.

– Son dövrlərdə bir çox xəstəliklərin cavanlaşması müşahidə olunur. Bəs sizin sahənizdə ən sıx rast gəlinən xəstəlik hansıdır?

– Bizə onurğa sütunu xəstəlikləri ilə bağlı müraciət edənlər daha çoxdur. Bunların da arasında ən çox bel yırtığı (fəqərə arası disk yırtığı) üstünlük təşkil edir. Bel yırtığı nəticəsində bel ağrıları, ayaq ağrıları müşahidə olunur. Bunun yaranma səbəbi oturaq həyat tərzinin olması, düzgün qidalanmamaq, ekoloji mühit və idmanla məşğul olmamaqdır. Ona görə də orta məktəb şagirdlərində, universitet tələbələrində belə bu xəstəliyə rast gəlinir. Bu səbəbdən cavanlaşan xəstəliklər arasında bel yırtığının da adını çəkə bilərik.

– Bildiyiniz kimi, müalicə üçün İrana müraciət etmə halları çoxdur. Oradan müsbət nəticələrlə gələnlər də olur və ya xəstəliyi daha ağır hal alıb geri qayıdanlar da. Siz bu vəziyyəti necə dəyərləndirirsiniz?

– Qeyd edim ki, bu hala 3 il əvvəl daha çox rast gəlinirdi. Amma sevindirici haldır ki, son vaxtlar insanlarda bu tendensiya azalmağa başlayıb. Buna səbəb xaricdə təhsil alan çox sayda gənc kadrın geri qayıtmasıdır. Eyni zamanda artıq dövlət xəstəxanalarının və özəl klinikaların müasir avadanlıqlarla təchiz olunması xəstəliklərin vaxtında aşkar olunmasına və düzgün diaqnozun qoyulmasına şərait yaradır. Bu da insanlarda öz həkimlərimizə inam yaradır. İrana gedən xəstələrin çoxunun isə nəşi geri qayıtdı. Bu da ondan irəli gəlir ki, çox vaxt xarici ölkələrdə bizim xəstələrə praktik vəsait kimi baxırlar. Bir növ onun üzərində təcrübə üçün əməliyyatlar edirlər. Bu cür halların yaşanmaması üçün vətəndaşlara xaricə getməyi məsləhət görmürük. Ölkəmizdə kifayət qədər savadlı və təcrübəli həkimlər mövcuddur. Sadəcə, insanlar doğru həkimi axtarıb tapmalıdırlar. Digər bir önəmli nüans ondan ibarətdir ki, xəstə maddi problem və ya qəflətən səhhətinin pisləşməsi səbəbilə lazımi vaxtda xaricə gedə bilmir. Xəstəliyin izlənilməsi üçün xəstə daim nəzarətdə olmalıdır.

– Məktəbdə düzgün oturmamaq və çantanın ağır olması uşaqda onurğa prblemi yarada bilir. Valideynlər və müəllimlər burada nəyə diqqət etməlidirlər?

– Müəllimlər uşağın düzgün oturmasına diqqət etməlidirlər. Eyni zamanda məktəb çantasının hər iki çiynə keçirilərək daşınması vacibdir. Əgər çanta çox ağırdırsa, valideyn ona kömək etməlidir. Yataq sərt olmalı, həftədə iki dəfə uşağın üzgüçülüyə getməsi vacibdir və hər 4-6 ayda bir dəfə onurğa həkimi tərəfindən müayinə olunmalıdır. Qidalanmada isə süd və süd məhsullarına üstünlük vermək tövsiyə olunur.

– Son iqtisadi böhran sizin sahəyə də təsir edibmi? Əməliyyatların qiymətində artım varmı?

– Öz sahəmlə bağlı deyə bilərəm ki, əməliyyatların qiymətində heç bir artım yoxdur. Lakin xəstələrin sayında çox cüzi də olsa azalma var.

– Düzgün qidalanma və düzgün həyat tərzi ilə bağlı insanlara nə məsləhət görərdiniz?

– Düzgün qidalanma insan həyatında ən vacib məqamlardan biridir. Gün ərzində 1- 1,5 litrə qədər su içmək, süd və süd məhsulları, meyvə-tərəvəz, həftədə 2-3 dəfə balıq və toyuq əti qəbul etmək çox önəmlidir. Bununla yanaşı, düzgün oturuş qaydasına riayət etməli, yataq və yastıq ortapedik olmalı, mütəmadi olaraq idmanla məşğul olmaq və gün ərzində, heç olmasa, 1 saat açıq havada gəzmək lazımdır. Ən önəmlisi isə hər hansı bir ağrı varsa və bununla bağlı vaxtında, doğru həkimə müraciət etmək lazımdır.

XƏYALƏ SADIQOVA