Rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarət gücləndiriləcək

570

“Ölkədə dayanıqlı inkişafın təmin olunması üçün biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır”.

“Bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Prezidentin sözlərinə görə, bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. O qeyd edib ki, ilin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.

Azərbaycan prezidenti sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən dövlət başçısı xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyən prezident İlham Əliyev qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.

Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib. Prezident həmçinin “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görüldüyünü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini önə çəkib. Birinci Avropa Oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlarını verib, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə edib.

“Prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır”

Prezident büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməli olduğunu vurğulayıb. O qeyd edib ki, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır. Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Dövlət başçısı bildirib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.

“Dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır”

Prezident ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görülüdüyünü qeyd edib: “Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görülür, bu sahə gələn il də prioritet olacaq, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcək”.

Prezident təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, ağır itkilər verdiyini bildirib.

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, – deyən dövlət başçısı Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır: “Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir”.

Dövlət başçısı xunta rejimindən bundan artığını gözləməyin mümkün olmadığını diqqətə çatdırıb: “Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz”.

Prezident İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan edib.