“Rüşvətsiz, “hörmət”siz yaşamaq cəmiyyətdə başqalarından fərqlənmək çox çətindir”

374

5 okbtyabr Beynəlxalq Müəllimlər Gününə bir neçə gün qalmış bəzi valideynlər mənə dedilər ki, uşağın müəlliməsinə 20 manat pul versək, yaxşı olar. Açığı, məsələnin mahiyyətini öyrənmədən çox əsəbiləşdim – elə bilirdim pulu müəllim özü istəyib. Sən demə, uşağın müəlliməsi valideynlərə “mən sizdən pul istəmirəm” deyibmiş. Onu da əlavə edibmiş ki, valideynlərin verəcəkləri 20-30 manata görə uzun illərdir çalışdığı işindən çıxarılmasını istəmir. Yeri gəlmişkən, Təhsil Nazirliyi də həmin ərəfədə məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılacağı təqdirdə, həm direktor, həm də müəllimlər barəsində sərt tədbirlərin görüləcəyini açıqlamışdı. Amma bütün bunlara baxmayaraq, valideynlər özləri könüllü şəkildə müəllim üçün pul yığdılar. Mən də elə özümüzünkülərin təzyiqlərinə dözməyərək, 20 manat verəsi oldum. Sonradan öyrəndim ki, müəlliməyə könüllü olaraq 30, 40, 50 manat verən valideynlər də olub. Onlar bununla fəxr edirdilər…
“Özümüzü borclu, əzilmiş kimi hiss edirik”
Yeri gəlmişkən, həmin ərəfədə “Yeni Musavat” qəzetində həmkarım Sevinc Telmanqızının bir yazısını oxudum. O da bu məsələdən şikayətlənirdi: “Hər pul yığımında əziyyət çəkmənizdən, hər şeyi zorla çatdırmanızdan, bir sözlə, diri-diri ölmənizdən şikayətlənirsiz. Amma unudursuz ki, bu prosesin birbaşa katalizatoru özünüzsüz. Yəni hamınız yox, böyük əksəriyyətiniz, bu işdə canfəşanlıq edənləriniz. Bəli, millət olaraq bizim içimizdə illər öncədən kök salan, qol-budaq atan və heç cür qurtula bilmədiyimiz qəribə əziklik var. Kim vəzifəsi, borcu olan bir işi layiqincə görürsə, dərhal əlimizi cibimizə atırıq. Adam bunu bizdən istədi-istəmədi, fərqi yoxdur. Canımıza sinmir, özümüzü borclu, əzilmiş kimi hiss edirik”.
Sevinc xanım yazısını bu fikirlərlə yekunlaşdırır: “Bəli, heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əgər bu gün ölkənin bəzi sektorlarında rüşvətxorluq varsa, ayaq tutub yeriyirsə, hətta yüyürürsə, bunun bir səbəbkarı da elə özümüzük. “Pulsuz pendir siçan tələsində olur” məsəlini yeri gəldi-gəlmədi, hər yerdə istifadə etdiyimiz üçündür ki, hətta halal haqqımız olan xidmətləri, hüquqları da görəndə qurcuxuruq”.
Bəli, bu düşüncə tərzi, bu problem təkcə bir sahəyə aid olan məsələ deyil. Məsələn, dövlət xəstəxanasında şahidi oldum ki, bəzi insanlar ciddi-cəhdlə həkimə “hörmət” etmək istəyirlər. Halbuki həkim özü “mənə pul verin” demirdi. İnsafən, “hörmət”siz də xəstənin yaxşılaşması üçün canfəşanlıq edirdi. Yəni bir çox hallarda bizdən pul istənilməyəndə belə, bir çox insanlar özləri vermək istəyirlər, əllərini ciblərinə atırlar, “hörmət” eləməyəndə sanki sıxılırlar. Bəs bu düşüncənin səbəbi nədir? Bu düşüncə nədən qaynaqlanır? Halbuki biz adətən cəmiyyət olaraq rüşvətin eleyhinə çıxırıq, etirazımızı bildiririk…
“Dolanan və dolandıran adamlar üçün münbit şərait yaranıb”
Azərbaycanın əməkdar mədəniyyət işçisi, veteran jurnalist Məzahir Süleymanzadənin “Yeni Avaz” qəzetinin mövzu ilə bağlı sualına cavabı belə oldu: “Səmimi deyirəm, ömrümdə nə bir manat rüşvət vermişəm, nə də bir manat rüşvət almışam. Stolumun üstündə hökümət telefonu olub, jurnalist kimi gəzmədiyim, görmədiyim yer, görüşmədiyim vəzifə sahibi qalmayıb. Amma heç vaxt, heç bir imtiyazdan istifadə etməmişəm. Atam da mənim kimi olub, anam da. Elə indi oğlum da mənim kimidir. Onu da yaxşı bilirəm ki, belə həyat tərzi, yəni rüşvətsiz, “hörmət”siz yaşamaq, cəmiyyətdə başqalarından fərqlənmək çox çətindir. İndi uşaq rüşvətlə doğulur, məktəbə rüşvətlə gedir, xəstəxanadan adi bir arayışı rüşvətlə alır. Bizi əhatə edən hansı sahəni götürürsünüz, götürün, rüşvətsiz keçinmək olmur. Belə vəziyyət mənim kimi adamlar üçün xüsusilə ağırdır. Mənə açıq deyirlər, vaxtında “tədbir” görsəydin indi cüzi pensiyanın ümidinə qalmazdın. İndi qanunlar işləmir, necə deyərlər, dolanan və dolandıran adamlar üçün münbit şərait yaranıb. Ədalət naminə, müsbət fakt kimi təkcə “Asan xidmət”i göstərmək olar. Qalan sahələrdə rüşvətsiz ötüşmək olmur. Bu vəziyyəti aradan qaldırmaq da çətindir. Bu, psixologiya və şüur məsələsidir. Yüksək vəzifəli məmurlardan tutmuş adi vətəndaşlaradək, hamımız bu qazanın içində qaynayırıq”…
“İndiki halda bu müəllimi aşağılamaq anlamına da gəlmir”
Mövzu ilə bağlı “Yeni Avaz” qəzetinə açıqlama verən sosioloq Cavid İmamoğlunun fikirlərini təqdim edirik:
– Müəllimlər Günü müəllimlərə hədiyyə verilməsi ənənəsi bizə sovetlərdən qalıb. Bu, daha çox müəllimin əməyinin qiymətləndirilməsi kimi nəzərdə tutulurdu. Ancaq son dövrlər nəinki müəllimlərə, dövlət müəssisələrində çalışan həkimlərə və başqa dövlət idarələrində çalışan insanlara da nələrinsə verilməsini istəyirlərsə, bunun təbii ki, səbəbləri var. Bunu konkret olaraq müəllimlərin timsalında götürək – uzun müddət bu insanların aylıq maaşları çox-çox aşağı olub. Bunu valideynlər də yaxşı başa düşürlər. Məsələn, əgər bir qrupda 20 şagird olmalıdırsa, bəzi məktəblərdə müəllim 40 nəfərə dərs demək məcburiyyətindədir. Yəni bunlar hamısı insani məsələlərdir. Belə deyək, nəticə etibarilə həmin müəllim indiki məqamda çalışır ki, Azərbaycan üçün nə isə eləsin. Ona görə də hansısa bayramlarda hədiyyə almaq, vermək – bunlar rüşvət anlamına gəlmir. İndiki halda bu müəllimi aşağılamaq anlamına da gəlmir…
“Əmək haqqı ilə mövcud əziyyəti üst-üstə düşmür”
– Əgər dövlət müəllimlərə nəzərdə tutulduğu qədər, yəni dünya təcrübəsinə əsasən, orta statistik müəllim maaşını verə bilsə, təbii ki, müəllimin əlavə olaraq valideynlər tərəfindən mükafatlandırılmasına ehtiyac qalmazdı. Simvolik bir mükafat alıb verərdilər. Məsələn, şagirdlər adından hansısa müəllimə onun maraq dairəsinə uyğun bir şəkil alınıb verilərdi, vəssalam. Ancaq indiki halda müəllimin qiymətləndirilməsi, insanlar tərəfindən mükafatlandırılması son dərəcə aktual məsələdir. Çünki müəllimin aldığı əmək haqqı onun gördüyü işi ödəmir. Yəni aylıq əmək haqqı ilə mövcud əziyyəti üst-üstə düşmür. Bu, dövlət idarələrinin əksəriyyətinə aiddir. Biz səhiyyə müəssisələrinə gedəndə çalışırıq ki, özümüz də həkimi mükafatlandıraq. Tibb işçisinin aylıq maaşı 120 manatdırsa, başa düşürük ki, bu məbləğlə bir insan dolana bilməz, ona görə də içimizdən gəlir. Ancaq bilsək ki, məsələn, tibb işçisi 1000 manat maaş alır, normal qazancı var və s. təbii ki, onda biz özümüz də onun əməyini qiymətləndirmərik.
“Düz bildiklərimizdən qrupun diktəsi ilə imtina edirik”
– Məsələnin ikinci tərəfi isə sosial təsirlə bağlıdır. Biz düz bildiklərimizdən qrup daxilində olarkən, o mühitdə, qrupun diktəsi ilə imtina edirik. İndiki halda bəzi insanlar həqiqətən də müəllimlərə hədiyyə vermək istəmirlər, amma digər valideynlərin təkidi ilə və yaxud ictimai qınaqla bundan imtina etməli olurlar. Bu cür davranışlar cəmiyyətimizdə birmənalı qarşılanmır. Müəllimin fədakarlığı ortadadır. Müəllim fədakarlıq eləyərsə, təbii ki, ona qarşı da fədakar valideyn mühiti formalaşar. Valideyn fədakarlığından söhbət gedərkən təkcə müəllimə bayram günü hədiyyə vermək başa düşülməməmlidir. Valideyn fədakarlığı özünü başqa sahələrdə də göstərməlidir. Xüsusilə, tədrisə münasibətdə, uşaqların məktəblərə hazırlıqlı göndərilməsində və s.
“Bu davranışı formalaşdıran səbəb…”
– İndiki halda, Azərbaycan reallığında biz xüsusilə, dövlət orqanlarında işləyən müəllim və həkimlərdən, mənzil istismar sahələrində çalışan şəxslərdən danışanda “şirinlik” və ya hədiyyə məsələlərində ehtiyatlı rəftar edirik. Çünki həqiqətən də onların aldığı məvaciblə gördükləri iş üst-üstə düşmür. Yəni məvacib onların gördükləri işdən qat-qat aşağıdır. Düşünürəm ki, bu kimi mövzular, bu məsələlər dövlət səviyyəsində tənzimlənəsi məsələlərdir. Onların maaşları, əməkhaqları yüksək səviyyədə olarsa, onlara olan münasibət də dəyişəcək – istər cəmiyyətdə, istər kollektivdə. Yəni bu davranışı formalaşdıran məhz mövcud təhsil sistemidir, təhsilə münasibətdir. Digər sahələrdə də həmçinin.
Nicat İntiqam