Rüstəm Musayev: “Poverliftinq olimpiya növü olsaydı, daha çox medal qazanardıq”

530

Bu yaxınlarda ABŞ-da keçirilən poverliftinq üzrə dünya çempionatında Azərbaycan millisi uğurla çıxış edib. Komandamız Amerikadan 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüb. Mundialı qızıl medalla tamamlayan idmançılarımızdan biri də Rüstəm Musayevdir. 75 kq çəki dərəcəsində mübarizə aparan 5 idmançıdan biri olan Musayev 3 hərəkətin cəmində 650 kq ağırlıq qaldıraraq, qızıl medala layiq görülüb. Vətənə döndükdən sonra “Çempion” qəzetinin redaksiyasına qonaq gələn 5 qat dünya çempionu Rüstəm Musayevdən müsahibə almamaq olmazdı.

– Əvvəlcə özünüz və bu peşəyə gəlməyiniz haqda məlumat verərdiniz…

– Mən 1994-cü ildən poverliftinq növü ilə məşğulam. Şamaxı şəhərində bu işə başlamışam. İnstituta daxil olandan sonra Bakıda bu idman növünü davam etdirdim. 1996-cı ildə respublika çempionu adına layiq görüldüm. 1997-ci ildə idman ustası oldum. Sonra isə beynəlxalq yarışlarda iştirak elədim. Son nailiyyətim isə Amerikada keçirilən dünya çempionatında çempionluqdur. Bununla da 5-ci dəfə dünya çempionu oldum. Dünya rekordçusuyam, beynəlxalq dərəcəli hakiməm.

– Ümumiyyətlə, bu idman növünə sizdə maraq necə oyandı?

– Uşaq vaxtlarından güləşlə məşğul olurdum. Rayonda trenajor zalı açıldı. Elə oradan maraq oyandı. Məşqçimiz Tərlan müəllim dedi ki, belə bir idman növü var, yarışlar keçirilir. İlk yarışda Azərbaycan rekordu qırdım. Buna baxmayaraq, 2-ci yeri tutdum. Ondan sonra maraq oyandı və bu idmanla məşğul oldum.

– Şamaxıda daha çox ağır atletika və güləşlə məşğul olurlar?

– Bəli, güləşə, ağır atletikaya üstünlük verirlər. Güləş Şamaxının bir nömrəli idman növü sayılır. Ağir atletika elədir ki, hər adam sonacan davam edə bilmir. İnsanda anadangəlmə bir şey olmalıdır ki, sona qədər bu idman növündə qala bilsin.

– Dünya çempionluqları hansı ölkələrdə və nə vaxt olub?

– İlk dəfə 2008-ci ildə İngiltərədə keçirilən dünya çempionatında qızıl medal qazandım. Zədələndiyimə görə, bir müddət idmandan uzaqlaşdırıldım. 2011-ci ildə yenidən qayıtdım. Rusiyada, Belçikada keçirilən dünya çempionatlarında da çempion olmuşam.

– Amerikada keçirilən son dünya çempionatına bizdən neçə idmançı getmişdi və millimiz hansı nəticəni göstərdi?

– ABŞ-da Azərbaycanı 9 nəfər təmsil elədi. Oradan 5 qızıl, 1 gümüş, 1 bürünc medalla döndük. Poverliftinq növü Amerika idmanı sayıldığına görə, rəqabət  çox güclü idi. Amerikadan ən güclü idmançılar yarışa qatılmışdılar. Buna baxmayaraq, biz 5 qızıl medal qazandıq. Onlardan birini də mən əldə etdim. Bir portuqal, bir də amerikalı güclü rəqibim var idi. Bununla belə, onlara qalib gəldim.

– Azərbaycanda bu idman növünə maraq nə dərəcədədir?

– Ağır atletika, poverliftinq bir az çətin idman növüdür. Hər  adam bu idmanı sona qədər davam etdirə bilmir. Amma Azərbaycanda maraq çoxdur. Hətta cənab prezidentimiz tərəfindən çox böyük qayğı göstərilir, idmançılarımız mükafatlandırılır.

– Perspektiv necədir, sizcə, gələcəyə ümid varmı?

– Əlbəttə var. 2017-ci ildə dünya çempionatı Bakıda keçiriləcək. Biz elə indidən hazırlıqlarımızı görürük ki, dünya çempionatı Azərbaycanda yüksək səviyyədə keçirilsin.

– 2015-ci ildə sizi hansı yarışlar gözləyir?

– Hər il Avropa və dünya çempionatı keçirilir. 2015-ci ildə Avropa çempionatı Latviyada, Riqa şəhərində keçiriləcək. Dünya çempionatı isə Portuqaliyada olacaq. Biz də bu yarışlara hazırlaşacağıq.

– Poverliftinq olimpiya növü sayılmır. Yəqin ki, bu sizi narahat edir…

– Bir az çətin məsələdir. Neçə ildir Poverliftinq Federasiyası çalışır ki, bu idman növü olimpiadaya salınsın. Əlbəttə, istərdim ki, poverliftinq olimpiya növü olsun, orada biz də dövlətimizin bayrağını ucaldaq.

– Heç düşünürsünüzmü olimpiadada elə idman növləri var ki, onlardansa poverliftinqin olması daha məqsədəuyğun olardı?

– Federasiyada bu barədə çox danışmışıq. Adını çəkmək istəmədiyim elə idman növləri var ki, onların yerinə poverliftinq olsaydı, daha maraqlı olardı. İdmançılarımız da bəzi idman növlərindənsə, poverliftinqdə yüksək nəticələr əldə edərdilər.

Ruslan Sadıqov