Rusiyaya pul göndərməyim

566
İşdə növbətçi idim, qəzetimizin növbəti sayının səhifələrini son dəfə yoxlayıb, çap üçün mətbəəyə göndərirdim. Telefonuma zəng gəldi, yerli nömrəyə oxşamırdı – rəqəmlər daha çox idi. Nömrənin əvvəlində +7 olmasından bildim ki, Rusiyadan zəng vurulub. Rusiya ilə Azərbaycan arasında saat fərqi olduğu üçün qohumlar, tanışlar çox vaxt gündüz zəng vururlar. Deməli, zəng vuran adam nə isə vacib bir iş üçün zəng vurur:
– Alo.

– Ay Nicat, qadan alım.

Səs tanış gəlmədi deyə bu dəfə də eyni sualı təkrarladım:

– Alo?

– Mənəm, …. Bağışla, səni gecənin bu vaxtı narahat edirəm. Rusiyadayam, qardaşıma sabaha təcili 200 manat pul lazımdır. Qardaşım Azərbaycandadır, saat 12-yə qədər pul çatmalıdır, ümidim sənədir, mənə “yox” demə. Kimə zəng vururam kömək eləmir.

Çaşıb qaldım, ilin-günün bu vaxtı…

Amma onun səsindəki narahatlığı görüb, ümidini qırmadım. Allah şahiddir ki, həmin an mənim o qədər pulum yox idi.

Zəng vuran adamın dediyi bir cümlə məni ürəkləndirdi: “Canım üçün, uzağı, həftənin 1-ci gününə qədər borcunu qaytaracam”.

Ona “belə başa düşürəm çıxılmaz vəziyyətdəsən, çalışaram kömək edim” dedim və sağollaşdım.

İnsanıq, hamımız çətin vəziyyətə düşə bilərik, kömək eləyim deyə düşündüm.

Özümdə pul yox idi, ağlıma bibim oğlu Yasin gəldi – Rusiyadan təzə gəlib, səmimi münasibətimiz var, mənə “yox” cavabı verməz.

Bibim oğluna zəng vurub vəziyyəti izah edəndən sonra dedi ki, “mən o adamı tanımıram, cavabdeh sənsən”. Razılaşdıq. Səhəri gün saat 10-da bibimoğlu zəng vurdu ki, “narahat olma, pulu  dediyin adama çatdırdım”.

Sevindim, ürəyim açıldı. Kim bilir, o adam nə çətin vəziyyətə düşmüşdü. Hər halda pul 12-yə qədər çatmalı imişsə, məsələ ciddi imiş. Sevinməklə yanaşı, içimdə bibim oğluna da təşəkkür etdim – yaxşılığa ortaq olmuşdu.

Doğrudan da, insan bir xeyirxah iş görəndə özünü çox gümrah hiss edir. Gün ərzində o yaxşılıq hissinin sevincinin təsirindən çıxa bilmir. Elə hey düşünür ki, imkan ola, həmişə əl tuta, yaxşılıq eləyə – ehtiyacı olan adama borc verə, imkansızlara dəstək ola…

***

Hə, belə əziz oxucular. Elə indicə bankdan gəlirəm. Rusiyaya 200 dollar göndərməyə getmişdim. Nə məsələdir?

Heç, gecə vaxtı mənə zəng vurub 200 manat istəyən adam var idi ha, 2 aydan çox vaxt keçib, hələ bir dəfə də olsun zəng vurmayıb.

Bibim oğlu “bir həftəyə qaytarılacaq” dediyim borcu iki ay gözləyəndən sonra dünən zəng vurub pulu istədi. Bibim oğlu artıq Rusiyadadır, məcbur banka gedib o pulu ona yolladım.

Mənə zəng vurub borc istəyən adamın nömrəsinə isə heç zəng də çatmır…

Belə. O, borcu qaytarmadığı üçün həm bibim oğlunun yanında pis vəziyyətə düşdüm, həm də maddi olaraq özüm çətin vəziyyətdəyəm…

Sual edə bilərsiniz ki, onda bu yazını niyə yazdım?

Buradan borc alan insanlara səslənirəm. İnsanıq, hamımızın pula ehtiyacı ola bilər – borc istəmək ayıb deyil. Əsas iş o borcu söz verdiyin vaxtda qaytarmaqdır. Lap tutaq ki, qaytara bilmirsən, onda borc aldığın adama zəng vurub, heç olmasa, dil-ağız elə.

 

Vallah, günümüzdə borc verməyə, maddi mənada əl tutmağa tərəddüd edənlərin sayının artmasında aldığı borcu vaxtında qaytarmayan insanların rolu kifayət qədərdir. Əgər mən bu gün birindən aldığım borcu vaxtında qaytarmıramsa, təkcə öz adıma səhv hərəkət eləmirəm, həm də başqa ehtiyacı olan adamların yolunu, şansını bağlayıram..

Nicat İntiqam