Rusiyanın Qafqazdan olan xarici işlər nazirləri

406

Nə qədər qəribə olsa da, ötən əsrin 90-cı illərindən başlayaraq Rusiyanın xarici siyasətinə rəhbərlik edənlərin uşaqlıq həyatları Qafqazla bağlı olub. Məsələn, 1996-1998-ci illərdə Rusiya Xarici işlər naziri vəzifəsində işləyən Yevgeni Primakov Kiyevdə anadan olsa da, uşaqlıq və gənclik illəri Tbilisidə keçib. Ötən əsrin 90-cı illərinin sonlarında Primakov şəxsi həyatı ilə bağlı memuarında belə yazıb: “Mən Tbilisidə böyümüşəm və bu şəhəri, Gürcüstanı çox sevirəm. Xəstəliyim mənə yenidən Tbilisiyə getməyə imkan vermir. Amma vəzifədən gedəndən sonra hökmənTbilisiyə gedəcəyəm”.

Tbilisi ermənisinin oğlu olan və 2004-cü ildən Rusiya Xarici işlər naziri vəzifəsini icra edən Sergey Lavrov da qafqazəsilli olduğunu gizlətmir. 2005-ci ildə Rusiya-Ermənistan Slavyan universitetində tələbələrlə görüşündə Lavrov erməni kökənli olmasının fəaliyyətinə kömək edib-etməməsi ilə bağlı suala belə cavab verib: “Mən gürcü kökənliyəm, amma atam Tbilisidəndir, damarlarımda isə həqiqətən də erməni qanı axır”.
Sergey Lavrovdan əvvəl Rusiya xarici işlər naziri vəzifəsini həyata keçirən İqor İvanov Moskvada anadan olsa da, 7 il Gürcüstanda yaşayıb. Onun anası Eliko Saqiraşvili Pankisi dərəsində yerləşən Axmet kəndindəndir. Bununla əlaqədar İqor İvanovun dayısı Levan yazır: “Ailədə 5 nəfər idik. Eliko 1909-cu ildə anadan olub, mən isə 1925-ci ildə. Eliko Moskvada İqorun atası Sergey ilə tanış olub və ona ərə gedib. Onların oğlu İqor və qızı Nina uşaqlıq illərini bizdə keçiriblər. Eliko mayor rütbəsində Moskvanın Sovet rayonu Dövlət Avtomobil Müfəttişliyinin rəisi işləyib”.
Eliko 1982-ci ildə vəfat edib. Amma Eliko və Sergey hələ illərlə əvvəl ayrılmışdılar. Bundan sonra İqorun atası Azərbaycanda yaşayıb və burada vəfat edib. Sergey İvanov uzun müddət Saatlı rayonunda yaşayıb. II Dünya müharibəsi illərində Azərbaycana gələn Sergey burada dəmiryolu infrastrukturunun bərpa edilməsində iştirak edib. Sergey İvanov həmin dövrdə Azərbaycanda ailə həyatı qurub. 1975-ci ildə o vəfat edib və Saatlıda da dəfn edilib. Sergey İvanovu yaxşı tanıyan Saatlı sakini Müzəffər Məmmədov yazır: “Mən eşitmişəm ki, onun başqa həyat yoldaşından oğlu olub və yüksək vəzifədə işləyir. Amma Sergey bu barədə heç kimə bir kəlmə də olsa demirdi. O şən və ürəyiaçıq insan idi. Qızım müharibə haqqında şeir oxuyanda Sergey göz yaşlarını saxlaya bilmirdi.”
Yerli sakinlərin dediklərinə görə, İoqr İvanov ötən əsrin 60-cı illərində Azərbaycana gələrək atası ilə görüşüb Atası vəfat edəndə İqor İspaniyada səfirlikdə işləyirdi: “Mən əvvəllər bura Azərbaycana gəlmədiyimə görə məni tənqid edənləri düzgün qarşılayıram. Mən buraya əvvəllər gəlməliydim. Amma başqa yerdə günah axtarmayacağam, təəssüflər olsun ki, bunu edə bilmədim.”
1999-cu ildə xarici işlər naziri vəzifəsində İqor İvanov Azərbaycana səfər etdi. Ancaq bunun dövlətlərarası əlaqələr səviyyəsində, yoxsa İqorun şəxsi təşəbbüsü nəticəsində baş tutduğu sir olaraq qalır.