Rusiyanın Orta Asiyada yeni qaz “oyun”u

533

Yeni ilin ilk günlərindən başlayaraq, Rusiya ilə Türkmənistan arasında iki ölkə arasındakı iqtisadi münasibətlərdə xoşagəlməz bir iz buraxan hadisə baş verib. Rusiyanın “Qazprom” şirkəti rəsmi şəkildə Türkmənistandan təbii qaz idxalından imtina etdiyini bəyan edib. Bununla bağlı mətbuata rəsmi açıqlama verən “Qazprom” şirkəti Türkmənistandan qaz idxalının dayandırılması barədə qəbul etdiyi qərarın beynəlxalq qaz bazarında hazırda mövcud olan qeyri-stabilliklə bağlı olduğunu bəyan edib. Əlbəttə, ilk baxışdan Rusiyanın ən iri qaz istehsalçılarından biri olan “Qazprom”un Türkmənistandan qaz alışını dayandırmasını adi qəbul etmək olar. Çünki hazırda dünya bazarında əmələ gələn vəziyyət Rusiyanı müvafiq addımlar atmağa məcbur edir. Lakin bu məsələnin hüquqi tərəfi də var. Tərəflər arasında Rusiyanın Türkmənistandan qaz alması ilə bağlı imzalanan anlaşmaya görə, “Qazprom” idxalı dayandıracağı təqdirdə, ən azı bir ay öncədən qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq etməli idi. Lakin “Qazprom”un türkmən qazının idxalını dayandırması barədəki qərarına Aşqabadın verdiyi reaksiyadan belə başa düşmək olar ki, “Qazprom” öncədən məsələ ilə bağlı Türkmənistanı xəbərdar etməyib. Bunu Türkmənistan dövlət “Türkmənqaz” şirkətinin Rusiyanın Türkmənistandan qaz ixracının dayandırılması ilə bağlı məsələni “Qazprom”la müzakirə etməyə hazır olduğunu bildirməsi də bir daha sübut edir.

Xatırladaq ki, Rusiya 2008-ci il dünya iqtisadi böhranına qədər türkmən qazının əsas alıcısı idi. Həmin vaxt Türkmənistan Rusiyaya ildə təxminən 50 milyard kubmetr təbii qaz ixrac edirdi.
Rusiya 2001-2008-ci illərdə Türkmənistandan qazın min kubmetrini 150-180 dollara alır, xaricə isə 290-310 dollara satırdı. Nəticədə Rusiya 7-8 il ərzində Türkmənistan qazının alqı-satqısından təxminən 20-25 milyard dollar gəlir əldə etdi. Əlbəttə, o dövrdə belə Rusiyanın Türkmənistanqan qaz alması yalnız iqtisadi məsələ deyil, həm də siyasi önəm daşıyırdı. Belə ki, 1995-2000-ci illərdə türkmən qazının “Nabukko” vasitəsilə Avropa bazarına çatdırılması və bu məqsədlə Xəzərin dibindən qaz kəmərinin inşa edilməsi nəzərdə tutulmuşdu. Rusiya buna yol verməmək üçün Xəzərin hüquqi statusunın müəyyən edilməməsi məsələsini gündəmə gətirdi. Eyni zamanda guya Xəzərin dibi ilə çəkiləcək qaz kəmərinin ekoloji fəlakətə səbəb olacağını iddia edən Rusiya bunun ardınca ildə 50 milyard kubmetr türkmən qazını almağa hazır olduğunu bəyan etdi. Bununla “bir güllə ilə iki dovşan vuran” Rusiya həm “Nabukko”nun reallaşmasına mane oldu, həm də ucuz türkmən qazını dünya bazarına çıxarmaqla bundan milyardlarla dollar gəlir əldə etdi. Məqsədinə nail olaraq Avropanı özündən qaz asılılığını daha da möhkəmləndirən Rusiya 2008-ci ildən başlayaraq, dünyada baş verən iqtisadi böhranı bəhanə edərək Türkmənistandan qaz alışını azaltmağa başladı. 2009-cu ilin aprel ayında türkmən qazını Rusiyaya nəql edən qaz kəmərində müəmmalı şəkildə partlayış baş verdi və nəticədə Aşqabad bundan milyardlarla dollar itirdi. Kəmərdə partlayış olandan sonra qaz təchizatı dayandırıldı. Təchizatın dayandırılmasına görə o vaxt Türkmənistan Rusiyanı günahlandırdı.
2009-ci ildən başlayaraq, Rusiya Türkmənistandan qaz alışını ildə 10 milyard kubmetrə qədər azaltdı. Sonrakı dövrlərdə də Rusiya Türkmənistandan aldığı qazın həcmini azaltmağa başladı. 2015-ci ildə Türkmənistandan Rusiyaya qaz ixracı 4 milyard kubmetrə qədər endirilib.

“Oyun” davam edir
Əlbəttə, Rusiyanın Türkmənistandan qaz alışını dayandırmasının arxasında müəyyən səbəblər dayanıb. Belə ki, son günlərdə Türkmənistan qazının Avropa bazarına nəqli məsələsi yenidən gündəmə gəlib. Bu isə Rusiyanı ciddi şəkildə narahat etməkdədir. İş orasındadır ki, Rusiya ilə Ukrayna arasında baş verən münaqişədən sonra Avropaya qaz ixracında problemlər yaranıb. ABŞ isə uzun müddətdən sonra Avropaya qaz idxalını bərpa edib. Bu isə Rusiyanın hasil etdiyi qazı bazara çıxara bilməməsi ilə nəticələnə bilər. Xatırladaq ki, ötən il Avropa Birliyinin energetika təhlükəsizliyinə cavabdeh yüksək səviyyəli məmurları bir neçə dəfə Türkmənistana səfər edərək, türkmən qazını Xəzərin dibindən çəkiləcək qaz kəməri vasitəsilə dünya bazarına nəqli barədə adıçəkilən ölkə rəhbərləri ilə müvafiq razılıq əldə ediblər. Bu müstəvidə də Rusiyaya ümid etməyən və qazını “Qazprom” monopoliyasına satan Türkmənistanın qaz ixracı barədə ambisiyalı planları var.
Bir müddət əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiya və Qazaxıstanı Xəzəryanı qaz kəmərinin tikintisi ilə əlaqədar üçtərəfli əməkdaşlığı yeniləməyə çağırıb. Rusiyaya qaz daşıyan kəmərdən başqa, hazırda Türkmənistanda Çin qaz kəməri tikilir. Digər 3 kəmər layihəsi isə hələ layihə mərhələsindədir. Bunlar Rusiyaya qaz daşıyacaq Xəzər kəməri, Avropanın layihəsi olan “Transxəzər” və türkmən qazını Pakistan və Hindistana nəql edəcək “Transəfqan” qaz kəməri layihələridir.
Belə olan halda, Rusiya istər-istəməz türkmən qazından imtina etməklə bölgədə yeni bir oyuna başlayıb. Belə başa düşmək olar ki, Rusiyanın türkmən qazından imtina etməsi iqtisadi məsələdən daha çox, siyasi oyuna bənzəyir. Bunu Rusiyanın türkmən qazının alışından imtina etməsinin arxasınca Özbəkistandan qaz almağa hazırlaşması da sübut edir.
Dünən “Qazprom”un rəhbəri Aleksey Miller bəyan edib ki, başçılıq etdiyi şirkət 2016-cı ildə Özbəkistandan alınan qazın həcmini bir neçə dəfə artırmaq niyyətindədir. Bununla bağlı TASS Agentliyinin yaydığı məlumata görə, Aleksey Miller deyib: “Biz Özbəkistandan aldığımız qazın həcminin artırılması ilə bağlı qarşı tərəflə razılığa gəlmişik. Özbəkistan qaz alqı-satqısı sahəsində bizim əsas tərəfdaşımızdır. Bu müstəvidə də, təbii ki, 2016-cı ildə Özbəkistandan qaz alışını artıracağıq”.
Onu da deyək ki, Rusiya mətbuatının məlumatına görə, “Qazprom” 2016-cı ildə Özbəkistandan qaz alışını 3,5-4 milyard kubmetr artıracaq.
Yeri gəlmişkən, onu da deyək ki, 2012-ci ildə “Qazprom”la Özbəkistan arasında ildə 7-8 milyard kubmetr qaz alışı barədə razılıq əldə edilib. Ümumiyyətlə, 2006-cı ildən başlayaraq, “Qazprom” Özbəkistanın qaz yataqlarının işlədilməsinə 400 milyon dollara yaxın sərmayə qoyub. Yəni Türkmənistandan qaz alışını dayandıran “Qazprom”un bunun ardınca Özbəkistandan qaz ixracını artırmasının arasında siyasi oyunların dayandığı nəzərə çarpır. Əgər, həqiqətən də, Rusiyanın Türkmənistandan qaz alışının dayandırması iqtisadi çətinliklərlə bağlı olsaydı, onda “Qazprom” Özbəkistandan qaz alışını artıracağı barədə açıqlama verməzdi. Beləliklə, son hadisələr Rusiyanın dövlət şirkəti olan “Qazprom”un Türkmənistandan qaz alışını dayandırması barədə qəbul etdiyi qərarın siyasi oyuna bənzədiyini ehtimal etməyə imkan verir. Bununla da Rusiyanın Türkmənistana münasibətdə nəyə isə nail ola bilib-bilməyəcəyini gələcək göstərəcək.

Əziz Mustafa