Rusiyanın imperiyanı bərpa etmə cəhdləri davam edir…

469

Son illərdə beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən moskvameyilli hesab edilən Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi Rusiyanın xeyrinə işləyən amillərdən birinə çevrilməkdədir. Hər halda Trampın prezident seçilməsinin Rusiya üçün düşərli olmasını göstərən bir neçə amil ortadadır. Belə ki, Trampın qələbəsinin Rusiyada bayram edildiyi bir vaxtda Moldovada keçirilən prezident seçkilərində moskvameyilli iqor Dodon qalib gəlib. Seçkilərin ikinci turunda qərbpərəsət Maya Sandununu üstələyərək səslərin 52,9 faizini toplayan Dodonun qələbəsi bununla da belə demək mümkünsə Rusiyanın əlinə Moldovanı yenidən öz təsir dairəsinə qaytarmaq üçün olduqca gözəl imkanlar verməkdədir. Dodon rəsmi şəkildə öz vəzifəsinin icrasına başlamasa da, artıq bəzi bəyənatlar verib. Dodon ilk növbədə bildirib ki, Krım de fakto Rusiyanın tərkib hissəsinə çevrilib və Qərbin bunu tanıyıb-tanımaması Moskva üçün hər hansı əhəmiyyət kəsb etmir. Eyni zamanda Dodon seçkiqabağı vədinə sadiq qalacağını və Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətini həyata keçirəcəyini və bu məsələdə tərəddüd etməyəcəyini söyləyib. Zənnimizcə Dodonun prezident seçilməsi Rusiyanın SSRİ-ni və ya daha dəqiq desək keçmiş Çar imperiyasını köhnə sərhədləri daxilində bərpa etmə iştahasının daha da

artmasına gətirib çıxaracaq. Buraya hazırda Rusiyanın əsas hədəfində olan Ukraynada Poroşenko rejiminə qarşı yeni etiraz dalğalarının körüklənməsi siyasətini də əlavə etsək, onda Rusiyanın addım-addım imperiyanı bərpa etmək siyasətini davam etdirməkdə olduğunun şahidi olmuş oluruq. Şübhəsiz ki, Dodonun prezident seçkilərində qalib gəlməsinin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı ehtimalı barədə qərbdə irəli sürülən çoxsaylı ehtimallar da əsassız deyil. Belə ki, Moldovada keçiriləcək prezident seçkilərinə hələ iki il bundan əvvəl hazırlaşan Rusiya xüsusi xidmət orqanlarının adıçəkilən ölkədə baş verən rüşvət və korrupsiya qalmaqallarını körükləməsi məhz Dodonun qələbəsinin təmin edilməsinə yönəlmişdi. Bu qalmaqalların körüklənməsi zamanı ortaya çıxan faktlar isə əhalidə şok effekti doğurdu. Məlum oldu ki, 2014-cü ildə Beynəlxalq Valyuta Fondu tərəfindən (BVF) ölkəyə ayrılan 1 milyard dollar hakimiyyətdə olan qərbmeyilli güclər tərəfindən müxtəlif yollarla mənimsənilib. Bu isə əhali arasında qərbmeyilli güclərə olan inamın azalmasına yol açaraq Dodonun qələbəsinin təmin edilməsində önəmli rol oynadı. Hazırda oxşar ssenari Poroşenko rejiminə münasibətdə də həyata keçirilir. Bu müstəvidə də Poroşenkonun İspaniyada 4 milyon dollarlıq villasının olması barədə məlumatlar son bir neçə ildə dəfələrlə gündəmə gəlmişdi. Ancaq bunu sübut edən faktlar ortaya qoyulmamışdı. İndi isə bu faktların doğru olduğunu göstərən sübutlar var. Halbuki son günlərə kimi Ukrayna prezidenti Petro Poroşenkonun, onun bir vaxtlar biznes tərəfdaşı olan, indi isə Poroşenko blokunun sədr müavini olan İqor Kononenkonun və Ukraynanın Milli Təhlükəsizlik Şurasının katib müavini Oleq Xladkovskinin İspaniya mülkləri gizli saxlanırdı. İndi isə məlum olur ki, onların hər birinin İspaniya sahillərində villasının, Kononenkonun isə bundan başqa bir torpaq sahəsinin də olması təsdiqini tapıb. Araşdırmalar zamanı məlum olub ki, Poroşenkonun “Feruvita S.L.” adı ilə qeyddiyyatdan keçmiş villası Estepona sahillərindədir. Poroşenko bu villanı 2008-ci ildə Ukrayna Milli Bankının Şurasının sədri olanda alıb. Maliyyə sənədlərinə görə, 1254 kv metr sahəsi olan ikimərtəbəli villanın qiyməti 4 milyon avro dəyərində qiymətləndirilir.

Kononenko və Xladkovskinin villaları Poroşenkonun villasının yaxınlığındadır. Bu ərəfədə Poroşenkonun Odessanın general-qubernatoru təyin etdiyi Saakaşvilinin vəzifəsindən istefa verərək ölkəni idarə edənləri korrupsiyada günahlandırması da zənnimizcə Ukraynada yaxın gələcəkdə Moldova ssenarisinin həyata keçiriləcəyini göstərəcək ilk siqnallar hesab edilə bilər. Buraya ötən gün Bolqarıstanda sosialist Rumen Radevin prezident seçkşlərində qalib gəlməsini də əlavə etsək, onda beynəlxalq aləmdə baş verən hadisələrin məhz Rusiyanın xeyrinq işlədiyi və ya Qərbin tərəddüdlərindən istifadə edərək Putin rejimin addım-addım imperiyanın bərpasına doğru irəlilədiyi aydın şəkildə nəzərə çarpır.
Əziz Mustafa