Rusiyanın “daşınmaz əmlak kralları”

0
605
Ötən il Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri  “Kievskaya ploşad” şirkəti olub.
 Bu şirkətin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1,4 milyard dollar təşkil edib. Bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan  Rusiyanın “Daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda anadan olublar. Rusiyanın “Daşınmaz əmlak kralları”nın siyahısında daha bir azərbaycanlı “Krokus” şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Siyahıda 8-ci yerdə olan Araz Ağalarov ötən bir il ərzində daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanıb.

 İlk beşlikdə yer alan iş adamlarının heç biri milliyyətçə rus deyil…

“Daşınmaz əmlak kralları” adlı hesabatın maraqlı tərəflərindən biri də odur ki, ilk beşlikdə yer alan iş adamlarının heç biri milliyyətçə rus deyil. Qeyd etdiyimiz kimi ilk sırada əslən azərbaycanlı olan 2 iş adamı yer alıb. İkinci sırada erməni əsilli iş adamı Samvel Karapetyan yer alıb. “Taşir” şirkətinin sahibi olan Samvel Karapetyan 2014-cü ildə daşınmaz əmlakın icarəsindən 1,08 milyard dollar qazanıb. Üçünçü sırada dünyanın aparıcı mebel şirkətlərində olan İKEA-nın 89 yaşlı sahibi İnqvar Kamprad qərarlaşıb. İsveç əsilli iş adamı 2014-cü ildə Rusiyada daşınmaz əmlakın icarəsindən 790 milyon dollar qazanıb. Onu da bildirək ki, İKEA-nın 89 yaşlı sahibi həm də dünyanın ən zəngin insanlarından hesab olunur. Onun təxminən 36 milyard dollara yaxın sərvətinin olduğu bildirilir. “Daşınmaz əmlak kralları”nın reytinqində 4-cü yerdə inquş əsilli 3 iş adamı Mixail Şişxanov, Mikail Quçeriev və Sait-Salam Quçeriyev gəlir. “Qruppa BİN” şirkətinə rəhbərlik edən bu iş adamları ötən il daşınmaz əmlakdan 615 milyon dollar qazanıblar. Növəti – 5-ci yerdə kürd əsilli iki qardaş – Alixan və Amiran Muçoev qardaşları və onların əmiləri Amirxan Mori dayanır. “Qruppa regiona” şirkətinin sahibi olan bu qardaşlar və onların əmiləri 2014-cü ildə daşınmaz əmlakın icarəsindən 520 milyon dollar qazanıblar. Məlumat üçün onu da qeyd edək ki, Alixan və Amiran Muçoev qardaşlarının atası Zelimxan Muçoev Rusiyanın ən varlı adamlarından hesab olunur. Tbilisidə anadan olan Zelimxan Muçoev hazırda Rusiya parlamentində “Vahid Rusiya” partiyasını təmsil edir.

Rusiyanın ən böyük 6-ci əmlak “kralları” Moldova əsilli Boris Minç ilə Aleksandr Nesis olub. Boris Minç ilə Aleksandr Nesisin birgə sahib olduğu “O1 Properties” şirkəti daşınmaz əmlakın icarəsindən ötən il ərzində 494 milyon dollar qazanıb. Onu da bildirək ki, “O1 Properties” şirkətinin səhimlərinin 12%-i dünyanın aparıcı banklarından olan “Goldman Sachs”a məxsusdur. Türkiyənin “Enka” şirkətinin sahibləri Şarık Tara və Sinan Tara Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox gəlir götürən şəxslərin sıralamasında 7-ci yerdə qərarlaşıblar. Onların Rusiyada daşınmaz əmlakın icarəsindən əldə etdikləri illik qazancı isə 412 milyon dollar olub. Qeyd etdiyimiz kimi 8-cı yerə daha bir həmyerlimiz, Araz Ağalarov sahib olub. Siyahının 9-cu pilləsində qərarlaşan “Absolyut” şirkətinin rəhbəri Aleksandr Svetakovun illik gəliri isə 364 milyon dollar olub. İlk onluğun son pilləsində isə Belarus əsilli ata və oğul – Yuri və Aleksey Xotinlər yer alıblar. “Kompleks investisiyalar” şirkətinin sahibi olan bu iş adamlarının illik qazancları isə 320 milyon dollar olub.

Araz Ağalarovun gəlirləri 15 milyon dollar azalıb

Məlumat üçün bildirək ki, “daşınmaz əmlak kralları”nın il onluğunda yer alan şəxslərin ümumi qazancı 6 milyard 365 milyon dollara bərabər olub. Ötən Rusiya iqtisadiyyatında yaşanan böhranlı vəziyyətə rəğmən bu göstərici 2013-cü ildəki analoji göstəricidən 175 milyon dollar çoxdur. Qod Nisanovla Zarax İliyev, həmçinin Samvel Karapetyan gəlirlərini 120 milyon

dollar artıra biliblər. Siyahıda 3-cü sırada olan İnqvar Kamprad 2013-cü illə müqayisədə 10 milyon dolar daha az qazanıb. Həmyerlmiz Araz Ağalarovun gəlirləri isə 15 milyon dollar azalıb. Mikail Quçeriev, Mixail Şişxanov və Sait-Salam Quçeriyevlər isə əvvəlki illə müqayisədə ötən il ərzində 95 milyon dollar daha az gəlir əldə ediblər. Türkiyəli iş adamları Şarık və Sinan Taraların da gəlirləri 48 milyon dollar azalıb. Onu da qeyd edək ki, “daşınmaz əmlak kralları”nın əsasən sahib olduqları iri ticarət mərkəzləri və otellərin hesabına gəlir əldə ediblər.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here