“Rusiyanın dəstəyi olmasaydı, separatçılar irəliləyə bilməzdilər”

606
“Ukraynaya silah verilib-verilməməsi hər NATO üzvünün fərdi qərarı olacaq”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Ukraynaya silah verilib-verilməməsi hər NATO üzvünün fərdi qərarı olacaq”. Bunu Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, NATO-nun özünün bir təşkilat kimi silahı yoxdur və bu mövzu diskussiya doğurmamalıdır: “Ukraynanı silahlandırıb-silahlandırmamaq barədə qərarı ayrı-ayrı NATO üzvləri verir. Onu da deyim ki, qanuni hökumətə silah verməklə bu hökumətə qarşı döyüşən qruplara silah vermək başqa-başqa şeylərdir”. Baş katib qeyd edib ki, hətta NATO üzvü olan müəyyən ölkələrin Ukraynaya silah verməsini alyansın siyasəti kimi qiymətləndirmək olmaz: “Bu, təşkilatın qərarı olmayacaq. Alyansa daxil olan 28 dövlətin müxtəlif silah sistemləri var. Onlar Ukraynaya silah verib-verməmək barədə müstəqil qərar qəbul edəcəklər. Ukraynanı özünümüdafiə hüququ var”.

Y. Stoltenberq Rusiya qəzetinə müsahibəsində bir daha bəyan edib ki, NATO-nun əlində Rusiyanın Donbassda hərbi mövcudiyyətinə dair faktlar var: “Bizim kəşfiyyat vasitələrimiz Rusiya hərbçilərinin Ukraynanın şərqindəki mövcudiyyəti ilə bağlı sənədləşdirilmiş məlumatlar təqdim edir. Biz bunu müstəqil mənbələrin, müstəqil jurnalistlərin məlumatlarında da görürük. Eyni zamanda qeyri-hökumət təşkilatları bizə Ukraynada həlak olan Rusiya hərbçiləri barədə informasiyalar təqdim edirlər”. Y. Stoltenberq Ukraynanın şərqində olan hərbi texnika barədə ATƏT-dən də məlumat aldıqlarını söyləyib: “Silahlı qrupların bu texnikadan müstəqil şəkildə istifadə edə bildiyinə inanmaq çətindir. Orada açıq-aşkar Rusiya mütəxəssisləri fəaliyyət göstərir və onlar mürəkkəb silah sistemlərinin istismarına kömək edirlər”. Baş katibin sözlərinə görə, Rusiya silahlı qruplara çox ciddi və əhəmiyyətli dəstək göstərir və bu olmadan separatçılar irəliləyə bilməzdilər: “Bu, beynəlxalq hüququn təməl prinsiplərinin pozulmasıdır. Rusiya Ukraynanın sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməlidir. Lakin o, Krımı ilhaq edərək və silahlılara fəal dəstək verərək beynəlxalq hüququ pozur”.