“Rusiyadakı soydaşlarımız təkcə özlərini deyil, vətənlərini də təmsil edirlər”

452

“Pulun qarşısında çox az adamlar ailə tərbiyələrini axıra qədər qoruyub saxlaya bilirlər”. Bu fikirləri Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli mediada azərbaycanlı iş adamının övladının Moskvada dəhşətli qəza törətməsi barədə yayılmış xəbərləri  şərh edərkən söylədi.

Qeyd edək ki, yayılan xəbərlərdə bildirilir ki, Moskvanın Kutuzov prospektində azərbaycanlı sürücünün günahı ucbatından dəhşətli qəza baş verib. Ağır qəza nəticəsində sürücü Vaqif Mirzəyev də daxil olmaqla 5 nəfər həlak olub. Rusiya KİV-lərinin iddiasına görə, Moskvada yaşayan 24 yaşlı Vaqif Mirzəyev özünün “BMW M5” markalı avtomobilini yüksək sürətlə idarə edirmiş.

Şahidlərin dediyinə görə, qəza gecə saat 3-də baş verib: “Avtomobil yolun gah sağ, gah da sol tərəfinə çıxaraq yüksək sürətlə hərəkət edirmiş. Bəzən qarşıdan gələn avtomobillərin yoluna çıxırmış”. Moskva yol polisinin ilkin açıqlamasına görə, V. Mirzəyevin maşını yolun kənarında dayanmış taksiyə çırpılıb. “BMW M5” zərbənin təsirindən dərhal alışıb. Yanğını yalnız yanğısöndürmə və xilasetmə briqadalarının gəlişindən sonra söndürüblər. İlkin təhqiqat zamanı V. Mirzəyevin və onun iki sərnişininin yanaraq öldüyü məlum olub. Taksidə də iki nəfər ölüb. V. Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub: “Vaqifin heç vaxt pul problemi olmayıb. Vaqif varlı ailədən idi. Atası biznesmendir”.

 Pulumuz varsa, özümüzü yaxşı aparmalıyıq, pulumuz yoxdursa…

Millət vəkili Fəzail İbrahimli bildirdi ki, bu hadisənin səbəbləri ilə bağlı faktlar tam isbat olunmadığından ilkin olaraq fikirlər yürüdülə bilər: “Əgər bu gənc qəzanı gecə 3-də törədibsə, ataların bir misalında deyildiyi kimi, “nə işin var topalda, çəkib qolunu qoparda”. Gecə saat 3-də insan öz evində olmalıdır. İkincisi, iş adamlarının əksəriyyətinin uşaqları heç bir hüquq normalarına əməl eləmirlər. İstər Azərbaycanda olsun, istər digər ölkələrdə olsun. Pul qudurğanlıq yaradır. Pulun qarşısında çox az adamlar ailə tərbiyələrini axıra qədər qoruya bilirlər. Üçüncüsü, Azərbaycanda hər gün yol qəzaları baş verir. Bu hadisə də Moskvada baş verib. Bunu siyasi mənada harasa yozarlarsa, bu ədalətsiz mövqe olardı. Biz gözləməliyik və hüquq-mühafizə orqanları tərəfindən çıxarılan ədalətli nəticəyə uyğun da buna qiymət verilməlidir. Qaldı ki, indi Moskvadada iş adamının oğlu ölür, Bakıdada iş adamının oğlu ölür, Tehrandada ölür. Buna xüsusi bir don geyindirmək lazım deyil. Əlbəttə, çox təəssüf ki, faciəvi ölüm hadisəsi olub. Əgər hadisə yüksək sürət səbəbindən olubsa – Allah insana ağıl verib ki, özünü idarə edib yaşasın. Bunu etmirsə, ağılsızlıqdır. Başqa səbəbləri varsa, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır”.

Rusiyada yaşayan, işləmək üçün oraya üz tutan soydaşlarımız təbii ki, təkcə özlərini deyil, həm də Azərbaycanı təmsil edirlər. Millət vəkili F. İbrahimli bununla bağlı fikirlərini də bölüşdü: “Təbii ki, öz aramızda, ölkə daxilində baş verən hadisələr özümüzə aiddir, ümumi münasibətlər müstəvisində əriyib gedir. Amma Azərbaycandan kənara çıxıb Azərbaycanın adına xələl gətirən hər bir insan vətəninə, millətinə, elinə bir xəyanətkar mövqedə çıxış edir. Mən belə başa düşürəm. Bizdə belə bir fikir var – qonaq həmişə evimizin ən yaxşı yerində əyləşir. Biz özümüz də hara gediriksə öz yerimizi bilməliyik, ədəbimizlə-ərkanımızla, mədəniyyətimizlə nümunəvi davranmalıyıq. Pulumuz varsa, özümüzü yaxşı aparmalıyıq, pulumuz yoxdursa, özümüzü dilənçi gününə salmmalıyıq. Millət məsuliyyəti deyilən bir anlayış var, bu mənada hər birimiz məsuliyyətimizi anlamalıyıq”.

 “Gərək diqqətli oluna ki, xalqı təmsil eləyəndə, xoş fikirlər formalaşdırılsın”

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafanın da fikirlərini soruşduq. F. Mustafa söhbətə hərbi xidmət illərindən misal gətirməklə giriş verdi: “Biz vaxtilə Rusiya mühitində hərbi xidmətdə olmuşuq. Hərbi xidmətdə bir şeyi müşahidə edirdik – əgər bir azərbaycanlı yaxşı ad çıxarırdısa, yaxşı davranırdısa, orada Azərbaycan adına hamı hörmət edirdi. Bir azərbaycanlı neqativ hərəkəti ilə bütün azərbaycanlılara qarşı mənfi hiss oyadırdı. Məsələn, yadıma gəlir, hərbi xidmətə gedəndə məndən öncə 3 azərbaycanlı olmuşdu, onlar o qədər pis imic qoymuşdular ki, ilk baxışda hamı mənə nifrətlə yanaşırdı. Amma sonrakı dövrdə qaynayıb qarışandan sonra, davranışlarda, müəyyən mənada hərbi hazırlıq kurslarında fəaliyyətə görə münasibət tam dəyişdi. Bütövlükdə Azərbaycana münasibət dəyişdi. Yəni insan harada olmağından asılı olmayaraq, həm də özünün xalqı haqqında, cəmiyyəti haqqında yaxşı fikir formalaşdırmağı düşünməlidir. Çox təəssüf ki, bəzi azərbaycanlılar adaptasiya oluna bilmirlər. Yaşadığın mühitdə öz xalqını sevdirmək, ancaq özünün nümunəvi davranışınla olmalıdır. Belə neqativ hallarda adın hallandırılması yaxşı deyil. Düzdür, bu qəzadır və səbəblərini bilmirik. Amma bütövlükdə gərək diqqətli oluna ki, xalqı təmsil eləyəndə, xoş fikirlər formalaşdırılsın. Təbii ki, bir nəfərə görə bütöv bir xalq haqqında fikir formalaşması yalnış addımdır. Çünki bunun əziyyətini bütün azərbaycanlılar çəkməli olurlar. Bu baxımdan da məncə, ehtiyatlı olmaq daha doğrudur. Bu məsələ dəfələrlə səsləndirilsə də, hələ ki, bir nəticə ortada yoxdur”.

 İnsanların təhsil səviyyələri yüksəlməlidir ki…

“Bu məsələləri maarifləndirmə yolu ilə həll etmək mümkündürmü?” sualımıza Fazil Mustafanın münasibəti belə oldu: “Bilirsiniz, bu xarakterdir, maarifləndirmə ilə olmur. Bir var Rusiya mühitinə gedirsən, imanlı, ədəb-ərkanlı, yetkin bir insan olasan, biri də var təhsilsiz gedirsən. Dünya görüşü zəif, zövq zəif, birdən-birə ticarətdən pul qazanırsan, zənginləşirsən və sonra da bu zənginliyi idarə edə biləcək xarakterdə olmursan. Başlayırsan əyləncəyə, ona sataşmağa, buna sataşmağa, maşını yüksək sürətlə idarə etməyə. Yəni mənəvi kateqoriyaları, qabiliyyəti nümayiş etdirmək imkanın yoxdur, təkcə maadi və fiziki nümayişə yönəlirsən və nəticə də gəlib buna çıxır. Bunlar bizim mənfi tərəflərimizdir, hər halda dəfələrlə bu barədə danışsaq da maafirçiliklə çözülən məsələ deyil. Sadəcə, insanların təhsil səviyyələri yüksəlməlidir ki, başqa dövlətə gedəndə ölkələrini layiqincə təmsil edə bilsinlər”.

 NİCAT iNTİQAM