Rusiya xoreoqrafı Bakıda…

458

Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, məşhur xoreoqraf və rejissor Sergey İvanoviç Qrisay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır. O, U.Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan eyniadlı tamaşada döyüşlərin və rəqslərin qurulması üçün dəvət olunub. Hazırda tamaşa üzərində ciddi yaradıcılıq işləri aparılır.

İngilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rəssamı Stanislav Benediktov (Moskva), xoreoqrafı Əməkdar İncəsənət Xadimi Sergey Qrisay (Sankt Peterburq), bəstəkarı Firudin Allahverdidir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Məlumat üçün bildirək ki, bu, S. Qrisayın Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə ikinci işbirliyidir. Iki il öncə rusiyalı xoreoqraf Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “Romeo və Cülyetta” tamaşasında döyüşlərin və rəqslərin quruluşunu verib.