Rusiya və İsrail arasında gizli görüş olub

725

Rusiya mətbuatının iddiasına görə, Prezident Vladimir Putinin Xüsusi Təmsilçisi Aleksandr Lavrentiyev İsrailə gizli səfər edib. Səfərin məqsədi Suriya problemini müzakirə etmək olub.

İsrail mətbuatına istinad edən Rusiya mətbuatı, cümə axşamı günü (24 dekabr) Lavrentiyevin rəhbərliyi altında olan nümayəndə heyətinin, İsrailin Baş Nazirinin Beynəlxalq Təhlükəsizlik üzrə məsləhətçisi Yossi Kohenlə görüşdüyünü yazıb. “Haaretz” qəzetinə danışan yüksək vəzifəli şəxsin sözlərinə görə, iclasda Suriya məsələsi müzakirə olunub. İsrail Baş Nazirinin məsləhətçisi Kohen, bu yaxınlarda imzalanması gözlənilən Suriya müqaviləsinin məzmunu ilə tanış olduğunu bildirib. Xəbərə görə, İsrail üçün vacib olan məsələlər bunlardır: Suriya ərazisindən İsrailə qarşı terror aktlarının baş verməməsi və Suriyanın Livanın “Hizbullah” təşkilatına silah verilməsinə mane olunması. İsrail qəzetinin verdiyi məlumata görə, ziyarət bağlı qapılar arxasında baş tutub. Mövzu ilə bağlı İsrailin Xarici İşlər Nazirliyi və Baş Nazirliyi açıqlama verməyib. Dekabrın 22-si Rusiyanın Prezidenti Putin, İsrailin Baş Naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Suriya problemini müzakirə etmişdi. Kremlin açıqlamasına görə, Netanyahu, Putinə zəng etmişdi. Həmçinin iki ölkə liderlərinin telefon söhbəti zamanı Rusiya və İsrail arasında dialoqun hər sahədə davam etməsi və terrora qarşı mübarizədə əməkdaşlıq barədə danışıqlar olub.