Rusiya Ukraynaya hərbi müdaxiləni açıq müstəviyə keçirir

536
Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı davam edən döyüşlər səngimək bilmir. 
 Döyüşlərdə hər iki tərəf, həm separatçılar, həm də Ukrayna ordusu çoxsaylı itkilər verməkdədirlər. Buna paralel olara hər ötən gün Rusiyanın Ukraynaya əlavə hərbi qüvvələr göndərməsi ilə müşahidə olunmaqdadır.  Bu çərçivədə də Rusiya tərəfindən separatçılara birbaşa hərbi yardımın həcmi də artmaqdadır. Ötən gün Rusiyaya məxsus 22 tankın və 122 ədəd zirehli texnikanın Luqansk istiqamətindən Ukraynaya girməsi ilə bölgədə vəziyyət daha da gərginləşib. Bununla bağlı məlumat verən milli qvardiyanın informasiya təhlükəsizliyi şöbəsinin rəisi Yuriy Stes: “Bu gün ( dünən) Ukrayna hava məkanını Rusiyaya aid iki Mi-8 və Mi-24 vertolyotları pozub. Eləcə də Rusiya tərəfindən yaraqlılarla dolu 4 KamAZ-ın hərəkət etdiyi qeydə alınıb”,- deyib.Onun sözlərinə görə, Luqansk bölgəsində Rusiya tərəfindən ölkə ərazisinə girən 20 tank və 122 ədəd zirehli texnika yerləşir. Yuriy Stes Rusiyanın separatçılar tərəfində açıq şəkildə  Ukraynaya qarşı döyüşlərdə  iştirak etdiyini göstərən çoxlu sayda faktlara malik olduqlarını söyləyib. O deyib ki, yaraqlılardan təmizlənmiş şəhərlərdə içərisində RF köçürmələri qeyd edilən Rusiya bankına aid kredit kartı tapılıb.

Öz növbəsində, ABŞ Rusiyanın Ukraynadakı separatçılara hərbi yardımı açıq müstəviyə keçirməsini və faktiki olaraq  Ukraynaya qarşı təcavüzü davam etdirmək niyyətindən ələ çəkmək niyyətində olmamasından ciddi təşviş keçirməyə başlayıb. Bunu ABŞ-ın vitse prezidenti Cozef Baydenin verdiyi son açıqlama da sübut etməkdədir. Rusiya tanklarının Ukrayna sərhədini keçməsi ilə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı Bayden Vaşinqtonun Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu qeyd edib. Bayden hədələyici tərzdə:  “Əgər Rusiya ağır döyüş texnikasının sərhəddən keçirilməsi daxil olmaqla separatçılara davamlı dəstəyinə son qoymazsa,onda ABŞ Rusiyaya daha ağır sanksiya tətbiq etməli olacaq. ABŞ buna artıq hazırdır”,- deyib.

Lakin hadisələrin gedişi göstərir ki, Rusiya Ukryanaya münasibətdə geri addım atmaq və separatçılara birbaşa və ya müxtəlif yollarla hərbi yardım göstərmək niyyətindən əl çəkmək fikrində deyil.

 

Atəşkəs Rusiyanın oyunudur

Ukraynadakı separatçılara hərbi yardım göstərməkdə davam edən Rusiya eyni zamanda münaqişə bölgəsində tez-tez atəşkəs elan edilməsi barədə “təşəbbüs”- lərlə çıxış edir. Amma bunun da Rusiyanın vaxtilə MDB məkanındakı münaqişələrdə sınaqdan çıxardığı və öz tərəfdarlarını silahlandırmaq üçün vaxtudma taktikası olduğu ortaya çıxıb. Hər halda iyun ayının 20-dən 27-nə kimi Ukrayna Prezidenti Pyotr Poroşenko tərəfindən elan edilən atəşkəsin separatçılar tərəfindən mütəmadi olaraq pozulması və həmin müddət ərzində onlara Rusiyadan böyük həcmdə hərbi sursat və zirehli texnika göndərilməsi də bu “təşəbbüs”lərin oyun olduğunu göstərdi. Məhz atəşkəsdən sonra məlum oldu ki, separatçıların müqaviməti daha da artıb və onlar Ukrayna ordusuna qarşı döyüşlərdə ağır texnikadan, o cümlədən tanklardan istifadə etməyə başlayıblar. Bu tankları idarə edənlərin isə Rusiya ordusuna məxsus professionallar olduqlarını onların yüksək səviyyədə hərbi manevrlərə baş vurması və hədəfləri dəqiqliklə məhv etmələri də göstərir. Hər halda Luqansk ətrafında gedən tank döyüşləri bir daha göstərdi ki, Ukrayna faktiki olaraq Rusiya ilə döyüşməkdədir. Aydın məsələdir ki, separatçılar qısa müddətdə bu qədər tanka və zirehli texnikaya malik ola bilməzdilər.

Digər tərəfdən də, “atəşkəs təşəbbüsü”nün  Rusiyanın oyunu olduğunu Ukraynada da açıq şəkildə  başa düşür və ölkə Prezidentini bu oyuna getməməyə çağırırlar. Buna paralel olaraq, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili də Poroşenkonu atəşkəsin Rusiyanın  xeyrinə işlədiyini və Putinin bundan istifadə edərək separatçıları daha da silahlandırdığı barədə xəbərdarlıq edib. Bununla belə, Poroşenko “atəşkəs” oyununa getməkdə davam edir. Bunun da səbəbi Qərb ölkələrinin Poroşenkoya münaqişənin dinc yollarla həll edilməsi üçün təzyiqlər etməsidir. Belə başa düşmək olar ki, Qərb təzyiqlər yolu ilə Rusiyanı separatçılara dəstəyi dayandırmağa məcbur edəcəklərini düşünürlər. Bu müstəvidə də Qərbin təzyiqləri ilə Poroşenko müəyyən şərtlər çərçivəsində yenidən atəşkəsə hazır olduğunu bildirib.

O bununla bağlı telefon danışığı zamanı ABŞ-ın vitse-prezidenti Cozef Baydenə Ukrayna, Almaniya, Fransa və Rusiya xarici işlər nazirlərinin Berlində görüşü zamanı atəşkəs elan edilməsi barədə səylərin davam etdirilməsinin qərara alındığı barədə məlumat verib. Onun sözlərinə görə, əldə olunan razılaşmalara uyğun olaraq, növbəti addımlar atılacaq. Poroşenko girovların azad olunacağı və ATƏT-in monitorinqinin sərhəddə nəzarətinin bərpası şərtilə atəşin dayandırılmasına razı olduğunu bildirib. Prezident hər hansı bir əlavə şərt olmadan siyasi danışıqlara da başlamağa hazır olduğunu vurğulayıb. Bununla belə, o  xatırladıb ki, Ukrayna öz müstəqilliyi uğrunda mübarizə aparır və bunun qiymətini bilir.

Amma  “atəşkəs oyunu” Rusiyanın xeyrinə olsa da, Poroşenko bununla bağlı müvafiq addımlar atmaqla beynəlxalq ictimaiyyətdə Ukraynaya münasibətdə müsbət rəy formalaşdırmaq niyyətindədir. Çünki Ukrayna rəhbərliyində də yaxşı bilirlər ki, Rusiyanın dəstəklədiyi separatçılar atəşkəsə əməl etməyəcəklər. Eyni zamanda Ukraynanın da atəşkəsdən istifadə edərək hərbi qüvvələrini yenidən qruplaşdırmağa ehtiyacı var. Bunu ABŞ başda olmaqla Qərb ölkələri də anlayırlar. Çünki separatçılara qarşı hərbi əməliyyatların davam etdiyi vaxtda Qərbin də Ukraynaya hərbi yardımları artmaqda davam edir. Məhz bu baxımdan ABŞ-ın vitse prezidenti

Bayden Ukraynanın bu çətin günündə Prezidentin atəşkəsə müsbət yanaşmasını ABŞ-ın da dəstəklədiyini və ölkədə sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəklərini bildirib.

 

Ukrayna bataqlığı Rusiyanı

fəlakətə sürükləyir

Rusiyanın Krımın işğal etməsinin ardınca Ukraynaya qarşı separatçıların simasında yeni cəbhə açması Moskvanın asanlıqla geri addım atmayacağını  göstərir. Amma separatçıları dəstəkləməklə Ukraynaya qarşı elan edilməmiş müharibəyə baş vuran Rusiya hər gün bundan milyardlarla dollar itirməkdədir. Son məlumatlara görə, Rusiya Krımı işğaldan ötən müddətdə 80 milyard dollar itirib. Üstəlik, Ukraynaya qarşı təcavüz nəticəsində xarici iş adamlarının Rusiyaya qoyduqları sərmayələrin azalması prosesi sürətlə davam etməkdədir. Buna paralel olaraq, bir çox iş adamları Rusiyanı tərk edirlər. Baş verən hadisələr müstəvisində Beynəlxalq “Moody’s Investors Service” Reytinq Agentliyi Ukraynaya hərbi müdaxilə ilə bağlı Rusiyanın iqtisadi durumunun günü-gündən pisləşdiyini və onun uçuruma sürüklənməkdə olduğunu bildirib. Bununla bağlı agentlik xarici iş adamlarına Rusiyaya sərmayə qoyulmasının və oradakı fəaliyyətlərini davam etdirməsinin böyük risk olduğu barədə xəbərdarlıq edib. Artıq Almaniya şirkətləri Rusiyaya qoymağa hazırlaşdıqları 83 milyon avro investisiyanı dondurublar. Öz növbəsində, Şərqi Almaniya Sənayeçiləri İttifaqının sədri Ekxard  Kordes “Deutsche Welle”ə verdiyi müsahibədə Almaniyadan Rusiyaya eksportun dondurulduğunu söyləyib. Buraya Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları da əlavə edəndə yaxın aylarda Rusiyanın daha yüz milyardlarla dollar itirəcəyi ehtimal edilir. Rusiyada nə qədər Qərbin iqtisadi sanksiyalarının onlara ağır təsir etməyəcəyini söyləsələr də, Ukraynaya hərbi müdaxilə ilə bağlı Kremlin iqtisadi baxımdan get-gedə ağır günlər yaşamaqda olduğu  artıq aydın şəkildə hiss  edilməkdədir. Bir vaxtlar Əfqanıstana hərbi müdaxilə SSRİ-ni iqtisadi baxımdan çökdürdüyü kimi, Ukraynaya hərbi müdaxilənin də Rusiyanı eyni tərzdə iqtisadi bataqlığa sürükləyəcəyi ehtimalı kifayət qədər yüksək hesab edilir. Amma Rusiya yalnız iqtisadi sahədə deyil, hərbi, siyasi sahədə də təklənməkdədir. Belə ki, Ukraynaya hərbi müdaxilə Rusiyaya  qarşı Qərbin yenidən həmrəyliyinə gətirib çıxararaq, NATO üzvü olan ölkələri Putin təhlükəsinə qarşı hərbi xərcləri artırmağa məcbur edib. Rusiya ilə sərhədboyu  NATO-nun yenidən hərbi gücünü artırması isə Moskvaya yaxşı heç nə vəd etmir. Buraya Rusiyanın Krımı işğalının NATO ölkələrinə Ukraynada möhkəmlənmək imkanı verdiyini də nəzərə alanda, Moskva sərhədləri yaxınlığında özü üçün daha bir təhlükə mənbəyi ilə üzləşib. Nəhayət, Rusiya Krımı işğal etməklə və separatçıları dəstəkləməkdə davam etməklə Polşadan sonra Ukraynanın simasında daha bir düşmən əldə etmiş olub. Bütün bunların isə Rusiya üçün gələcəkdə xoşagəlməz hadisələrə yol aça biləcəyi istisna edilmir.

Əziz Mustafa