Rusiya təcavüzünə qarşı ABŞ Ukraynanı silahlandıracaq

Qərbin sərt sanksiyalarına baxmayaraq, Rusiyanın Ukraynanın cənub-şərqindəki separatçılara açıq şəkildə müasir hərbi silahlarla yardım göstərməkdə davam etməsi bölgədə gərginliyin yüksək həddə çatmasına səbəb olub. Buna paralel olaraq, Rusiyanın Ukrayna ilə sərhədə əlavə qüvvələr yerləşdirməkdə davam etməsi və eyni zamanda separatçılar tərəfində rusiyalı hərbçilərin vuruşması faktiki olaraq Moskvanın qonşu ölkəyə qarşı hərbi təcavüzü təhlükəsi məsələsini gündəmə gətirib.
Belə bir vəziyyətdə  ABŞ Ukraynaya silah satışı məsələsində yeritdiyi gözləmə mövqeyini dəyişmək və Poroşenko rejiminə özünü Rusiyanın təcavüzündən müdafiə etmək üçün müasir silahlar satılması məsələsinə yenidən baxmaq niyyətindədir. Bu barədə açıqlama verən ABŞ Prezidenti Barak Obamanın təhlükəsizlik məsələləri üzrə köməkçisi Entoni Blinkenin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü təhlükəsinin artması və separatçılara Moskvanın hərtərəfli hərbi yardım etməsi Kiyevə silah yardımında tutulan gözləmə siyasətinin dəyişməsini zəruri edib. Entoni  Blinken Senatın Xarici işlər komitəsinin keçirdiyi dinləmələrində: “Ukraynaya Rusiyanın təcavüzü qarşısında özünü müdafiə edə bilməsi üçün müasir silahlar verilməlidir”,-deyib.

Bununla da Entoni Blinken Ukraynaya birbaşa hərbi texnika və müasir silahlar satılmasının vacibliyini açıq şəkildə dilə gətirən ikinci dövlət rəsmisi olub. Xatırladaq ki, ABŞ-ın Ukraynaya hərbi yardım göstərməsinin vacibliyini bundan əvvəl müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Derek Şolley də dilə gətirmişdi. O, oktyabr ayında verdiyi açıqlamasında: “Poroşenko bizdən hərbi yardım istədi, ancaq biz  hələ ki belə bir yardım göstərilməsinin məqsədəuyğun olmadığını qərara aldıq. Ancaq hazırda biz  Ukraynaya birbaşa hərbi yardım göstərilməsinə gətirib çıxaracaq yeni bir proqram üzərində işləyirik”,-deyə xəbərdarlıq etmişdi.

Senatda keçirilən dinləmələrdə özünə ünvanlanan suallara verdiyi cavabında Blinken daha irəli gedərək, Ukraynaya silah satışının bölgədə gərginliyin azaldılmasına, separatçı güclərin cilovlanmasına və Rusiyanın gözlənilən təcavüzünün dəf edilməsinə yardım edəcəyini xüsusi vurğulayıb. Blinken birbaşa Rusiyanı nəzərdə tutaraq: “Ukraynaya istənilən təcavüzdən özünü müdafiə etməyə imkan verəcək silah satışı və bununla bağlı atılacaq qətiyyətli addımlar qarşı tərəfi  dərindən fikirləşməyə və təcavüz niyyətindən əl çəkməyə vadar edə bilər”,-deyib.

Məsələ ilə əlaqədar Derek Şolleydən sonra Blinkenin verdiyi açıqlama isə, öz növbəsində, Ağ Evin istənilən vaxt Ukraynaya hərbi yardım edəcəyi məsələsinin gündəmdə olduğunu və Vaşinqtonun Rusiyanın təcavüzü ilə barışmaq niyyətində olmadığını bir daha sübut edib.

Halbuki bu ilin sentyabr ayında Vaşinqtona səfər edən Prezident Poroşenko Ukraynaya ABŞ-ın birbaşa hərbi yardım göstərməsinə nail ola bilməmişdi. O vaxt Poroşenko Konqresdəki çıxışında bildirmişdi ki, adyal yardımı ilə müharibəni udmaq və işğal edilən əraziləri azad etmək mümkün deyil. Onun bu sözlərinə cavab olaraq, ABŞ Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə 53 milyon dollar yardım göstərəcəyini vəd etmişdi.

Blinkenin Ukraynaya hərbi yardım barədə verdiyi açıqlama ABŞ-ın vitse prezidenti Co Baydenin Kiyevə rəsmi səfəri ərəfəsinə düşüb və təbii ki, bunu təsadüfi hesab etmək olmaz. Baydenin Ukraynaya səfəri çərçivəsində keçirdiyi görüşlərdə əsas müzakirə hədəflərindən biri məhz Rusiyanın Ukraynaya təcavüzü və bunun qarşısının alınması yolları olub. Bu müstəvidə də Baydenin Prezident Poroşenko və digər yüksək səviyyəli dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə ABŞ-ın Ukraynaya hərbi yardımının müzakirə edildiyi də istisna edilmir.

Qeyd edək ki, Blinken ABŞ dövlət katibinin birinci müavini vəzifəsinə namizəd kimi irəli sürülüb.

Onun bu vəzifəyə təyin ediləcəyi təqdirdə, Rusiyaya münasibətdə daha sərt xətt tərəfdarı olanların Ağ Evdə mövqeləri daha da güclənəcək.

 

Rusiyanın  Ukraynaya

təcavüz təhlükəsi artır

ABŞ-da Ukraynaya hərbi yardım məsələsinin gündəmə gəlməsi əslində  bölgədə əmələ gələn reallığı əks etdirir. Belə ki, Rusiya Ukrayna ilə sərhədə əlavə hərbi qüvvələr yeritməkdə və öz silahlı qüvvələrini əsas hücum istiqamətlərində yenidən qruplaşdırmaqdadır. Bunu Ukrayna rəsmilərinin və beynəlxalq hərbi ekspertlərin açıqlamaları da göstərməkdədir.

Rusiyanın Ukraynaya qarşı təcavüzü təhlükəsinin durmadan artmaqda olmasını ötən həftə Ukrayna Milli Təhlükəsizlik Xidməti sədrinin məsləhətçisi Markiyan Lubkivskinin “1+1” telekanalına verdiyi müsahibəsi də sübut edir. Markiyan Lubkivskinin sözlərinə görə, hazırda Donbas hövzəsində Rusiya Federasiyası ordusunun 10 batalyon-taktik qrupu, o cümlədən 7,5 min döyüşçüsü var.

Həmçinin, Lubkivskinin sözlərinə görə, Rusiyanın diversiya-kəşfiyyat qrupları son vaxtlar fəallaşıblar və onlar Ukraynanın bütün ərazisində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məhv edilirlər.

Oxşar fikirlər BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın qurumdakı daimi nümayəndəsi Yuri Sergey tərəfindən də səsləndirilib. O bildirib ki, Rusiya Ukrayna ilə sərhədə 200 tank, 1600 avtomobil, 640 artilleriya qurğusu, 191 təyyarə və 121 vertolyot cəmləyib.

Ukraynaya Rusiyadan gözlənilən təcavüz təhlükəsinin kifayət qədər böyük olduğunu Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Timçuk da xüsusi vurğulayıb. O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı açıq təcavüz variantını nəzərdən keçirir. Buna sübut kimi Timçuk Rusiyanın Donbas hövzəsində zərbə taktik qruplarını formalaşmasını başa çatdırmaqda olduğunu göstərib. Onun sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və  Novoazovsk istiqamətində mövqe tutublar. Timçuk bu çərçivədə də hazırda Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşmasının formalaşdırıldığını iddia edib.  Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür.  D.Timçuk zərbə qruplaşmalarının istifadəsində 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatının olduğu qənaətindədir.

Hərbi ekspertin fikrincə, zərbə taktik qrupları, onların tərkibi, strukturu və keçirdiyi tədbirlərin xarakteri Rusiya qoşununun və separatçıların hazırda praktik olaraq tamamilə hücuma hazır olduğunu deməyə əsas verir.

Rusiyanın təcavüzü təhlükəsinin artmaqda oduğuna digər bir sübut kimi isə D.Timçuk Rusiyanın Ukrayna ilə sərhəddə 6 ədəd “İsgəndər” tipli operativ-taktiki kompleksi, Donbasda isə “S-300” zenit-raket kompleksləri yerləşdirdiyini göstərib.

Rusiyanın Ukraynaya qarşı təcavüzü təhlükəsinin artması Böyük Britaniyada da narahatlıqla qarşılanıb. Böyük Britaniyanın Baş Naziri David Kemeron Ukraynadakı separatçıların ağır silah və tanklardan istifadə etməsini pisləyərək, bu məsələdə onlara dəstək verən Rusiyanı nasist Almaniyası ilə müqayisə edib. Devid Kemeron İkinci Dünya müharibəsini xatırladaraq: “Böyük dövlətlər kiçik  dövlətləri qorxu altında saxlamamalıdır”,-deyib.

Rusiyanın təcavüzü təhlükəsinin artmaqda davam etməsi isə, öz növbəsində,  Ukraynaya ABŞ tərəfindən hərbi yardım göstərilməsini qaçılmaz zərurət kimi ortaya çıxarıb.

Bölgədə vəziyyətin təhlükəli həddə çatdığını görən ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki: “Biz atəşkəs razılaşmasının davam etdirilməsini istəyərdik. Lakin Rusiyanın Minskdə əldə olunan razılaşmanın şərtlərini pozduğunu görürük. Belə olan halda isə, Ukraynanın öz ərazilərini müdafiə etməsi üçün tam hüququ çatır”, – deyib.