Rusiya Qırğızıstanda möhkəmlənmək planını işə salır

0
473
Prezidentlər Vladimir Putin və Almazbek Atambayev arasında Astana şəhərində keçirilən görüşdə Qırğızıstanın Gömrük və Avrasiya ittifaqlarına üzvlüyü barədə razılıq əldə edilib.
May ayının 29-da Astanada Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması ilə bağlı Rusiya, Qazaxıstan və Belarus arasında imzalanan anlaşmadan sonra yeni quruma üzv olmaq istəyən, ancaq bununla əlaqədar bəzi tələblər irəli sürən Qırğızıstanla bağlı məsələyə də aydınlıq  gətirilib. Belə ki, Rusiya Qırğızıstanın Gömrük İttifaqına üzv olmasına yardım etmək və bu müstəvidə “ Yol xəritəsi”nin reallaşdırılması üçün Bişkekə 1 milyard 200 milyon dollar verəcək. Bununla bağlı Qırğızıstan və Rusiya hökumətləri arasında Avrasiya iqtisadi inteqrasiyası çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi barədə anlaşma imzalanıb. Anlaşmaya uyğun olaraq, Qırğızıstan-Rusiya inkişaf fondu yaradılacaq. Bu fonda Rusiya 500 milyon dollar  nizamnamə kapitalı qoyacaq. Bundan əlavə, Rusiya orada 500 milyon dollar dəyərində istiqraz yerləşdirəcək. 200 milyon dollar isə Rusiya Qırğızıstana birbaşa nağd pul şəklində verəcək. Tərəflər arasında əldə edilən razılığa əsasən, yaxın iki il ərzində fonddakı vəsaitdən Qırğızıstanın Gömrük İttifaqına daxil olması üçün müxtəlif layihələrin hazırlanmasında və reallaşdırılmasında istifadə ediləcək.

Anlaşmaya əsasən, Rusiya Qırğızıstanın aqrosənaye kompleksinin, tikiş, toxuculuq, dağ-mədən, metallurgiya, nəqliyyat, mənzil tikintisi və özəl sahibkarlığın inkişaf etdirilməsinə yardım edəcək. Bununla bağlı yaxın 5 ay ərzində iki ölkə arasında xüsusi əməkdaşlıq proqramının hazırlanması nəzərdə tutulub. Məsələyə münasibət bildirən Qırğızıstan iqtisadiyyat naziri Temir Sarıyevin sözlərinə görə, iki ölkə arasında imzalanan son iqtisadi əməkdaşlıq barədə anlaşmadan irəli gələn bəzi tələblərə baxılması və əməl edilməsi lazım gələcək. Belə ki, ölkənin Gömrük İttifaqına üzv olmasını nəzərdə tutan müddəaların yerinə yetirilməsi üçün 90 normativ akta dəyişiklik etmək lazım gələcək. O:”Ümid edirəm ki, ilin sonuna kimi biz ölkə qanunvericiliyini anlaşmada nəzərdə tutulan müvafiq tələblərə uyğunlaşdıra biləcəyik. Gömrük İttifaqına daxil olmaq bizim maraqlarımıza cavab verir və ölkəmizin qarşısında yeni iqtisadi inkişaf imkanları açır. Parlamentin – Joqorku Keneşin bu məsələdə bizi dəstəkləyəcəyinə şübhə etmirəm”,-deyib.

Xatırladaq ki, Qırğızıstan Avrasiya və Gömrük İttifaqına üzv olmaq üçün ölkədə yeni sənaye müəssisələrinin işə salınmasını, 3-4 azad iqtisadi zonanın yaradılmasını, həmçinin bu məqsədlə ölkəyə böyük həcmdə maliyyə yardımları göstərilməsini əsas şərtlərdən biri kimi ortaya atmışdı. Bu baxımdan Rusiya tərəfindən Qırğızıstana ayrılacaq maliyyə yardımı olduqca az hesab edilir.

Yardımın pərdəarxası səbəbləri

Təbii ki, Rusiyanın Qırğızıstana Gömrük və Avrasiya ittifaqlarına üzv olmaq üçün birdən-birə 1 milyard 200 milyon dollarlıq yardım göstərməyə hazırlaşması və bununla bağlı iki ölkə arasında müvafiq anlaşma imzalanmasını təsadüfi hesab etmək olmaz. Belə ki, söhbət Rusiyanın Qırğızıstanda daha da möhkəmlənmək və oradan ABŞ-ı və Türkiyəni, həmçinin Çini birdəfəlik sıxışdırıb çıxarmaq planlarından gedir. Bununla bağlı hələ bir neçə ay əvvəl “Nezavisimaya qazeta” yazmışdı ki, bizi kasıb və əhalisinin böyük hissəsi yoxsulluq çərçivəsində yaşayan Qırğızıstana maliyyə yardımları göstərmək, orada yeni iş yerlərinin yaradılmasına kömək etmək deyil, hərbi-strateji maraqlarımızın təmin edilməsi, bölgədə tam təsirə malik olmaq və oradakı rəqiblərimizi buradan həmişəlik sıxışdırılıb çıxarılması maraqlandırır. Xatırladaq ki, hələ bir neçə il bundan əvvəl Rusiya Qırğızıstana verdiyi 1,5 milyard dollar “yardım”la Bişkekdən ABŞ hərbçilərinin Manas Hava Limanını  tərk etməsinə nail oldu. Hazırda həmin ərazi, demək olar ki, rus hərbçilərinin nəzarəti altına keçib. Bundan əlavə, Rusiya Qırğızıstanda yeni hərbi baza yerləşdirmək barədə də Bişkeklə razılıq əldə edib. Bununla bağlı bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək səviyyəli əməkdaşlarından biri demişdi ki, Qırğızıstanda hərbi baxımdan möhkəmlənmək bizə Asiyanın böyük hissəsinə,  o cümlədən Çinə, Hindistana, Pakistana nəzarət etmək imkanı verəcək. Yeri gəlmişkən, onu da deyək ki, Rusiyanın Çinlə əməkdaşlığa can atması və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində bəzi tədbirlər həyata keçirməsi əslində zahiri, məcburi xarakter daşıyır. Rusiya ŞƏT-i qurmaqla Çinin Orta Asiyada daha da möhkəmlənməsinin qarşısını almaq və region ölkələrinin Pekinin təsiri altına düşməsinə imkan verməmək planını həyata keçirməkdədir. Bu müstəvidə də strateji baxımdan olduqca əlverişli məkanda yerləşən Qırğızıstanda möhkəmlənmək Rusiya üçün xüsusi önəm daşıyır. Hər halda Rusiyanın ŞƏT-i qurmaqla və Qırğızıstandan ABŞ-ı sıxışdırıb çıxarmaqla adıçəkilən ölkədə hərbi baxımdan möhkəmlənmək planının böyük hissəsini reallaşdıra bildiyi artıq şübhə doğurmur.

 1,2 milyard dollar əvəzinə, 200 milyon dollar

Rusiyanın Qırğızıstana verməyə hazırlaşdığı 1 milyard 200 milyon dollarla bağlı ortada şübhəli məqamlar var. Belə ki,  Rusiya Qırğızıstana nəzərdə tutulan 1,2 milyard dolların yalnız 200 milyonunu nağd verəcək. Bu vəsaitin 500 milyon dolları iki ölkə arasında yaradılacaq fondun nizamnamə kapitalını təşkil edəcək, 500 milyon dolları da istiqraz şəklində fondda yerləşdiriləcək. İstiqraz isə qiymətli kağız olsa da, nağd pul demək deyil və ondan birbaşa hansısa məqsədlər üçün istifadə etmək çətindir. Rusiyanın fondda yerləşdirəcəyi 500 milyon dollar da Qırğızıstana nağd verilməyəcək, ondan müəyyən layihələrin reallaşması üçün istifadə edilməsi nəzərdə tutulub. Bu zaman isə həmin layihələrin qiymətlərinin süni şəkildə qaldırılacağı və müxtəlif maxinasiyalara əl atıla biləcəyi istisna edilmir.

Biz sözlə, Qırğızıstan Rusiya tərəfindən ona ayrılan 1,2 milyard dolların yalnız 200 milyonundan nağd şəkildə istifadə edə biləcək. Bu isə o deməkdir ki, Qırğızıstanın Gömrük və Avrasiya ittifaqlarına üzv olmasının qiyməti Rusiya tərəfindən 200 milyon dollar dəyərində qiymətləndirilib. 200 milyon dollar isə Qırğızıstanı dövlət müstəqilliyini itirməyə aparıb çxara bilər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here