“Rusiya NATO ilə əməkdaşlığa hazırdır”

543
“Tərəfdaşlarımız bərabərhüquqlu dialoqa getsələr, NATO ilə əməkdaşlığa hazırıq”. 
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. “Əgər tərəfdaşlar qarşılıqlı hörmət və bərabərhüquqlu danışıqlara hazır olduqlarını təsdiqləsələr, biz hər zaman dialoqa hazırıq”, – deyə Rusiya XİN başçısı vurğulayıb. O qeyd edib ki, Rusiyanın NATO baş katibi Yens Stoltenberqin beynəlxalq tədbirlərin birində təmas qurmaqda maraqlı olduğu barədə məlumatı var: “Biz belə təmaslardan uzaq durmayacağıq”.

“Gümrüdə baş vermiş hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük”

“Ermənistanın Gümrü şəhərində baş vermiş hadisənin siyasiləşdirilməsi cəhdlərini görürük. Çoxları bu faciədən geosiyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir. Lakin bu qəbuledilməzdir”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib. Rusiya XİN başçısı cinayətkarın ən ağır cəza alması üçün hər şeyi edəcəyini söyləyib: “Vacib olan odur ki, cinayətkar tutulub. O artıq ifadə də verib. Cinayət işinin istintaqı və məhkəmə prosesi Ermənistan ərazisində obyektiv keçiriləcək. Əminəm ki, məhkəmə cinayətkara layiqli cəza verəcək”. Bu hadisənin Rusiya-Ermənistan münasibətlərinə təsirindən danışan S. Lavrov bildirib ki, cinayətkarın layiqli cəza alması üçün rəsmi Moskva əlindən gələni edəcək: “Çalışacağıq ki, bir də belə hallara yol verilməsin. Əminəm ki, Rusiya-Ermənistan strateji tərəfdaşlığı bu hadisədən zərər görməyəcək”.

“ABŞ təkbaşına heç bir problemi həll edə bilmir”

“Birləşmiş Ştatlar təkbaşına heç bir problemi həll etmək iqtidarında deyil”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir qeyd edib ki, bu üzdən ABŞ koalisiyada dəyişikliklər etmək məcburiyyətindədir. “Obamanın çıxışı göstərir ki, ABŞ dünyada dominantlıq etmək istəyir”, – deyə o vurğulayıb. S. Lavrov həmçinin qeyd edib ki, ABŞ-ın qarşıdurmaya meyllənməsinə rəğmən, Rusiya “soyuq müharibə”ni istəmir və buna imkan verməyəcək.

“Kiyevlə Donbas arasında birbaşa dialoq qurulmalıdır”

Qərbin Rusiyanı təcrid etmək cəhdləri nəticə verməyəcək”. Belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, Kiyev və Donbas nümayəndələri arasında birbaşa dialoq mövcud problemlərin həlli üçün lazımdır. S. Lavrov qeyd edib ki, buna bütün formatlarda keçirilən danışıqlar kömək etməlidir. Moskvanın Ukraynadakı münaqişə tərəflərini razı sala biləcək istənilən danışıqlar formatlarını dəstəkləyəcəyini deyən S. Lavrov bununla belə ölkəsinin onların lüzumsuz şəkildə artırılmasını mənasız hesab etdiyini vurğulayıb. O qeyd edib ki, Moskvanın Donbas regionunun xüsusi statusu və konstitusiya islahatları ilə bağlı təklifləri var.

“Qərbin Rusiyanı təcrid etmək cəhdləri nəticə verməyəcək”

“Biz Qərb tərəfdaşlarımızdan tez-tez Rusiyanın təcrid edilməsi ilə bağlı bəyanatlar eşidirik. Barak Obama da xalqa müraciətində oxşar məsələlərdən danışıb. Bu cəhdlər nəticəsiz qalacaq”, – deyə o vurğulayıb. S. Lavrov qeyd edib ki, Prezident Vladimir Putin Rusiya Federasiya Şurasına müraciətində Rusiyanın heç vaxt özünü təcrid yolu ilə getməyəcəyini bildirib: “Moskva Vaşinqtonu ikitərəfli əsaslarda, eləcə də beynəlxalq arenada konstruktiv fəaliyyət yoluna qayıtmağa çağırır”.