Rusiya mundialla vidalaşdı

419

Dünən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Bununla növbəti yarımfinalçılar müəyyənləşib.

 

Baş tutan iki qarşılaşma eyni zamanda yarımfinalda növbəti cütlüyə aydınlıq gətirib.

Mundialın sürpriz komandalarından olan İsveç İngiltərə sınağına çıxıb. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər rəqibin sensasiya etməsinə imkan verməyib. İki cavabsız qol ada təmsilçisini yarımfinala daşıyıb.

 

1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətində idi. Ancaq güclü yarımmüdafiə xəttinə malik Xorvatiya da ev sahiblərini mübarizədən kənarlaşdırmaqda qərarlı görünürdü.

Soçidəki “Fişt” stadionunda keçirilən görüşdə qalib gələn Xorvatiya yığması tarixində ikinci dəfə yarımfinala yüksəlib.

Balkan təmsilçisi görüşün ilk dəqiqələrindən təşəbbüsə yiyələnsə də, hesabı ev sahibləri açıblar. Matçın 31-ci dəqiqəsində Rusiya yığmasının əks-hücumu zamanı Artyom Dzyuba ilə baxımlı və sürətli kombinasiyanı qüvvətli zərbə ilə tamamlayan Denis Çerişevin uzaq məsafədən vurduğu topu xorvatiyalı qolkiper yalnız seyr etməklə kifayətlənib – 1:0.

Bu qoldan sonra təzyiqləri daha da artıran Xorvatiya millisi matçın 39-cu dəqiqəsində hesabı bərabərləşdirib. Mario Mandzukiçin cərimə meydançasına hava ötürməsini başla dəqiq tamamlayan Andrey Kramariç oyunda tarazlığı bərpa edib – 1:1.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Xorvatiyalılar matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirsələr də, hesab dəyişməyib və görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki hissədə qapılara iki top vurulub. Birinci hissənin 11-ci dəqiqəsində (101-ci dəqiqə) xorvatiyalıların hücumu zamanı Domaqoy Vida topa başla dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxarıb – 2:1. Lakin ruslar ikinci əlavə vaxtda hesabı bərabərləşdiriblər. Matçın 115-ci dəqiqəsində Dzaqoyevin cərimə zərbəsindən hava ötürməsindən sonra topa başla dəqiq zərbə endirən Mario Fernandes Rusiya yığmasını məğlubiyyətdən xilas edib.

Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.

Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn Xorvatiya yığması yarımfinala yüksəlib.

Qeyd edək ki, Mario Fernandesin bu matçın 115-ci dəqiqəsində vurduğu qol Rusiya millisinin dünya çempionatlarında (SSRİ də daxil olmaqla) rəqib qapılarından keçirdiyi ən gec qol kimi tarixə düşüb.

Yarımfinalda Xorvatiya yığmasının rəqibi İngiltərə millisi olacaq. Digər yarımfinal görüşündə isə Fransa və Belçika milliləri üz-üzə gələcəklər.

Xatırladaq ki, hər iki komanda dörddəbir final mərhələsinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlməklə yüksəlib. “A” qrupunda 6 xalla ikinci yeri tutan Rusiya yığması səkkizdəbir finalda İspaniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:3) yerinə yetirərək dörddəbir finala vəsiqə qazanıb.

Mundialın qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran üç komandadan biri olan Xorvatiya yığması isə dörddəbir finala vəsiqə uğrunda görüşdə Danimarka millisini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan həmin matçda Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.

Mundialın yarımfinal mərhələsinin oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

 

Dünya çempionatı

1/4 final

7 iyul

Rusiya – Xorvatiya – 2:2 (Penaltilər seriyası – 3:4)

Qollar: Denis Çerışev, 31; Mario Fernandes, 115 – Andrey Kramariç, 39; Domaqoy Vida, 101

Sarı vərəqələr: Yuri Qazinski, 109 – Deyan Lovren, 35; İvan Ştriniç, 38; Domaqoy Vida, 101; Yosip Pivariç, 114

Baş hakim: Sandro Rikki (Braziliya)

Soçi. “Fişt” stadionu

Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 6. Denis Çerışev (10. Fyodor Smolov, 67), 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin (9. Alan Dzaqoyev, 102), 19. Aleksandr Səmədov (21. Aleksandr Yeroxin, 54), 22. Artyom Dzyuba (8. Yuri Qazinski, 79)

Ehtiyat oyunçular: 12. Ruslan Lunyov, 20. Vladimir Qabulov, 5. Andrey Semyonov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 18. Yuri Jirkov, 23. İqor Smolnikov

Baş məşqçi: Stanislav Çerçesov

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko (5. Vedran Çorluka, 97), 3. İvan Ştriniç (22. Yosip Pivariç, 74), 4. İvan Perişiç (11. Marselo Brozoviç, 63), 6. Deyan Lovren, 7. İvan Rakitiç, 9. Andrey Kramariç (8. Mateo Kovaçiç, 88), 10. Luka Modriç (k), 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça

Baş məşqçi: Zlatko Daliç

 

İsveç – İngiltərə – 0:2

Qollar: Harri Maquayr, 30; Dele Alli, 59

Sarı vərəqələr: Sebastyan Larsson, 90+4 – Harri Maquayr, 87

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Samara. “Kosmos Arena”

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf, 4. Andreas Qrankvist (k.), 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq (5. Martin Olsson, 65), 16. Emil Kraft (18. Pontus Yansson, 85), 17. Viktor Klasson, 20. Ula Toyvonen (11. Yon Quidetti, 65)

Ehtiyat oyunçular: 12. Karl-Yohan Yonsson, 23. Kristoffer Nordfeldt, 13. Qustav Svensson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 19. Markus Roden, 21. Cimmi Durmaz, 22. İsaak Kise Telin, 2. Mikael Lustiq (cəzalı)

Baş məşqçi: Yan Andersson

İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Yesse Linqard, 8. Cordan Henderson (4. Erik Dayer, 85), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 90+1), 12. Kiran Trippier, 18. Eşli Yanq, 20. Dele Alli (17. Fabian Delf, 77)

Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 3. Denni Rouz, 11. Ceymi Vardi, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold

Baş məşqçi: Qaret Sautqeyt