Rusiya Ermənistanı yalnız Türkiyəyə qarşı silahlandırırmı?

398
epa04203271 A recently acquired Russian Multiple Rocket Launcher (LCM) Smerch of the Armed Forces of Venezuela is seen in action during maneuvers in Apure, Venezuela, 12 May 2014, in which a delegation from the Armed Forces of Colombia attended as well. According to General Vladimir Padrino, chief of the Strategic Operational Commando of the Armed Forces of Venezuela, the maneuvers expressed gratitude for the presence of the Colombian delegation as part of the bilateral cooperation in the fight against smuggling and organized crime in the frontier. EPA/SANTI DONAIRE

Ötən ilin sonlarından başlayaraq, Türkiyə ilə Rusiya arasında əmələ gələn gərginlik get-gedə böyüməkdə davam edir. Bu müstəvidə də tərəflər, belə demək mümkünsə, öz qüvvələrini yenidən qruplaşdırmağa başlayıblər. Suriyada Əsəd rejiminə və PKK, onun qolu olan terroçu PYD-yə açıq dəstək verən və onlara hərbi yardım göstərən Rusiya buna paralel olaraq, Ermənistanda da hərbi qüvvələrinin sayını artırmaqda və oraya yeni hərbi texnika və canlı qüvvə göndərməkdədir. Ötən gün isə Rusiya və Ermənistan arasında işğalçı dövlətin silahlandırılmasına xidmət edən daha bir hərbi anlaşma imzalanıb. Hərbi anlaşmaya əsasən, Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar dəyərində kredit verəcək.

10 il müddətinə verilən bu vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb. Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq. Sənəddə Ermənistanın krediti 2018-ci ildən ödəməyə başlayacağı göstərilir. Qeyd edək ki, Rusiyanın Ermənistana silah almaq üçün 200 milyon dollar kredit verəcəyi hələ 2015-ci ilin iyul ayında məlum idi. Lakin neftin qiymətinin sürətlə aşağı düşməyə başlaması Rusiyaya bu addımı atmağa imkan vermədi. Yalnız Türkiyə tərəfindən adıçəkilən ölkənin hava sərhədini pozmasına görə Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra Kreml təcili şəkildə Ermənistana əlavə hərbi qüvvələr yeritməyə başladı. Bu müstəvidə də Rusiya son 2 ay ərzində Ermənistana onlarla hərbi texnika, hava hücumundan müdafiə sistemləri göndərib. Türkiyə və xarici ölkə mətbuatında gedən məlumatlara görə, Rusiya Ermənistanda yeni hərbi baza formalaşdırmağa başlayıb. Bu hərbi bazada SS-400 raketləri, ən müasir hərbi texnika yerləşdirilməsi prosesi davam etməkdədir. Əlbəttə, Ermənistanda hərbi texnika yerləşdirməsi və adıçəkilən ölkəni özünün hərbi plasdarmına çevirməsi yalnız Türkiyəyə qarşı yönəlməyib. Belə ki, Rusiya ilə Türkiyə arasında gərginliyin artmaqda davam etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda daha bir əngələ çevrilməkdədir. Bu müstəvidə də Rusiya tərəfindən Ermənistanın silahlandırlmasının davam etməsi və adıçəkilən ölkəyə 200 milyon dollarlıq silah satması faktiki olaraq münaqişənin həllinə daha bir düyün vurulması anlamına gəlməkdədir.

“Ermənistan istənilən məsələdə
Rusiyaya arxalana bilər”
Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi ötən ilin payızında yeni mərhələyə qədəm qoydu. Bunu Moskvada da gizlətmirlər. Xatırladaq ki, ötən ilin noyabr ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri zamanı orada verdiyi açıqlamalar bir daha göstərdi ki, Rusiya işğalçı Ermənistanı sürətlə silahlandırmaq və tamamilə öz nəzarətinə almaq kursu götürüb. Bu müstəvidə də Lavrovun Yerevanda söylədiyi “Ermənistan istənilən məsələdə Rusiyaya arxalana bilər” sözləri, ilk növbədə, məhz buna işarə idi. Bunun ardınca məlumat yayıldı ki, Putin Ermənistanın hava məkanını birgə qoruma haqda sərəncam imzalayıb. Bu da o anlama gəlir ki, təcavüzkar ölkənin xarici sərhədləri ilə yanaşı, hava məkanını da Rusiya mühafizə edəcək. Başqa sözlə, Ermənistana hər hansı hava və ya quru hücumu Rusiyaya hücum kimi qiymətləndiriləcək.
Qeyd edək ki, Rusiyanın hərbi-texniki yardımı nəticəsində Ermənistan hazırda 400 tanka malikdir. Bir sıra sahələrdə, o cümlədən hava hücumundan müdafiə sistemləri sahəsində Azərbaycan Ermənistandan daha üstün imkanlara malik idi. Lakin Rusiyanın Ermənistana verdiyi yeni hava hücumundan müdafiə sistemləri bu məsələdə tərəflər arasında tarazlığa gətirib çıxarıb. Belə ki, Rusiyanın Ermənistana verdiyi yeni “Avtobaza-M” kompleksi S-300 raketlərinin hərəkət trayektoriyasını öncədən müəyyən etməyə və onu zərərsizləşdirməyə imkan verir. Bundan əlavə, bu sistemin yerini asanlıqla müəyyən edərək, onu sıradan çıxarmaq mümkün deyil. Operativ taktiki raketlər baxımından isə Ermənistan Azərbaycandan daha üstün vəziyyətə malikdir. Belə ki, Rusiyanın Ermənistanı sürətlə silahlandırması nəticəsində Ermənistana böyük həcmdə “Toçka-U” operativ taktiki raketlər, həmçinin 8 ədəd “Skad-B” qurğusu və onlar üçün 32 raket verilib. Bu raketlər isə əsasən Dağlıq Qarabağda yerləşdirilib. Buna paralel olaraq, Rusiya tərəfindən Ermənistana 12 ədəd “Smerç” zenit raket kompleksinin də verilməsi nəzərdə tutulub. Ermənistan həmçinin “Smerç”in, demək olar eynisi hesab edilən 6 ədəd Çin istehsalı olan AR1A zenit-raket komplekslərinə malikdir.
Xatırladaq ki, sonuncu dəfə 2013-cü ildə Rusiyanın Azərbaycana və Ermənistana satdığı hərbi texnika və silahların siyahısı açıqlanmışdı. O vaxt Rusiyanın BMT-yə təqdim etdiyi hesabatda bildirilirdi ki, rəsmi Moskva Azərbaycana 10 tank, 10 piyada döyüş maşını (BMP), 438 müxtəlif artilleriya sistemi və 25 hərbi vertolyot satıb. Həmin il Rusiya Ermənistana 35 tank, 110 BMP, 50 reaktiv yaylım atəş sistemləri və 200 müxtəlif təyinatlı raket satıb. Hesabatdan göründüyü kimi, 2013-cü ildə Rusiya Ermənistana Azərbaycandan daha çox silah və hərbi texnika satıb. Onu da bildirək ki, rəsmi Moskva Bakıya satdığı silahları İrəvana göndərdiyi silahlardan baha qiymətə satıb.
Ermənistandakı Rusiya hərbi bazasında mövcud olan silahların və hərbi texnikanın sayı isə belə idi:
Döyüş vəziyyətinə gətirilmiş hərbi tanklar – 80 ədəd, zirehli hərbi texnikalar (BMD-1, BMP-1, BMP-2, BRDM-2, BTR-80, BRDM-2) – 160 ədəd, piyadalar üçün nəzərdə tutulmuş zirehli hərbi avtomobillər – 75 ədəd, 2A19 (T-12) tipli artilleriya silahları – 85 ədəd, “9k51 Grad” tipli hərbi texnika və silahları – 30 ədəd, “2S3 Akatsiya” tipli özüyeriyən artilleriya qurğusu – 30 ədəd, “D-30” tipli toplar – 60 ədəd, “2S1 Gvozdika” döyüş texnikası – 10 ədəd.
Sayı məlum olmayan raket silahları isə bunlardır: “SA-4 Ganef” tipli raket silahları, “S-75 Dvina” tipli raket silahı, “Scud-B” raket sistemi, “ZSU-23-4” döyüş texnikası,”9K33 Osa” döyüş texnikası.

Təhlükə böyükdür
Ötən müddət ərzində isə Rusiya Ermənistana ən müasir hərbi silahlar verməkdə davam edib. Ermənistanla Rusiya arasında imzalanan və silah alışını nəzərdə tutan yeni 200 milyon dollar dəyərində anlaşma da Moskvanın işğalçı dövləti silahlandırmaqda davam etməsinin yeni mərhələsi hesab edilə bilər.
Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə, Moskva-Ankara qarşıdurması faktiki olaraq Rusiya üçün Ermənistanın əhəmiyyətini artırıb. Onun sözlərinə görə, bundan istifadə etməyə çalışan ermənilər Rusiyadan yeni döyüş silahları almaqla Dağlıq Qarabağ münaqişəsinin həllini öz xeyirlərinə həll etmək niyyətindədirlər. Üzeyir Cəfərov: “Rusiyanın Ermənistana yeni hərbi silahlar, müasir hava hücumundan müdafiə sistemləri, tanklar, qırıcı təyyarələr yerləşdirməsinin yalnız Türkiyəyə qarşı çevrildiyini düşünmək sadəlövhlük olardı. Bu silahlardan Azərbaycana qarşı istifadə edilməyəcəyinə heç kim təminat verə bilməz. Belə ki, birinci və ikinci Qarabağ savaşları zamanı Ermənistan Azərbaycana qarşı müharibədə məhz Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi texnikadan, həmçinin canlı qüvvəsindən istifadə etdi. Bu gün Rusiyanın Ermənistandakı hərbi bazasında müqavilə əsasında kifayət qədər erməni əsilli zabitlər, hərbi qulluqçular xidmət göstərirlər. Belə demək mümkünsə, Rusiyanın Ermənistandakı hərbi bazasındakı hərbi texnika müəyyən qədər erməni əsilli zabitlərin nəzarət və idarəçiliyi altındadır. Bu müstəvidə də Rusiya tərəfindən Ermənistana yeni hərbi texnika verilməsini nəzərdə tutan anlaşma münaqişənin həllində vasitəçi rolunu oynayan Moskvanın bitərfliliyi ilə uyğun gəlmir. Belə hesab edirəm ki, Azərbaycan Rusiya ilə Ermənistan arasında imzalanan yeni silah anlaşması ilə bağlı öz təhlükəsizliyinin təmin edilməsinə yönələn müvafiq tədbirlər həyata keçirməlidir”,-dedi.

Əziz Mustafa