Rusiya Donetsk və Luqanskda keçirilən “seçkiləri” tanıyıb

405
Noyabrın 2-də Ukraynanın separatçı Donetsk və Luqansk bölgələrində keçirilən “parlament” seçkilərinə Rusiyadan reaksiya gəlib.
Bununla bağlı verilən məlumatlara görə, artıq rəsmi Moskva bu seçkiləri tanıyıb. Belə ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda qeyd olunub ki, Rusiya qondarma Donetsk və Luqansk xalq respublikaları sakinlərinin seçiminə hörmətlə yanaşır.

“İndi ən vacib məsələ Ukrayna mərkəzi hakimiyyəti ilə Donbas nümayəndələri arasında dialoqun qurulmasıdır. Biz beynəlxalq tərəfdaşlarımızla Ukraynadakı vəziyyətin nizamlanmasına yardım etməyə hazırıq”, -deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

ABŞ isə bu seçkiləri tanımadığını bəyan edib. Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bildirib ki, Vaşinqton qondarma Donetsk və Luqansk xalq respublikalarında keçirilən seçkiləri tanımayacaq.

“ABŞ dünya birliyini bu qondarma respublikalarında keçirilən seçkiləri tanımamağa çağırır. Bu cür seçkilər Ukrayna konstitusiyasına və sentyabrın 5-də Minskdə imzalanan razılaşmaya ziddir. Biz yenidən Rusiya və onu dəstəkləyən separatçıları Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – deyə  fikrini tamamlayıb.

Öz növbəsində Avropa Birliyi xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini bəyan edib ki, Avropa Birliyi Ukraynanın şərqində keçirilən seçkiləri tanımayacaq. F. Moqerini qondarma seçkilərin Ukraynada sabitliyin bərpasına ciddi maneə olduğunu əlavə edib.

Bu arada isə Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer “Tvitter” səhifəsində yazıb ki, biz Rusiya və onu Prezidentini pisləyəcəyik. Ukraynanın bütövlüyü sual altına alına bilməz.

Almaniyalı diplomat separatçıların Ukraynanın şərqində keçirdiyi seçkilərin Rusiyanın imzaladığı Minsk razılaşmasına zidd olduğunu qeyd edib.