“Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməklə çox şeyə nail ola bilər”

471
“Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Bakıda keçirilən son görüşündə əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Rusiyanın bu məsələdə əvvəlcədən xüsusi mövqeyi olub. Bu münaqişənin başlanmasının ilkin inkişaf mərhələlərində Rusiyanın müvafiq mənfi töhfələri də var idi”. Bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Nazir müavininin sözlərinə görə, sonradan Rusiya münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk qrupunda həmsədr kimi müəyyən addımlar atmaqla və müzakirələrdə iştirak etməklə, özünün də məsələnin həllində mövqeyini yenidən nəzərdən keçirib, bir mövqeyinin formalaşmasına nail olub: “Anladığım qədər Rusiyanın bu məntəqədə əsas marağı Azərbaycanla bağlı olmalıdır. Çünki Azərbaycan ən böyük əraziyə, ən böyük insan resursuna malik, ən sabit, etibarlı və ən qabiliyyətli hökuməti olan ölkədir. Azərbaycan Rusiya üçün yaxşı tərəfdaş ola bilər. Məncə, Rusiyanın əsas marağı Azərbaycanı inkişaf etmiş, sabit, etibarlı strateji qonşu kimi görməkdən ibarət olmalıdır. Rusiya problemi həll etməklə, Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola bilər. Bu anlayış Rusiyada nə qədər çox formalaşsa, möhkəmlənsə, kök salsa, biz bir o qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın olarıq”.

A.Əzimov Azərbaycan və Ermənistan Prezidentlərinin Fransada planlaşdırılan görüşündən gözləntilərini dilə gətirib: “Azərbaycan və Ermənistan prezidentlərinin Fransada planlaşdırılan görüşü haqqında konkret məlumata malik deyiləm. Bu görüşdən gözləntilərimizə gələndə, istəyimiz ilk növbədə Ermənistanın mövqeyində dəyişikliklər, İrəvanın konstruktiv yola çıxması, torpaqların boşaldılması, Azərbaycanın göstərdiyi kompromis imkanlara hazır olmasıdır”. Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllində ən maraqlı tərəfin Azərbaycan olduğunu qeyd edən A. Əzimov bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəyir: “Azərbaycan işğal altında olan ərazilərində normal şərait, normal həyat yaratmaq, investisiya qoymaq, bir sözlə, bu torpaqları inkişaf etdirmək istəyir. Bu vəziyyət insanlara, torpaqlara nə qədər ziyan vurur. Ərazilərimiz nə qədər inkişafdan qalırsa, gələcəyə də bir o qədər ziyan dəyir”.

Nazir müavini Bakıda keçirilən NATO Parlament Assambleyasının 86-cı “Rose-Roth” seminarında erməni nümayəndə heyətinin də iştirak etməsindən danışıb: “Erməni deputatlar öz mahiyyətlərini göstərdilər və bu, bizim üçün təəccüblü olmadı, çünki biz onları tanıyırıq. Lakin onlar beynəlxalq ictimaiyyət arasında, NATO-ya üzv olan ölkələrin parlament nümayəndələri qarşısında da bu mahiyyətlərini nümayiş etdirdilər”. Onun fikrincə, ermənilərin toplantıda iştirakı bir tərəfdən çox faydalı və vacib olub: “Onlar Bakıya gələrək nə isə görüblər, bəlkə nə isə anlayıblar. Getdikcə nə qədər fikir dönüşlərinə nail olsaq, o qədər yaxşıdır”.

A. Əzimov hesab edir ki, Ermənistanda fərqli düşünən insanların sayının artması vacibdir: “Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda faşist konsepsiyası əsasında qurulmuş həmrəylik var. Amma bu həmrəylik qorxuya əsaslanır, burada başqa düşüncəyə yer yoxdur. Bu, mənfi haldır. Azərbaycanla sülh mühitində yaşamağı düşünən və bunun üçün nə etməliyik sualına cavab axtarmağa çalışan ermənilərin sayı artmalıdır. Buna görə, bir-iki erməni deputatın Bakıya gəlməsi, yeməsi, burada qalıb, burada baş verənləri görməsi məncə, pis olmaz”.