“Rusiya çəkilsin kənara, onda baxaq ermənilərin halına”

471

Son bir neçə gündə Azərbaycanla-Ermənistan arasında atəşkəsin intensiv pozulması nəticəsində çoxlu sayda hərbçimizin şəhid olması gündəmin əsas mövzusudur. Bu günlərdə baş verən məlum hadisələrlə əlaqədar hər kəsin ürəyi cəbhə bölgəsindədir. Torpaqlarımızın müdafiəsi uğrunda əsgərlərimizin şəhid olması xəbəri bir çoxlarını təəssüfləndirsə də, hər kəs bundan qürur duyur. Necə deyərlər, torpaq əgər uğrunda ölən varsa, vətəndir.

Bəli, oğlu döyüşlərdə iştirak edən, vətən uğrunda şəhid olan analar da qəhrəmandırlar. Birincisi, belə qəhrəman övlad böyütdüklərinə görə, ikincisi, həmin həyəcanlı anlara səbir etdiklərinə görə. Belə analarımızdan biri də şəhid anası Mələk Mahmudovadır. Mələk ananın oğlu Elşən Mahmudov 1992-ci ildə Ağdərə rayonunda mühüm strateji əhəmiyyətə malik olan Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Elşənin 20 yaşını qeyd etmək üçün yola çıxan ailə avtomobil qəzasında oğlu 16 yaşlı Pərvizi də itirib. Lakin ananın iradəsi, əzmi hər birimiz üçün örnəkdir. Qeyd edək ki, onun oğlu Elşən Mahmudov cəbhəyə gedəndə nişanlı olub. Nişanlısı düz 11 il heç kimlə ailə qurmayıb. İki övlad acısını ürəyində çəkir, başını isə dik tutur Mələk ana: “Qoy bütün şəhid anaları mənim kimi qürurlu olsunlar. Biz şəhid anaları qürurlu, məğrur olmalıyıq. Azərbaycan xalqına, gənclərimizə isə demək istəyirəm ki, vətənpərvərliyi heç vaxt yaddan çıxarmayın. Vətən bizim üçün hər şeydən əzizdir”.

Son günlər cəbhədə baş verənlərlə əlaqədar qəzetimizin suallarını cavablandıran Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas hesab edir ki, ermənilərin cəbhədə törətdikləri təxribat düşünülmüş addımdır və burada Rusiyanın izi var: “Bir əsgərimizin ölməsi belə, bizim üçün çox böyük itkidir. Ancaq bizim ordumuz qüdrətlidir və düşmənlərin hər an cavabını verməyə qadirdir. Biz təşkilat olaraq, ermənilərin hücumlarını, vəhşiliklərini pisləyirik. Mənə ağrı verən başqa bir hadisə isə beynəlxalq təşkilatların bu hadisələrə həmişəki kimi səssiz qalması, münaqişəyə ikili yanaşmalarıdır. Müharibə görmüş bir veteran olaraq, onu deyə bilərəm ki, əgər Rusiya Ermənistana dəstək olmasa, Ermənistan bu işlərin heç birini edə bilməz. Bu gün Azərbaycan torpaqlarını işğal altında saxlayan Rusiyanın hökmüdür, ordusudur. Tam məsuliyyətimlə deyirəm, Rusiya çəkilsin kənara, onda baxaq ermənilərin halına”.

Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, atəşkəsin intensiv pozulmasında Rusiya izi var: “Bölgədə həlledici məsələlərdə Rusiyanın təsiri var və o, əsas qüvvə olaraq qalır. Ermənistan başladı, Azərbaycan Ermənistana cavab verməyə hazır olduğunu göstərdi, amma son həddi keçmədi və sonda Rusiyanın tələbi ilə hər iki ölkənin prezidentləri Soçidə görüşəcəklər. Rusiya çalışır ki, bölgədə sülhməramlı qoşunlarını yerləşdirsin  və regiona nəzarət mexanizmini daha təsirli etsin”. Zərdüşt Əlizadənin fikrincə, Rusiya həm də beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna hadisələrindən az da olsa yayındırmaq istəyir, həm də göstərməyə çalışır ki, postsovet ölkələrindəki hadisələrin əsas iştirakçısıdır.

“Beynəlxalq ictimaiyyət həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də Ukrayna məsələsinin həllində acizlik nümayiş etdirir”. Bunu isə millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Ukrayna, Gürcüstan, Moldovadakı hadisələr Dağlıq Qarabağın analoqudur. Eyni texnologiyalarla, eyni qüvvələr tərəfindən həyata keçirilən bu münaqişələrin həlli də beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır.

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova: “Ermənilər heç vaxt atəşkəs istəməyiblər. Ermənilərlə onların öz üslubu ilə danışmaq lazımdır. Keçmiş döyüşçü kimi deyə bilərəm ki, ən yaxşı döyüş partizan döyüşüdür. Partizan döyüşü hələ dədə-babadan olub. Ancaq aydın məsələdir ki, savaş olan yerdə itki də qaçılmazdır. Allah şəhidlərimizə rəhmət eləsin. Mən onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Neyləmək olar, vətən uğrunda ölmək varsa, öləcəyik. Biz döyüşə hər zaman hazırıq, yaşımıza, başımıza baxmayaraq. Şəxsən mənə görə Azərbaycan Ordusu bizdən istifadə etsə, çox gözəl olar. Çünki biz döyüş görmüşük, biz könüllü olmuşuq”.