Rusiya Balkanlarda Qərbə yeni Suriya savaşı açır

0
719

Suriyaya hərbi müdaxilə edərək orada İŞİD-lə mübarizə pərdəsi altında Əsədin hakimiyyətdə qalmasını təmin etməyə nail olan və bununla Qərbə de-fakto müharibə elan edən Rusiyanın iştahası getdikcə böyüməkdədir. Bu baxımdan, belə demək mümkünsə, Suriyada Qərbə qarşı açdığı savaşda əldə etdiyi “uğur”lardan ruhlanan Rusiya ABŞ-a və onun müttəfiqlərinə Balkanlarda ikinci cəbhə açmaq üçün hərəkətə keçib. Bunu Rusiyanın hazırda Balkanlarda özünü göstərən proseslərə fəal şəkildə müdaxilə etməyə başlaması və bölgədə baş verən hadisələrdə detonator rolunu oynaması da sübut etməkdədir.

Təsadüfi deyil ki, Rusiyanın tanınmış politoloqlarından biri, Karnegi fondunun Moskva üzrə nümayəndəsi Aleksey Malaşenko hələ bir neçə ay öncə Kremlin itirilmiş nüfuz dairələrinin geri qaytarılması üçün ən sərt addımlar atmaqdan belə çəkinməyəcəyi barədə Qərbə xəbərdarlıq etmişdi. O vaxt Aleksey Malaşenko: “Rusiyanın itirdiyi nüfuz dairələrini geri qaytarmaq üçün müxtəlif cəhdlərə baş vurması Qərb üçün ciddi başağrısına çevriləcək. Özü də Qərb bu başağrısını həm Şərqdə, həm Qərbdə, həm də hərbi-strateji maraqların toqquşduğu hər yerdə hiss edəcək”,-demişdi.

Çernoqoriya hadisələrində Rusiya izləri

Rusiyanın hərbi-strateji maraqlarının toxunduğu bölgələrdən biri də Balkanlardır. Bu çərçivədə də Çernoqoriyada baş verən son hadisələr Rusiyanın bölgədə itirdiyi nüfuz dairəsini geri qaytarmaq üçün müxtəlif cəhdlərə baş vurduğunu ortaya çıxarıb. Çernoqoriyada müxalifət və iqtidar qarşıdurmasında Rusiyanın rejimə əks mövqedə dayanan gücləri açıq şəkildə dəstəkləməsi, öz növbəsində, Moskva-Podqoritsa münasibətlərində gərginliklə müşahidə olunmaqdadır. Rusiyanın müxalifəti rejimə qarşı körükləməsi, öz növbəsində, Çernoqoriya Xarici İşlər Nazirliyi tərəfindən Kremlə etiraz notası verilməsinə gətirib çıxararaq, iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib. Rusiya isə Çernoqoriyanın etiraz aksiyalarına baş vuran müxalifətə qarşı güc tətbiqini pisləyərək bununla rejimə qarşı çıxan güclərin Kremldən idarə olunduğunu nümayiş etdirmiş olub. Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Çernoqoriya Baş Naziri Milo Cuqanoviçin Kremli ittiham etməsinin guya başa düşülən olmadığını iddia edib. Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Cuqanoviç baş verən etiraz aksiyalarında Rusiyanın əli olduğunu göstərən bir fakt da olsun ortaya qoya bilməyib. Kremlin fikrincə, Cuqanoviç polislə aksiya iştirakçıları arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əl atdığı zorakılıqlardan özünü sığortalamaq üçün Kremli müxalifətə dəstək verməkdə günahlandırır.

Qeyd edək ki, Çernoqoriya Baş Naziri Xorvatiyanın XRT telekanalına verdiyi müsahibəsində yenidən Rusiyanı ölkəsinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb. Milo Cuqanoviç: “Rusiya düşünülmüş şəkildə müxalifəti dəstəkləyərək, ölkədə özünə sərf edən rejim formalaşdırmağa cəhd edir. Rusiya etiraz aksiyası təşkil edənlərə dəstək verir və baş verən hadisələrdə katalizator rolunu oynayır”,-deyib.

Rusiyanın Çernoqoriyada baş verənlərdə katalizator rolunu oynadığını Dövlət Duması deputatlarının açıq şəkildə müxalifəti dəstəklədiklərini bəyan etmələri də təsdiq etməkdədir. Buna paralel olaraq, Rusiya Xarici İşlər Nazirliyinin məsələ lə bağlı cavab notasında “dinc nümayişçilər”in polis üzərinə Molotov kokteyli atmaları və güc tətbiq etməklə parlamenti ələ keçirməyə cəhd etdikləri barədə bir kəlmə də olsun bəhs edilmədiyi də Kremlin müxalifəti körüklədiyini dolayısilə sübut edir.

Əslində Rusiyanın Çernoqoriya hökumətinə qarşı çıxan gücləri dəstəkləməsi Milo Cuqanoviç rejiminin ölkənin NATO-ya üzvlüyü yönündə atdığı addımlarla əlaqədardır. Xatırladaq ki, NATO-ya inteqrasiya yolu tutan Çernoqoriya iqtidarının bu istiqamətdə atdığı addımlar Moskvada xüsusi narahatlıqla qarşılanır. İş orasındadır ki, Çernoqoriyanın NATO-ya üzv olması Rusiyanın Balkanlardan əlinin çıxması və bölgədəki siyasi, hərbi-strateji təsir dairəsi uğrunda Qərblə apardığı mübarizəni uduzması anlamına gəlir. Buna yol verməmək üçün Rusiya ölkə daxilindəki hökumət əleyhidarı güclərə açıq şəkildə dəstək verməyə başlayıb. Bu baxımdan Podqoritsada və digər yerlərdə müxalifətin hökumətin NATO-ya üzv olma siyasəti əleyhinə təşkil etdiyi etiraz aksiyalarında Rusiyanın katalizator rolunu oynadığını və rejim əleyhdarı güclərin Kremldən idarə edildiyi ehtimal kimi gündəmə gəlib.

Çernoqoriyanın NATO-ya üzv ola bilməsi yalnız Rusiyanı deyil, Kremlin Serbiyada özünün 5-ci kalonu kimi istifadə etdiyi müxalifəti də narahat edir. Bəzi məlumatlara görə, Çernoqoriyada keçirilən NATO əleyhinə nümayişlərdə Serbiyadan olan millətçi qüvvələr də iştirak ediblər. Hələlik, təsdiqini tapmayan məlumatlara inansaq, Çernoqoriyadakı NATO əleyhinə nümayişlərdə iştirak etmək üçün yüzlərlə serb millətçisi müxtəlif yollarda adıçəkilən ölkənin ərazisinə keçib. Polisə qarşı etiraz aksiyası iştirakçıları tərəfindən əl atılan zorakılıqlarda məhz Çernoqoriyaya sızan serb müllətçilərinin katalizator rolunu oynadığı ehtimal edilir. Məhz buna görə Çernoqoriya Baş Naziri Milo Cuqanoviç ölkədə baş verən hadisələrdə Rusiya ilə bərabər, Serbiyanın millətçi güclərini də günahlandırıb. Onun sözlərinə görə, ölkənin NATO-ya üzv olmasına qarşı çıxan güclər Rusiya ilə yanaşı Serbiya millətçilərindən də hərtərəfli dəstək alırlar.

Serbiyanın Avropa ilə

inteqrasiyasına qarşı çirkin plan

Çernoqoriyanın NATO-ya üzvlüyünə imkan verməmək üçün onun daxilində NATO əleyhdarı gücləri hökumət əleyhinə körükləyən Rusiya oxşar ssenariləri Serbiyada da həyata keçirməkdə maraqlı olduğunu nümayiş etdirməyə başlayıb. Bu müstəvidə də Rusiya Serbiyanın Avropa Birliyinə üzv olmasına imkan verməmək üçün bu ölkədəki müxalifət kartını hərəkətə keçirib. Moskva müxalifətin vasitəsilə Serbiyanın AB-yə üzv olmasının qarşısını almaq üçün bu ölkədə referendum keçirməyə cəhd edir. Kremlin Serbiyanın AB-yə üzv olmasının əleyhinə bu ölkədə referendum keçirmək niyyətinə düşməsini Krıma səfər edən Serbiya Demokratik Partiyasının lideri Sanda Raşkoviç-İviçin söylədikləri də sübut etməkdədir. Sanda Raşkoviç-İviç oktyabrın 27-də Krıma səfəri çərçivəsində mətbuata verdiyi açıqlamasında: “Biz Serbiyanın AB-yə qoşulmasının əleyhinə keçirmək istədiyimiz və Kosovanın geriyə qaytarmağı nəzərdə tutduğumuz referenduma Rusiyanın açıq şəkildə dəstək verməsini istəyirik”,- deyib.

Serbiya Demokratik Partiyasının lideri, iqtidarda olan Aleksandr Vuçiç hökumətin AB-yə üzv olmaq naminə Kosovanı bu qurumun maraqlarına qurban verməkdə günahlandırıb. Sanda Raşkoviç-İviç Çernoqoriyada NATO əleyhinə aksiya keçirən müxalifəti dəstəklədiklərini və bu məsələdə Rusiya ilə həmrəy olduqlarını da açıq şəkildə bəyan edib. Müxalifətdə olan Serbiya Demokrat Partiyasının Rusiyadan dəstək alaraq iqtidarla qarşıdurmaya getməkdə maraqlı olduğunu nəzərə alan və Çernoqoriyadakı hadisələrin ölkəsində təkrarlana biləcəyindən narahat olan Serbiya Baş Naziri Aleksandr Vuçiç isə oktyabr ayının 28-də Moskvaya səfəri zamanı sərt açıqlama verib. Aleksandr Vuçiç: “Demokratik Partiyanın və onlarla eyni mövqedən çıxış edən “Qapı”(“Darvaza”) hərəkatının arzularından asılı olmayaraq ölkədə Serbiyanın AB-yə üzvlüyünə mane olacaq hər hansı bir referendum keçirilməyəcək. Bizim Brusseli, Vaşinqtonu və ya Moskvanı necə sevməyimizdən asılı olmayaraq, referendumla bağlı qərar heç bir digər şəhərdə qəbul edilməyəcək”,-deyib.

Aleksandr Vuçiç bununla da Moskvaya səfəri çərçivəsində Kreml rəhbərliyinə ölkəsinin daxili işlərinə istənilən halda hansısa ölkənin müdaxilə edilməsinə yol verilməyəcəyi barədə xəbərdarlıq edib.

Bosniya və Herseqovinada da

Rusiyanın serb kartı…

Rusiya Balkanları yenidən öz təsir dairəsinə qaytarmaq üçün Qərbə qarşı digər savaşı Bosniya-Herseqovinada da açmağa hazırlaşır. Belə ki, Bosniya-Herseqovinanın serblərdən, xorvatlardan və bosniyalılardan ibarət koalisiyalı hökumətinə hazırda rəhbərlik edən serb Milorad Dodik noyabr ayında serb muxtariyyətinin hüquq-mühafizə orqanlarının ölkənin müvafiq qurumlarının tabeçiliyindən çıxarılması barədə referendum keçirməyə hazırlaşır. Qeyd edək ki, Moskva hələ yayda Bosniya-Herseqovinada serblərin hüquq-mühafizə orqanlarının hökumətin tabeçiliyindən çıxarılmasını nəzərdə tutan referendum keçirməsinin məqsədəuyğun olacağını bəyan edərək, onları belə bir addım atmağa təhrik etdi. Rusiyanın belə bir təşəbbüsü isə Bosniya-Herseqovina və Qərb tərəfindən Kremlin bu yolla Sarayevo hökumətinin NATO və Avropa Birliyinə üzvlüyünə mane olmaq və federativ dövləti parçalamaq cəhdi kimi dəyərləndirilmişdi. Bu da, öz növbəsində, Bosniya-Herseqovina ilə Rusiya arasında gərginliyə səbəb olub. Rusiyanın son cəhdlərinə münasibət bildirən politoloq Duşan Simeonoviçin sözlərinə görə, Kreml bu yolla Balkanları yenidən öz təsir dairəsinə qaytarmağa cəhd edir. Bir sözlə, Ukrayna və Suriyanın ardınca bu dəfə Rusiya Balkanlarda Qərbə qarşı yeni cəbhə açmaq yönündə addımlar atır. Bu savaşdan Rusiyanın, yoxsa Qərbin qalib çıxacağını isə gələcək göstərəcək…