“Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyir”

452

Qoşunların təmas xəttində gərgin vəziyyətin davam etdiyi bir vaxtda bu gün Rusiya Prezidenti Vladimir Putinin  iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyan Soçidə bir araya gələcəklər. Əvvəlcə, Putin prezidentlər – İlham Əliyev və Serj Sərkisyanla təkbətək görüşərək, regiondakı son durumu müzakirə edəcək. Sonra Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan arasında üçtərəfli görüş olacaq.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli, regiondakı son durum, həmçinin Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı məsələnin də müzakirə hədəfi olacağı ehtimal edilir.

Prezidentlərin Soçi görüşü ilə bağlı məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov  deyib ki, prezidentlərin Soçi görüşündən radikal dəyişikliklər gözləməyə dəyməz: “Ola bilsin ki, Putin tərəfindən münaqişənin həllinə deyil, Rusiyanın maraqlarına xidmət edəcək hansısa təkliflər səsləndirilsin. Konkret olaraq isə ən yaxşı halda Soçidə atəşkəsin əldə edilməsi barədə hansısa təkliflər müzakirə hədəfi ola bilər”.

 Politoloq Vəfa Quluzadə də Soçidə Rusiya tərəfindən istər münaqişənin həllinə, istərsə də Avrasiya İttifaqına üzv olmaq məsələsinə münasibətdə Azərbaycana təzyiqlərin ola biləcəyini istisna etmədiyini söylədi. Vəfa Quluzadə: “Cəbhədə vəziyyəti gərginləşdirməklə Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyən Rusiya ölkəmizə qarşı bəzi təzyiqlərə baş vura bilər. Ancaq mən inanmıram ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın təzyiqləri altında ölkəmizin milli maraqlarına cavab verməyən hansısa addımlar atsın”,- dedi.