Rus qadının siyasəti

480

Türkiyə ilə münasibətlər korlanandan sonra Rusiya bazarlarında qiymətlərin qalxması heç də sürpriz olmadı. Çünki Rusiyanın ən çox meyvə-tərəvəz idxal elədiyi ölkələrin başında Türkiyə gəlirdi. Son günlərin göstəricisinə görə Moskva bazarlarında pomidorun kilosu 200 rubla, təxminən 3 dollara çatır. Bugünkü şərtlərlə pomidoru 200 rubla almağın sıravi Rusiya vətəndaşı üçün nə demək olduğunu təsəvvür etmək heç də çətin deyil.

Axşam xəbərlərində Moskva bazarlarını göstərirlər. Piştaxta arxasında dayanmış rus qadın önünə düzdüyü malları göstərir: “Bunlar Belarusdan gəlir, bunlar Argentinadan, bunlar Tacikistandan.” Bir qədər duruxandan sonra da qəzəblə: “Mən Türkiyə malı satmaram. Onlar bizim təyyarəmizi vurdular”, – deyir. Bazarda meyvə satan rus qadının öz dövlətinin, vətəndaşının bu qədər təəssübünü çəkməsi bəlkə də normal qarşılanmalıdır. Amma məsələ ondadır ki, həmin rus qadının bütün düşüncələri, azadlıq anlayışı Putinin müəyyən elədiyi siyasətin kölgəsində qalır.

Ömrünün iki ilini əsgərlik adı altında Rusiyada keçirmiş birisi kimi mən də rus xarakteri haqqında müəyyən təsəvvürə sahibəm. Zəhmətkeş rus insanı ilə oturub-durmuşam, yoldaşlıq, dostluq etmişəm. Çox səmimi, təvazökar, doğru bildiyinə təslim olanlarını çox görmüşəm. Moskvadan Bakıya gələn qatar stansiyada dayananda tez əl-ayağa düşüb meyvə, giləmeyvə, quru balıq satan, hərəkətə başlayan qatarın yanınca qaçan və hər cür təhlükəni göz altına alıb pulun qalığını sizə uzadan yaşlı qadınları, yəqin ki, çoxlarımız görmüşük. Etiraf edim ki, mənim üçün sadə rus insanı avropalıdan daha səmimi, daha təvazökardır. Amma nədənsə dövlət siyasəti, milli qürur məsələsi ortaya gələndə o sadə, təvazökar rus insanı çox asanlıqla dəyişə, tam başqa adam ola bilir. Bu nöqtədə Avropa insanı daha azad, daha dürüstdür. Bir avropalı dövlətin başındakının nə deməsinə, necə düşünməsinə o qədər də əhəmiyyət verməz. Çünki öz ağlı var, öz düşüncəsi, hadisələrə baxışı var. İstər Avropada, istər ABŞ-da bir yerə ordu göndərəndə ictima rəy nəzərə alınır. Rusiya və bu cür ölkələrdə isə ictimai rəyi formalaşdırmaq o qədər də çətin deyil. Putin hakimiyyətə gələndən bəri rus xalqının məlum damarından tutub regionda işğalçılıq siyasətinə start verib. Heç uzağa getməyək, Krım işğal olundu, ardınca Ukrayna kimi böyük bir dövlətə açıq hərbi müdaxilə başladı.

Vurulmuş təyyarənin intiqamını güdən bu qadın heç düşünmür ki, o təyyarə orada nə edirdi. Düşünmür ki, başqa bir dövlətin hava sərhədini dəfələrlə pozan, xəbərdarlıqlara məhəl qoymayan təyyarənin vurulması adi hal olmalıdır. Hələ desən onu heç ağlına da gətirmir ki, o təyyarəçi orada kimləri və niyə bombalayır, neçə kəndi, şəhəri xaraba qoyub, neçə insanın canına qıyıb…

Elə bu zehniyyətdir ki, rus insanını azad olmağa qoymur. Nə özü azad ola bilir, nə ətrafındakılara bir gün verir. Biz tərəflərdə bir söz var: “Eşşəkdən yıxıldığı bəs deyil, “höt-höt”ünü də yerə qoymur.” İndi piştaxta arxasında durub bazarın qıtlığından, camaatın alıcılıq qabiliyyətinin azalmasından şikayətlənən rus qadını cəllad bir pilotun haqlı olaraq öldürülməsini özü üçün böyük bir dərd sayır, o təyyarəni vuran tərəfi isə düşmən gözündə görür. Əslində bu gün rus xalqı Putindən “bizim Suriyada nə işimiz var? Övladlarımız niyə orada öldürməli, ölməlidir?”, – deyə hesab tələb etməlidir. Doğrudur, bu istiqamətdə zəif də olsa səslər eşidilir, amma hər dəfə olduğu kimi yenə də hərb, işğal tərəfdarları böyük üstünlüyə sahibdirlər.

Amma kim nə deyir-desin, azad fikirli, ədalət tərəfdarı insan bir toplumdan da, dövlətdən də üstündür. Və mən əminəm ki, bu gün Lev Tolstoy həyatda olsaydı, Putinə müraciət edərdi ki, Suriyadan çəkilsin . Putin eşitməsə, xalqı itaətsizliyə çağırardı. Amma hayıf ki, bu gün Rusiyada Tolstoy yoxdur.

Əli Çərkəzoğlu