Ruhumuz qovuşanadək…

0
50

İl heç də pis başlamamışdı…

Oğlumun toyu dəfələrlə təxirə salınsa da həyatımızda hər şey normal gedirdi. Mart ayına planlaşdırdığımız toy da alınmadı. Sonrakı aylarda dünyaya yayılan koronavirus xəstəliyi ucbatından ən azı 5-6 dəfə toyumuz təxirə salındı.Yenə də səbrli idik…

Hər il yay aylarında  ata ocağına yığılardıq. Atamın, anamın sevinci yerə göyə sığmazdı. Anam iki gündən bir sacda lavaş, fəsəli və bağdan yığdığı göyərtidən qutab bişirərdi. Biz də bəh-bəhlə yeyərdik. Bu yay koronavirus ucbatından kəndə gedə bilmirdik. Mən bircə dəfə getdim Alpana, onda da virus qorxusundan valideynlarimlə görüşmədən qayıtdım Bakıya. Bu səbəbdən yolda da xeyli ağlamışdım. Bir ağırlıq, gərginlik vardı üstümüzdə…

Nəhayət, bölgələrə gediş-gəliş bərpa edildi, bağlı yollar açıldı. Bacımla kəndə getmək ücün bir plan hazırladıq. Sentyabrn 25-də kəndə getdik. Gözəl süfrə hazırladıq. Yedik-içdik,dedik-güldük…

 

26 sentyabr səhər saatları…. Gözəl hava var idi kəndimizdə. Bacımgilin qurbanı vardı. “Su baba”ya getmişdilər. Mən də onlara qoşulmaq fikrində idim. Biraz gecikdiyimdən Subaba türbəsinin yaxınlığında onları görmədim. Məzarlığa tərəf getmişdilər. Məzarlığı heç sevməzdim… Həmişə ora getməmək üçün bəhanələrlə boyun qaçırardım.

Nəisə…Atamgilə qayıtdım. Atamla kəndimizin axundu bağda orurmuşdu. Qurban kəsilməli, Quran oxunmalı idi. Nəhayət bacımgil də qayıtdı, qurban kəsildi. Günümüz o qədər gözəl keçdi ki, nə vaxt axşam olduğunu bilmədik.

…Və onu da bilmirdik ki, sabah bizi nə gözləyir. Gülüşlü çöhrələrimiz sabah olacaq faciədən bixəbər idi. Bugün hər şey çox gözəl idi. Haradan bilərdik ki, həmin gün ilin ən gözəl günü, ən bəxtəvər günümüz idi. Bir daha bu qədər içdən gülüşümüz olmayacaq, gülsək belə gülüşümüz çiliklənib ayağımızın altına elə töküləcək ki, səsə özümüz diksinəcəyik.

Və 27 sentyabr…Günəş doğmayaydı, açılmayaydı səhər. Zaman duraydı kaş… Bugün müharibə başlamışdı. Qanlı müharibə. Mənim əzizim,canım Aqil zabit idi. Ön cəbhədə idi. O, Hərbi Akademiyanı bitirdikdən sonra hər zaman  ön cəbhədə olmuşdu. Kapitan idi. Bugün Aqilə zəng çatmırdı. İçimizdə bir narahatlıq, səbəbsiz bir sıxıntı vardı, amma bir birimizi sakitləşdirirdik:“Heç nə yoxdu, yəqin telefonu sönüb, yoxsa zəng edər”.

Bugün Bakıya qayıtmalı idik. Quba Bakı yolunda yüzlərlə hərbi maşın, toplar, hərbi təcili yardım maşınları və əsgərlər var idi. Bu səbəbdən yolu bağlamışdılar, böyük tıxac yaranmışdı. Əsgərlərdə elə böyük ruh yüksəkliyi var idi ki, sanki toya gedirlər. Aqil də həmişə əməliyyata gedəndə toya gedirəm deyirdi. Yoldakı insanlarda da böyük ruh yüksəkliyi hiss edilirdi. Onlar  əsgərləri alqışlayır,onlara meyvə və yemək verirdilər. O gün hər kəs bir olmuşdu elə bil…

Telefonuma zəng gəldi. Atam idi. Aqillə danışdığını dedi. Qardaşım hər şeyin yaxşı olduğunu və özünüzdən muğayat olun demişdi. Bir ah çəkdim. Bu içdən gələn narahatlığımın təcəssümü idi. Elə bil nəsə çatmırdı, boğulurdum sanki…Qeyri ixtiyari gözümdə yaş gilələndi. Özümü saxlaya bilmədim, göz yaşım bulaq kimi qaynayırdı.Ürəyimdə olan sıxıntı sanki bir az toxtadı. Özümü ələ almağa çalışırdım: “Aqil zəng eləmişdi, hər şey qaydasında idi. Mənə nə olmuşdu?!”

Evimə çatmışdım. Bugün, 27 sentyabr oğlumun doğum günü idi. Hər şeyə həvəsim sönmüşdü, heçnə etmək istəmirdim, adi tort bele almadım. Aqilə zəng çatmırdı. Çox narahat idim. Bir də zəng etdim,yenə ona zəng çatmadı. Daxilimdən məni  parçalayan narahatlığım sakitləşməyimə imkan vermirdi. Söndürülmüş telefonun ürək ağrıdan səsi məni daha da sıxırdı.

28 sentyabr. Aqilin telefonu yenə də susub. Ona zəng çatmır. Özümü sakitləşdirməyə çalışıram. Pis fikirləi yaxınıma buraxmıram: “Yəqin telefonu sönüb, elektrik yoxdu enerji doldurmağa. Ola bilər döyüşə gedib,telefonunu götürməyib özü ilə. Müharibədir. Sonuncu  zəngini də zabit yoldaşının telefonundan etmişdi atama. Tərslikdən həmin nömrə də cavab vermirdi zənglərimizə. Ola bilər bir yerdədilər. O telefon da sönüb…Offf…” Gün ərzində Aqildən bir xəbər ala bilmədik…

Axşam saat 8. Böyük qardaşım kiminləsə danışıb və salamatçılıq olduğunu deyib. Ona  zəng etdim. Dedi ki, narahat olma salamatçılıqdı: “Füzulidə olan tanışımla danışmışam, hər şey qaydasındadı. Başqa məlumat yoxdu”. Sağollaşdıq və ona dedim ki, bir xəbər olsa mənə mütləq de. Ürəyim partlayır burda. Qardaşım  yavaş səslə “mən kənddəyəm” dedi. -Necə yəni kənddəyəm, sənin kənddə nə işin var? Sən işdə olmalı deyilsən? Bütün bədənim əsdi, dilim topuq vururdu. Məni qəhər boğurdu,danışa bilmirdim. Qardaşımın “kənddə üç şıhid var deyirlər, biri də Aqildir” deyib hönkürüb ağlaması məni tam məhv etdi…”Necə yəni şəhid var, necə yəni biri də Aqildir?!”deyib hönkürərək ağladım. Telefonu yoldaşım əlimdən alıb qardaşımla danışdıqdan sonra məni sakitləşdirməyə başladı: “Dəqiq deyil, özünü ələ al”. Qardaşıma yenidən zəng elədim: “Dəqiq deyil,yalan deyirlər,onu deyənin dili qurusun! Boş-boş danışırlar, qayıt gəl evinə”.

Böyük qardaşım Eldəniz kəndə başqa bəhanə ilə getmişdi və Bakıya qayıtmalı olduğunu demişdi. Anamın hazırladığı payı götürüb “Bakıya gedirəm” deyərək qayınatasıgilə getmişdi. Qubada xəstəxanalarda, çağırış məntəqəsində, ağlına gələn bütün yerlərdə Aqili axtarmış, ancaq heç bir xəbər ala bilməmişdi. Biz də Aqili axtarmağa başladıq. Ora zəng, bura zəng…Yoxdu, Aqildən xəbər yoxdu.

…Atam yoldaşımın telefonuna zəng etdi. Telefonda onun nömrəsini görən yoldaşım özünü itirdi: “Nə deyim mən, nə cavab verim? Aqilə heçnə olmayacağına elə inandırmışam ki, özümü…”. Yoldaşım telefona cavab verdi. Xəttin o biri başında atamın sakit və sakit olduğu qədər də təlatümlü səsini eşitdim. Sadəcə eşitdimmi?! Yox ölüb dirildim sanki. Atam qısa danışdı: “Durun gəlin bura”. Atamın səsi hələ də qulaqlarımda qalıb. Bu səs o səs deyildi. Bu səsdə bir kədər var idi. Bu səs oğlnu itirmiş bir atanın səsi idi. Ya Rəbb. Mənim böyük balam, kiçik qardaşım həyatda yoxdu artıq?! Ev başıma uçdu sanki…Dizlərimdə taqət qalmamışdı artıq. Özümü ələ ala bilmirdim. Həm də tez anama çatdırmalıydım özümü. Ona nə təskinlik verəcəm,ilahi?! Əynimə nə geyinim? Heç qara paltarım da yoxdu mənim. Hər zaman nifrət etdiyim qara paltar bu gün lazım idi mənə.

Ən uzun gecə başladı… Komendant saatı,qadağalar var. Şəhərdən necə çıxaq? Polislər şəhidimiz olduğunu bilində şəhərdən çıxmağımıza yardımçı oldular. Atamın evinə, öz uşaqlığımı keçirdiyim, Aqilin saçlarını sığallaya-sığallaya qayğısına qaldığım doğma yuvama, anamın yanına tələsirdim… Alpana çatanadək Aqilin bütün həyatı, körpəliyi, uşaqlıq dövrü, məktəb illəri, toyu keçdi gözüm önündən. Elə bil film izləyirdim. Elə bil yuxu görürdüm… Xeyr bu yuxu deyildi, artıq bu həqiqət idi. Acı bir həqiqət… Qəbul etməyə ürək tab gətirərmi?! Yox, əsla yox… Axı Aqil balacadı. Nə vaxt böyüdü o?! Saçları da ağarmışdı. Nə vaxt ağardı o qara scalar?! Aqil, içim yanır. Ağlamağa ürəyim dözmür…

…Atamın evinə çatanda dəfələrlə yuxuda gördüyüm, heç bir anlam vermədiyim mənzərini oyaq ikən görürdüm. Bu mənzərəni görüb ah çəkdim, bağırdım… Atamın, anamın ölümünü arzuladım o an. Təki Aqilə heçnə olmasın, mən də ölüm, amma Aqil olmasın bu. Aqil ölə bilməze, axı o balacadı. Aqil hamımızdan balacadı. Atamı gördüm həyətdə. Atam yaşayır, o sağdı demək. Anam da ağlayaraq bağdan həyətə doğru gəlir, o da sağdı. Aqilə ağlayır hamı. Balaca Aqilə… Anam ağlaya bilməzdi, həmişə nifrət edərdi ağlamağa. Mən də bacarmıram ağlamağı, ağı da deyə bilmirəm. Mən səni əzizləmişəm həmişə. O gecə anan ağladı, Aqil, bacın dil açdı.Yer də göy də ağladı. O gecənin səhərini sevmədim, günəşə nifrət eledim. Səhər açılmasın, günəş çıxmasın, zaman dursun,ilahi… Ana bala nə qədər hayqırsaq da xeyri olmadı. Səhər də açıldı, günəş də çıxdı, zalım zaman da su kimi axdı getdi.

29 sentyabr,saat 9. Təcili yardım maşını dayandı atamın evinin önündə. Bayraqlarla bəzədilər həyəti. Bayraqla bəzənmiş tabutda Aqil vardı. “Orada Aqil ola bilməz” deyərək qışqırdım. Dəhşətli mənzərə idi. Anam saçını yolur mən anamı qorumağa çalışırdım. Bacımsa məni qoruyurdu. Bu nə müsibətdi, Allah! Nə faciə yaşayırdıq, ilahi! Evimiz yıxılmışdı, qalmışdıq altında…

3 saat 3 saniyə kimi keçdi…Vaxt çatırdı, getmək vaxtı. Əbədi getmək vaxtı. Necə verim axı mən Aqili?! Anam tabutun üstündəki bayrağı dartışdırırdı, açmağa çalışırdı. Mən isə tabutun bəzəyinin pozulmasını istəmirdim. Onsuz da qoymurdular açmağa, heç olmasa bəzəyi pozulmasın.Vaxtdı! “Yox bir az da qalsın. Nə olar,  qalsın!!!”.Qardaşım yaxınlaşıb dedi ki, özünüzü ələ alın. Məğrur durun bizim qardaşımız ŞƏHİD olub. Qardaşım tabutu götürmək üçün gələn polislərdən bir az da gözləmələrini istədi.Tabutu son dəfə Aqil məni necə qucaqlayıb sıxmışdısa eləcə qucaqladım. Dərin bir nəfəs aldım, qoxusunu içimə cəkmək istədim. Nə qədər dərindən qoxlasam da Aqilin qoxusunu ala bilmədim. Öpdüm, öpdüm, öpdüm tabutu. Necə ki, aprel döyüşündən sonra görüşəndə Aqili öpdüyüm kimi. Mən də məzarlığa getmək istəyirdim, xoşum gəlməyən o məkana getmək istəyirdim. Axı ora mənimçün indi əziz bir yer idi. Axı mənim əzizim Aqil orada uyuyacaqdı…

Böyük qardaşımın yalvarışlı baxışları inadımı qırdı. Başımı qaldıranda evin, həyətin insanlarla dolub daşdığını gördüm. İnsan seli vardı. Bu insan selini mən dəfələrlə atamın həyətində yuxumda görmüşdüm, amma heç bir anlam verə bilməmişdim. Ən balacamız, ən körpəmiz gedirdi. Atamın güvəni, inamı, qüruru, nəşəsi gedirdi. Anamın gülüşü, sevinci, həyat eşqi, sevgisi gedirdi. Bir ATA hələki yaşananları tam anlamyan iki körpəsini qoyub gedirdi. Bir ƏR, həyat yoldaşı, can yoldaşı gedirdi. Bir qardaş gedirdi. Körpəliyindən 6 yaşına kimi baxdığım, əzizlədiyim böyük balam kimi gördüyüm kiçik, balaca qardaşım əbədiyyətə gedirdi.Getdi Aqil, harayımızı eşitmədi. Ağlar qaldıq, ürəyimiz yana-yana qaldı…

Eldənizi gözləyirdim, baxmalıydı axı orada, tabutda Aqil var, ya yox? Kişilər artıq evə qayıdırdı. Eldənizi axtarırdım. Axı o mənə xəbər gətirməliydi. Eldəniz dünyanın ən ağır yükü ilə, əzilmiş, əyilmiş, sınmış halda qayıtmışdı. “Aqildi, orada Aqil idi” dedi. Son ümüdüm də öldü…

Yenə inanmıram. Aqil ola bilməz axı. Zəng edirəm, mesaj yazıram dəfələrlə. Cavab yoxdu Aqildən. Neçə gün keçdi, neçə gecə keçdi. Gözüm qapıda qaldı. Gecə səhərə qədər yatmadan gözümü həyətin giriş qapısından çəkmədim ki, birdən qayıdar Aqil. Görsə ki, hamı yatıb, küsüb gedər. Anama Aqilin gəlmək xəbərini mən vermək istəyirdim.Yoxdu Aqil!

 

Aqilin 6 yaşlı oğlu bir axşam anama üstündə cızma-qara olan vərəq gətirdi: “Nənə, bax atam məktub yazıb, deyir gələcəyəm bu yaxında. Ağlamayın. Nənə, atamı istəyirəme, həmişə istəmirdim mənə “taxtabaş” desin. Amma indi istəyirəm”. Can bala,gəl döz bu dərdə…

Təsadüfən Aqilin döyüş yoldaşını tapmışdım. Onunla danışdım. Sən demə ayın 27-də Aqil evlə danışandan bir neçə dəqiqə sonra onu vurublarmış. Füzulinin üç kəndini düşməndən təmizləyib irəli gedirlərmiş. Qaraxanbəyli kəndində düşmən səngərinə düşüblərmiş. Aqil sevincdən qışqırırmış: “Biz qalib gelmişik, biz qalibik. Bütün silahları qoyub qaçıblar!”. Döyüş yoldaşını (Dənizi) göndərir ki, get maşından ağır silahı gətir. Dəniz 50 metr aralanan kimi Aqil və digər iki zabit yoldaşı düşmən gülləsinə tuş gəlir. Onlar bir  yerdə şəhid olurlar. Dəniz sağ qalır. İki saat ərzində Aqili döyüş bölgəsindən çıxara bilmirlər. Aqil başından dəyən qəlpə ilə gözlərini əbədi yumur. Aqil sentyabrın 27-də, oğlumun doğum günündə şəhid olmuş, sentyabrın 28-də yol gəlmiş və sentyabrın 29-da, mənim toy günümün il dönümündə dəfn edildi. Oğlumun toyunu planşdırmışdıq. Aqil də söz vermişdi ki, mütləq toya gələcək. O, toya getdi, özünün şifrəli dediyi toya. Amma qayıtmadı oradan. O, bacısı oğlunun toyuna necə gələcək?! Can, sən gəlməyən toyu necə edim mən?!

Kənddə 3 şəhid var demişdilər. İkisi yalan çıxdı. Sən də yalan çıxsaydın olmazdı? Həyatında ən amansız düz oldu. Kaş ki, bu da yalanlardan olardı. Anam sənin köynəyini qoynunda gəzdirir. Deyir, qoxusu gedir nə edim getməsin?!

Bir Aqil gəldi getdi bu dünyadan. Bir ulduz yandı söndü. Bir yarpaq vaxtsız qopdu ağacdan. Bir çiçək qoparıldı, acımasızca, parçalanaraq…

 

Məzarlığı sevməzdim demişdim, indi necə sevməyim? Əzizim oradadı. Canımdan çox sevdiyim oradadı. Gözün olmazdı gözümü verərdim, canımı istəsəydin canımı verərdim. Özümü səndən sədəqə dedim, sənin canına öz canımı qurban dedim. Mən ölərdim sən gəlməzdin məni basdırmağa, deyərdin vaxtım yoxdu.Tabutuma girməzdin, amma sən belə getməzdin. Biz küsülü olardıq, heç danışmazdın mənimlə, mənə nifrət edərdin, amma təki sən qocalardın, Aqil…

Şəhidlikdən sonra heç özünün belə bilmədiyi bir xəbər eşitdik. Aqilə mayor rütbəsi verilmişdi. Mübarəkdi, gülüm, yeni rütbən. Ən böyük rütbən ŞƏHİDLİKDİ. Sən onu haqq etdin,qardaşım. Ruhumuz qovuşanadək, Aqilim…

Şəhi bacısı Aybəniz Aydəmir

Yazı alpan.az saytına məxsusdur