“Ruhlar şəhəri”ndən cənnətməkana…

39

Ağdamın bərpasına Respublika Günündə start verildi

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyas­lı fəaliyyətə başlayıb. Artıq regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulma­sı, dəmiryol xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaq­dadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.

Xəbər verildiyi kimi, mayın 28-də Prezident İlham Əliyev erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam şəhərinə səfər edib. Bir sıra əlamətdar hadisələrlə yadda qalan bu səfər də artıq tarixə çevrilib.  Şübhəsiz, bu səfər hər şeydən əvvəl, Azərbaycanın 44 günlük Vətən müharibəsi qələbə ilə yekunlaşdıq­dan sonra dünyaya azad etdiyimiz torpaqlara necə sahibləndiyimizi, onu necə göz bəbəyi kimi qorudu­ğumuzu, erməni işğalçılarının 30 il ərzində viran qoyduqları bir məmləkətdə quruculuq işlərinə necə önəm verildiyini bir daha nümayiş etdirir. Qeyd edək ki, bu, müharibədən sonra Prezidentimizin Ağdam şəhərinə ikinci səfəridir.

Görünən budur ki, Prezident İlham Əliyev Ağdamı da laləzara çevirmək əzmindədir. Təsadüfi deyil ki, Azərbaycan Televiziyasına müsahibəsində dövlət başçısı bütün şəhərlərin baş planlarının hazırlandığını və bunun, ilk növbədə, Ağdam şəhərini əhatə edəcəyini bildirmişdi. Prezident Ağdama növbəti   səfəri zamanı ənənəsinə sadiq qalaraq  Baş Plan əsasında yeni layihələrə xeyir-dua verib. Elə bu səfər çərçivəsində bir neçə tədbirin – Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, eləcə də Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməllərinin qoyulması, İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilməsi, Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyasının təqdim edilməsi, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisinin nəzərdə tutulması bunun əyani sübutudur. Buradakı genişmiqyaslı bərpa və quruculuq işlərinə də dövlət başçımız şəxsən özü nəzarət edir. Şübhəsiz,  bu işlər ona görə görülür ki, bu torpaqların əsl sahibləri doğma ata-baba yurdlarına qayıdıb firavan həyat yaşasınlar. Bununla da Azərbaycan XXI əsrin müharibəsini aparan qalib ölkə kimi deyil, həm də erməni işğalçılarının 30 il ərzində viran qoyduqları böyük bir əraziləri cənnətə çevirməyə qadir qurucu dövlət kimi də dünya tarixində öz adını yazdıracaq.

Üstəlik, həmin səfərin özəlliyi də vardı. Belə ki, səfər Respublika Gününə təsadüf edirdi. Bu simvolik rəmzi mənanı Prezident İlham Əliyev belə dəyərləndirib: “Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.” Bütün bu addımlar bir daha göstərir ki, Prezident İlham Əliyev ən qısa zamanda “ruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaralarını tam sağaladacaq. Nəticədə, Ağdamın şöhrətli günləri yenidən qayıdacaq. Həm də əvvəlkindən çox fərqli, daha gözəl, müasir formada.

Qvami Məhəbbətoğlu, “İki sahil”