Rudolf Dizel: şöhrət zirvəsinə aparan kəşf və müəmmalı ölüm

743

20-ci əsrin əvvəllərində etdiyi kəşflə o, dünyanın 1 saylı adamına çevrilmişdi və istər Vaşinqtonda, istər Londonda, istərsə də Parisdə adı gələndə hörmətlə ayağa qalxırdılar. Halbuki bu kəşfə kimi o, adi bir mühəndis idi və müəyyən dairələrdən kənarda heç kim tərəfindən tanınmırdı. Amma o, dünyanın ən möhtəşəm və bu gün də əhəmiyyətini itirməyən dizel mühərrikini ixtira edərək, bir andaca məşhurlaşdı. Bəlkə də başqa bir adama bu ixtira milyonlar və səadət gətirərdi. Ancaq ona dünya şöhrəti gətirən ixtira onun müəmmalı şəkildə ölümünə səbəb oldu… Söhbət dizel yanacağı ilə işləyən mühərrik ixtira edən məşhur ixtiraçı Rudolf Dizeldən gedir…
Mənşəcə alman olan Rudolf Kristian Karl Dizel 1858-ci il, mart ayının 18-də Parisdə anadan olub. Onun atası mətbəədə kitab cildçisi işləyirdi. Fransada sadə bir həyat sürən ata Kristian Karl Dizel Fransa-Prussiya müharibəsi zamanı Parisi tərk edərək, Londona köçməyə məcbur oldu. Amma ailəsi Rudolfun doğma vətəndə təhsil almasını arzulayırdı. Ona görə də gənc Rudolfu Almaniyaya oxumağa göndərirlər. 1873-cü ildə Rudolf yerli gimnaziyanı, bundan iki il sonra isə Auqsburq Politexnik Məktəbini uğurla başa vurur. Sonra isə təhsilini Münhen Ali Politexnik Məktəbində davam etdirir. Texnikaya olan maraq Dizeldə olduqca yüksək idi və tələbə ikən kitabxanadakı bütün elmi-texniki mövzuda yazılan kitabları oxuyaraq, belə demək mümkünsə, onları dərindən mənimsəmişdi. Dizelin qeyri-adi istedadını görən soyutma aqreqatları üzrə tanınmış mütəxəssis professor Paris Karl fon Linde onu “Sərinləşdiricilərinşaat” (xladostroitelnoy) firmasının Paris filialına işə göndərdi. Dizel 10 il ərzində bu filialda adi mühəndis vəzifəsində işlədi. Amma geri qayıdanda o, artıq soyutma sistemləri üzrə böyük təcrübəyə malik idi.
Şöhrət gətirən yeni kəşf
Həmin dövrdə də o, buxar maşınını təkmilləşdirmək üçün axtarışlara başladı. Bunun üçünsə öncə daha ucuz yanacaqla işləyəcək mühərrik hazırlanmalı idi. Amma tələbəlik illərində Dizel bu sahədə ciddi nəticə əldə edə bilmədi. Buna baxmayaraq, o, ali məktəbi başa vurandan sonra belə bir buxar mühərrikinin təkmilləşdirilməsi və daha ucuz yanacaqla işləyəcək mühərrikin hazırlanması üzərində axtarışları davam etdirdi. Amma bunun üçün illər lazım gəldi. Alman iradəsi və əzmkarlığı sonda Dizelin arzuladığı mühərriki əldə etməsinə imkan verdi. İlk tam gücü ilə işləyən mühərrik Dizel tərəfindən 1892-ci ildə yaradılır. Bu mühərrikin gücü dəqiqədə 172 dövrə- 20 at gücünə bərabər idi. Faydalı iş əmsalı isə 26,2% təşkil edirdi. Bu mühərrik həmin dövrdə mövcud olan gəmi buxar mühərriklərinin parametrini ötüb keçirdi ki, bu da sənayeçilərin böyük marağına səbəb oldu. 1892-ci ildə o, yeni kəşfinə görə patent-müəlliflik şəhadətnaməsi aldı. Bu kəşf, əvvəlcə, Avropanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində ciddi maraq doğurmadı. İş orasındadır ki, adi bir mühəndisin ən tanınmış mühəndislər və alimlər tərəfindən illərlə əldə edə bilmədiyi yeni mühərrik ixtira etməsinə şübhə ilə yanaşırdılar. Lakin Dizel inadla yeni mühərrikin hazırlanması üçün yorulmaq bilmədən işləyirdi. Sonda onun bu əzmkarlığı öz nəticəsini verdi. 1893-cü ildən başlayaraq, Auqsburq Maşınqayırma Zavodunda Fridrix Krupp və Zultser qardaşlarının maliyyə köməyi ilə yeni mühərrikin istehsalı üzərində hazırlıq işlərinə başlandı. 1897-ci ildə, nəhayət ki, yeni mühərrikin ilk sınaq istehsalına başlandı.
Dizelin yeni mühərriki 4 taktlı idi. Daxili yanacaq mühərrikinə daxil olan qatı yanacaq öncə ora sıxılmış vəziyyətdə daxil olurdu. Ancaq Dizel bu dəfə yanacağı deyil, ora daxil olan havanı sıxmaq qərarına gəldi. O, havanı ora sıxılmış vəziyyətdə daxil etdi. Nəticə gözlənildiyindən də qat-qat yüksək oldu və beləliklə, Dizel özünün adı ilə adlandırılacaq və o dövr üçün böyük əks-sədaya səbəb olan mühərrikin alınmasına nail oldu. Bu olduqca böyük bir kəşf idi. Qeyd etdiyimiz kimi, Dizelin yeni kəşfi ilə ilk maraqlanan isə məşhur alman maqnatı Krup oldu. O, yeni mühərrikin hazırlanması və sınaqdan keçirilməsinə yardım etdi. Ancaq yeni mühərrik 4,5 ton ağırlığında idi və onunla işləmək olduqca çətin idi. Bunu görən Dizel mühərriki təkmilləşdirmək qərarına gəldi. 1895-ci ildə əvvəlkindən daha yüngül mühərrik istehsal edildi. Yeni mühərrik 17 sutka fasiləsiz işlədi. Amma mühərrikin daha da təkmilləşdirilməsinə ehtiyac vardı və Dizel bir neçə il ərzində ixtirası üzərində işləyərək indiki dizel mühərriklərinin atası hesab edilən və o dövr üçün sensasiya hesab edilən mühərrik əldə edə bildi. Yeni mühərrikdən asanlıqla istifadə edilə bilirdi. Bu da onun müəllifinə yeni şöhrət gətirdi və həm mühərrik və onun işlədilməsində istifadə ediləcək yanacaq Dizelin adı ilə adlandırıldı. Bir andaca dünyanın ən məşhur adamına çevrilən Dizel pul və şöhrət içində üzürdü, ona saysız-hesabsız iş təklifləri gəlirdi. İxtiraçını müxtəlif müəssisələrdə rəhbər vəzifələrdə işləməyə dəvət edir, onun iştirakı ilə elmi simpoziumlar keçirirdilər. Dizelin mühərrikindən sənaye müəssisələrində uğurla istifadə edilirdi.
Dizelə qarşı böhtan kampaniyası başlayır
1898-ci ildə dizel mühərriklərinin təkmilləşmiş variantının kütləvi istehsalını nəzərdə tutan zavodun inşasına başlandı və qısa müddətdə yeni dizel mühərriklərinin istehsalına nail olundu. 1903-cü ildə isə dizel mühərriki ilə işləyən ilk gəmi suya buraxıldı. Dizelin tədricən mühərriki təkmilləşdirməsi nəticəsində onun həcmini daha da azaltmaq mümkün oldu. Bu da dizel mühərriklərindən lokomotivlərdə və yük maşınlarında istifadə etməyə imkan verdi. 1936-cı ildə isə dizel mühərriki ilə işləyən “Mersedes” minik maşınının istehsalına başlandı.
Amma Dizel həddindən artıq yorulmuşdu və gecə-gündüz bilmədən apardığı axtarışlar onun səhhətinin pozulmasına və xəstələnməsinə səbəb olmuşdu. Üstəlik, Dizel başından sel kimi yağan pulla nə edəcəyini bilmədən onu sağa-sola yarpaq kimi xərcləməkdə davam edirdi. Amma ondan daha çox şeylər gözləyirdilər. Hələ dizel mühərrikini ixtira edərkən o, kömür tozu ilə işləyəcək daha mükəmməl bir mühərrik icad edəcəyini vəd etmişdi. Lakin o bu vədini yerinə yetirə bilməmişdi. Üstəlik, artıq şöhrət zirvəsindən də enməkdə və tədricən unudulmaqda idi. Buna paralel olaraq, onu dizel mühərrikini icad edərkən saxtakarlığa əl atmaqda da günahlandırmağa başlamışdılar. Nahaq böhtanlar isə Dizelin əsəblərinin pozulması ilə müşayiət olunmaqda idi. Üstəlik, öz vətənində Dizel kifayət qədər şöhrət qazana bilməmişdi. Bu, da onu daim narahat edirdi.
Buna paralel olaraq, Dizel müxtəlif kommersiya şirkətləri yaratmış, aksiyalar almışdı. Lakin bu məsələdə də əli gətirməmişdi və iflas olmuşdu. Bu da Dizelin müflis olmasına gətirib çıxarmışdı. 1910-cu ildə o, çox çətin vəziyyətə düşmüşdü və nəticədə evini girov qoymaq məcburiyyətində qaldı. Artıq onunla maraqlanmırdılar. İngiltərə firmalarından biri hətta Dizelə təhqiredici bir vəzifədə işləməyi (məsləhətçi-mühəndis) təklif etmişdii. Həmin vaxt Dizelin düşmənləri, daha doğrusu, vaxtilə paxıllığını çəkənlər də fəallaşmışdılar. Alman professor Lyuders “Dizel haqqında mif” kitabını yazaraq, onun kəşfinin əhəmiyyətsiz olduğunu sübut etməyə cəhd etmişdi. Guya Dizel özündən əvvəl bu sahədə işləyənlərin prinsiplərinə əsaslanan mühərrik icad edib. Əlbəttə, o vaxt tanınmış texnika tədqiqatçıları, məşhur ixtiraçılar tərəfindən çoxsaylı təcrübələr aparılmış, ancaq təkmilləşdirilməmiş, daha doğrusu, tədqiqatlar başa çatdırılmamışdı. Onlar yeni mühərrikin əldə edilməsinə imkan verəcək incə bir texniki yeniliyi görə bilməmişdilər.

Dizel isə bu prinsiplərə yenidən baxaraq onlara inqilabi dəyişikliklər edərək, günümüzdə belə öz əhəmiyyətini saxlayan bir mühərrik icad etmişdi. Amma onun rəqibləri bunu görməzliyə vurur, hər yerdə ona iftiralar yağdırırdılar. Bütün bunları da, təbii ki, Dizel sakit qarşılaya bilmirdi. 1913-cü il sentyabr ayının 29-da Dizel iki yaxın dostu ilə birlikdə Antverpendən La-Manş vasitəsilə Xarviçə ( İngiltərə) gedən gəmiyə mindi. Amma o mənzilbaşına gedib çıxa bilmədi. Yoldaşları ilə axşam naharı etdikdən sonra onlar hərəsi öz otağına getdi. Getməzdən əvvəl Dizel onlara xidmət edən xidmətçilərdən birinə səhər onu oyatmasını xahiş etdi. Ancaq onu bir daha görən olmadı. Növbətçi zabit yoxlama baxışı keçirərkən onun relsin altına qoyulan paltosunu tapdı. 10 gündən sonra kiçik Belçika kateri Dizelin meyitini sudan tapdı, ancaq matroslar onun dənizdən tapılan meyitini öz adətlərinə uyğun şəkildə yenidən dənizə buraxdılar.
Müəmmalı məqamlar
Nə qədər qəribə olsa da, İngiltərəyə gedən məşhur ixtiraçı sərnişinlərin qeydi aparılan jurnalda qeydiyyatdan keçməmişdi. Halbuki onunla birgə səfərə çıxan dostları Georq Qreys və Alfred Lükmann adı çəkilən jurnalda qeydə düşmüşdülər. Dizel görəsən qeydiyyatdan keçməyi unutmuşdu, yoxsa bizim bilmədiyimiz daha bir sirrin açılmaması və özünün İngiltərəyə getməsindən xəbər tutulmaması səbəbindən bu addımı atmışdı. Biz bunu bilmirik və heç vaxt da bilməyəcəyik. Bizə məlum olan budur ki, səhər saat 6.15-də xidmətçi (stüard) Dizelin xahişi ilə onu oyatmaq üçün kayutun qapısını döymüş, ancaq ona cavab verən olmamışdı. Onun yatdığı kayutun qapısını açanda isə orada hələ açılmayan yatağın üzərində Dizelin pijaması və saatı vardı. Sonra göyərtədə Dizelin şlyapasını tapdılar. Amma onun özü yoxa çıxmışdı. Kapitan dərhal bütün matrosları bir araya yığaraq, onlardan Dizeli görüb-görmədikləri barədə soruşdu. Ancaq Dizeli görən yox idi. Bundan sonra sərnişinlər də bir-bir sorğu-suala tutuldular. Zarafat deyildi, yoxa çıxan məşhur ixtiraçı Dizel idi. Amma Dizeli görən olmamışdı. Sonra Dizelin dostları Georq Qreys və Alfred Lükmann da istintaqa cəlb edildilər. Onlar Dizeldən ayrılarkən onun yüksək ovqatda olduğunu, özünə sui-qəsd edə biləcək bir durumda olmadığını, əksinə, hamı ilə zarafatlaşdığını bildirdilər. İstintaqda sorğu-suala tutulan Lükman və Qreys elitaya mənsub olan hörmətli zatlardan idilər və onların yalan demədikləri dərhal hiss olunurdu.
Dünya şoka düşür
Dizelin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı mətbuatda yayılan xəbərlər Avropada güclü əks-səda verdi. Hamı onun başına gələnlərlə maraqlanırdı. Dünənə kimi az qala yaddan çıxan və unudulmağa başlayan məşhur ixtiraçının yoxa çıxması bir şaşqınlıq yaratmışdı. Bununla bağlı mətbuatda çoxsaylı ehtimallar irəli sürülürdü. Guya yuxusuzluqdan əziyyət çəkən Dizel gecə göyərtəyə çıxmış və burada müvazinətini saxlaya bilməyərək dənizə düşmüşdü. Bəziləri də onun həddindən artıq içdiyini və nəticədə göyərtədən dənizə yıxıldığını yazırdılar. Ancaq göyərtədə mühafizə çəpərinin hündürlüyü 1 metr 50 santimetr idi və oradan müvazinətini itirən istənilən adam dənizə deyil, göyərtiyə yıxılacaqdı. Amma bu ehtimallar həqiqətə uyğun deyildi. Çünki həmin gün Dizel dilinə içki vurmamışdı və bunu şahidlər istintaqa verdikləri öz ifadələrində də bildirmişdilər. Qalırdı bircə Dizelin ürək tutması nəticəsində göyərtədən dənizə düşməsi ehtimalı. Amma Dizelin ailə həkimi onun ürək ağrılarından heç vaxt şikayətlənmədiyini bildirdi. Bu ehtimalların əsassızlığı ortaya çıxandan sonra daha bir şayiə yayıldı. Guya Dizelin apardığı təcrübə sınaqlarını məşhur alman maqnat Krupp maliyyələşdirib. Ona xeyli borclu olan Dizel isə özünü öldürməkdən başqa çıxış yolu tapmayıb. Amma bu ehtimalın da dərhal əsassız olduğu ortaya çıxdı. Məlum oldu ki, Dizelin təcrübə-sınaq işlərinə maliyyəni şəxsən Krupp özü ayırıb. Çünki o bu ixtiradan yalnız özünün Almaniya ərazisində istifadə etdəcəyi barədə xüsusi hüquqa malik idi. Ona görə də sonda onun özünü öldürməsi ehtimalı üzərində dayandılar. Ancaq Dizel özünü niyə öldürməli idi? Bunun üçün ortada ciddi əsas da yox idi. Üstəlik, həmin gün o olduqca yaxşı ovqatda olmuş və yatmağa gedərkən gəmi növbətçisinə səhər saat 6-da özünü oyatmasını xahiş etmişdi. Bundan əlavə, məşhur ixtiraçı yatmağa hazırlaşaraq geyinmək üçün nəzərdə tutduğu pijamasını çarpayının üstünə atmış, saatını da çıxarmışdı. Özünə sui-qəsd etməyə hazırlaşan adam halbuki belə etmir və heç olmasa, özünü öldürməzdən əvvəl kimlərləsə vidalaşır və ya bununla bağlı hansısa məktub yazırdı. Ona görə də dərhal Dizelin öldürüldüyü barədə ehtimal gündəmə gəldi. Bu ehtimalın doğru ola biləcəyini göstərən bəzi faktlar da vardı. Məsələn, pijamasını və saatını yataq çarpayısının üstünə qoyması, plaşının səliqə ilə bükülmüş halda göyərtədəki relsin altına qoyulması və sair. Sonra Dizelin öldürülməsi ehtimalını gücləndirən daha bir fakt ortaya çıxdı. Məlum oldu ki, ingilislər, şəxsən Çörçill mühəndisin ixtirası ilə maraqlanıb və ona İngiltərədə işləmək təklif edilib. İngilislər Dizelin ixtirasında sualtı qayıqlarda istifadə etmək və bunun nə qədər səmərəli olacağını aydınlaşdırmaq istəyirdilər.
Müəmmalı ölümdə alman kəşfiyyatının rolu?
Alman kəşfiyyatı da bundan xəbərdar idi və çox güman ki, onlar Dizelin hər addımını izləyirdilər. Çünki artıq həmin dövrdə Avropa I Dünya müharibəsi ərəfəsində idi. İngilislərə yeni ixtiranın sirrinin verilməsi və Dizelin onlara işləməsi almanlar üçün olduqca arzuedilməz idi. Ona görə də bu sirrin ingilislərə verilməməsi üçün alman kəşfiyyatının Dizeli aradan götürdüyü ehtimal edilir. Bu barədə ilk dəfə ehtimalı ingilislər gündəmə gətirdilər. 1915-ci ildə “Nyu-York Uorlod” qəzeti məsələ ilə bağlı yazmışdı: “İxtiraçı, almanlara xəyanət edə biləcəyi üçün öldürülüb. Digər tərəfdən də, almanlar ixtiranın sirrinin ingilislərə satılmasından və onların bundan sualtı qayıqlarda istifadə ediləcəyindən qorxurdular. Ona görə çox güman ki, Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları Dizeli öldürməklə bu sirrin ingilislərin əlinə keçməsinin, həmçinin ixtiraçının İngiltərədə işləməsinin qabağını almış oldular”.
Yenə də ehtimal edilir ki, almanlar izi itirmək və Dizelin özünü öldürməsi barədə rəy yaratmaq məqsədi ilə onun şlyapasını və plaşını göyərtədə saxlamışdılar. Amma bu yolla Dizelin özünü öldürməsi barədə alman kəşfiyyatı rəy formalaşdıra bilmədi. Çünki ixtiraçının özünü öldürməsinə hər hansı bir əsas yox idi: O, həmin vaxt içki içməmişdi, gəmi yoldaşları ilə xoş münasibətdəydi, kefi isə göynən gedirdi.
Amma məsələ ilə bağlı bir mühüm fakt vardı. Belə ki, ali dairələrin nümayəndələri olan Qreys və Lükmannın Dizellə təsadüfən bir yerdə İngiltərəyə səfərə çıxması və onların bu məsələdə nə qədər rollarının olub-olmaması məsələsi istintaqın “gözündən qaçmışdı”. Məşhur ixtiraçının müəmmalı ölümü ilə bağlı məsələ ətrafında hələ uzun müddət araşdırma aparılacaqdı. Ancaq I Dünya müharibəsinin başlanması məsələnin ciddi şəkildə araşdırılmasına imkan vermədi. Beləliklə, günümüzdə belə məşhur ixtiraçı Dizelin müəmmalı şəkildə ölməsinin dəqiq səbəblərini bilən yoxdur.