Roma Papasının pası

524
Gərək hər kəs öz sözünü danışsın. Amma bəzən elə olur ki, başqasının sözünü danışmalı olursan. Sözün düzü, mən belə şeyləri əsla xoşlamıram. Odur ki, heç bunlara baş qoşmaq istəmirəm. Lakin bu dəfə məcburam. Nədən? Ona görə ki, bəziləri elə yerlərə burun soxurlar ki…
Söhbət Avropa Parlamentinin qondarma erməni soyqırımının 100 illiyinin ümumavropa anımına dair qətnamə qəbul etməsi barəsindədir. Bəli, son günlər eşidirəm və qəzetlərdən oxuyuram ki, parlamentin bu məsələ ilə bağlı keçirilmiş iclasında zalda oturanların əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımılarla bağlı bir cümlə də səsləndirməyib. Kim nə deyir desin, bu məsələdə bir çox avropalı deputatlar üçün əsas istinad nöqtəsi Roma Papası I Fransiskin Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə çıxış edərək, erməni “soyqırımı”nı “XX əsrin ilk soyqırımı adlandırması” ifadəsini işlətməsi olub. Bu yerdə deyiblər də bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi (Sizdən nə gizlədim, şəxsən mən ilk dəfədir ki, belə bir məsəlin düz çıxdığının şahidi oldum. Yadımdan çıxmamışkən, bu məsəldəki ağıllıları da qınayıram. Gərək onlar hər dəliyə baş qoşmayaydılar). Bir sözlə, parlament Roma Papasının, futbol termini ilə desək, pasından (bir-birinə ötürmə) məharətlə yararlanıb (Digər tərəfdən, bu pasla Roma Papası həm də öz pasını, yəni eybini bir daha aləmə faş edib).

Yəqin bu kimi ifadələrə görə bizim bəzi humanist şəxslər məni qınayacaqlar. Hətta qırxı çıxan Papa (bu ifadə millət vəkili Zeynəb Xanlarovaya məxsusdur) kimi nüfuzlu din xadimi ilə bağlı belə bir ifadə işlətdiyimə görə məni məhşər ayağına çəkmək istəyənlərin tapılacağına da şübhə etmirəm. Pənah aparıram o bir olan Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz onun mərhəmətinə arxalanıb bu sözləri yazıram. Çünki o Roma Papası elə bir addım atıb ki, bu həm insanlıq adına, həm də dinə zərbədir.

Mənim zənnimcə, Türkiyə kimi bir dövlətin Qərbin maraqlarına uyğun oturub-durmaması, daha doğrusu, təşkil edilən koalisiyalarda yer almaması, deyəsən, Qərbi yaman əndişələndirib. Bu mənada Qərbdə sanki bir Türkiyə nifrətinin formalaşması artıq sirr deyil. Şübhəsiz ki, bu nifrətin kökündə Vatikanın xristianlığın Şərqə doğru yayılmasında Türkiyəni başlıca maneə kimi görməsidir. Bütün bunlar da Qərbin Türkiyəyə təzyiqi üçün müxtəlif vasitələrdən istifadə etməsinə gətirib çıxarıb. Bu mənada bu məsələni Vatikanla bəzi Qərb dövlətlərinin işbirliyi də hesab etmək olar. Bir sözlə, Roma Papasının söylədikləri Qərb və xristian təəssübkeşliyinin ortaq məhsuludur.

Yenə deyirəm, təbii ki, bu məsələ heç də Vatikanın ədalətindən qaynaqlanmayıb. Roma Papası əgər yüz il bundan əvvəl dünyalarını dəyişmiş insanların halına yanırsa və buna “ədalətli” qiymət verilməsinin tərəfdarıdırsa, Xocalı faciəsinə niyə eyni reaksiyanı bildirmir? Yaxud Yaxın Şərqdə Qərbin törətdiyi fitnələr əsasında son illərdə öldürülən yüzlərlə müsəlmanın halına niyə yanmır? Başqa bir misal: sual olunur: bu gün Ermənistanda digər millətlərin nümayəndələrinin sayı nə qədərdir? Təbii ki, barmaqla sayılası qədər. Məgər bu ermənilərin həyata keçirdikləri soyqırımının nəticəsi deyilmi? Bu gün bütün dünya yaxşı bilir ki, Ermənistan dünya iqtisadiyyatında, mədəniyyətində tutarlı heç nəyi ilə təmsil olunmur. Görünür, Ermənistan məhz qondarma soyqırımını “brendi”nə çevirməklə rahat yaşamaq istəyir. Məgər Roma Papasının bunlardan xəbəri yoxdur? Kim bilir, bəlkə də var: amma bu məsələ ilə bağlı aldığı 25 milyard dollar, görünür, onun qulaqlarını kar, gözlərini kor edib. Bəli, bu gün bu məsələdə daha bir incə not da axtarmaq lazımdır. Zənnimcə, özlərinə dünya miqyasında havadar toplayan ermənilər bu kimi iddialarla Qarabağ probleminin həllini ildən-ilə gecikdirməyə çalışırlar. Və bu məsələyə onlar qondarma soyqırımı qədər önəm verirlər. Bu mənada ermənilərin hələ çox kartlardan istifadə etməyə, dünyanı üstümüzə qaldırmağa çalışacaqları şübhə doğurmur. Biz həmin kartları vurmağa hazır olmalıyıq.