Robert Prosineçki: “Ancaq mən yenə də uğura inanıram”

448

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın vecernji.hr saytına geniş müsahibə verib. apasport.az saytının məlumatına görə, dünya futbol tarixi ilə bağlı sualları cavablandıran 48 yaşlı mütəxəssis “Bursaspor”dan gələn təklifi qəbul etməməyinin səbəbini də açıqlayıb.

 

– Məşqçi, yoxsa futbolçu?

– Mən futbolçu olmağı seçərdim. Çünki gənc olursan, istədiyini edirsən. Ancaq məşqçi daim təzyiq altında qalır, bütün komandanın məsuliyyətini daşıyır.

 

– Ən çox sevindiyiniz qələbə…

– 1998-ci ildəki dünya çempionatının 1/4 final mərhələsində Almaniya üzərində qazandığımız qələbə (3:0). Baxmayaraq ki, həmin görüşdə mən iştirak etməmişdim. 3-cü yer uğrunda matçda da Hollandiyaya qalib gəlib, bürünc medal qazanmışdıq.

 

– Ən gözəl qolunuz…

– Belə bir qol seçə bilmirəm. Bəlkə “Partizan”a vurduğum qolu fərqləndirmək olar.

 

– Oynadığınız ən yaxşı komanda…

– Xorvatiya yığması və Çempionlar Kubokunun qalibi olduğum “Srvena Zvezda”.

 

– Gördüyünüz ən güclü komanda…

– Pep Qvardiolanın “Barselona”sı.

 

– Futbol tarixinin ən yaxşı oyunçusu…

– Lionel Messi. O, hamımızdan güclüdü.

 

– Futbol tarixinin ən yaxşı məşqçisi…

– Yohan Kroyff.

 

– Kumiriniz…

– Mişel Platini.

 

– Xorvatiya futbol tarixinin ən güclü oyunçuları…

– Davor Şuker və Luka Modriç.

 

– “Real”a hansı qiyməti verərdiniz?

– Dünyanın ən güclü klubudu. Bu böyük ailənin bir üzvü olduğum üçün çox sevinirəm. Gənc yaşda gedib əsas heyətində oynamaq başqa bir qürurdu.

 

– Bəs “Barselona”?

– Bir klubdan daha çox məna verir. Yalnız orda oynadığınız zaman necə olduğunu başa düşərsiniz.

 

– Ən ehtiraslı futbol atmosferi…

– Belqrad derbisi. Bütün gün oyun ətrafında cəmləşir.

 

– Rusiyadakı dünya çempionatında iştirak edəcəyik?

– Çətin olacaq. Ancaq mən yenə də uğura inanıram. Keyfiyyət mübahisəolunmazdı. Lakin ehtiyatlı olmaq lazımdı.

 

– İki dəfə “Vecernji List”in sorğusunda ilin ən yaxşı futbolçusu seçilmisiniz. Hansı daha şirindi?

– İlki daha yaxşıdı. Həm də gənc idim. Bu mükafatı almış futbolçuların adları çox təsirlidi.

 

– Zvonimir Boban…

– O, hər zaman bir nömrə olub. Əsl şəxsiyyət və xarizmadı. Boban Xorvatiyaya qayıtmayacaq. Ancaq dünya futbolu üçün çox iş görə bilər.

 

– Davor Şuker…

– Möcüzəvi futbolçu.

 

– “Bursaspor”a getmək əvəzinə niyə Azərbaycan yığmasında qaldınız?

– Qorxaq kimi qaçmaq istəmədim. Düşünürəm ki, müəyyən sıçrayışa nail olmuşuq və işimi də vicdanla görürəm. Dekabra qədər işimin başındayam.

 

– Futbolda texnologiyaya necə baxırsınız?

– Mən buna qarşı deyiləm. Ancaq hər kiçik epizoda görə oyunu dayandırmaq futbolu boğar.