Rizvan Fərzəliyev: “Biləcəridən o yana keçmiş ilk biləcərili futzalçıyam”

618

Gələn ayın əvvəlində Serbiyanın paytaxtı Belqradda baş tutacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə yığmamız hazırda təlim-məşq toplanışı keçirir. Hazırlığın ilk mərhələsi yanvarın 19-na kimi, ikinci mərhələsi isə yanvarın 21-dən 29-dək davam edəcək. Futzalçılarımız futzal üzrə millimizin ispaniyalı baş məşqçi Faustino Peresin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxırlar. Bu günkü həmsöhbətimiz futzal üzrə yığmamızın və “Araz Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyevlə elə gərgin məşqdən sonra görüşdük. Təbii ki, kapitana ilk sualımız elə məşqlə bağlı oldu…

marrr– Məşqlərimiz normal keçir. Taktiki çalışmalara baş məşqçi Faustino Peres, fiziki hazırlıq üzrə məşqlərə isə bu günlərdə ölkəmizə təşrif buyurmuş Migel Moreno nəzarət edir (Onu da deyim ki, artıq ikinci dəfədir ki, millimiz təcrübəli ispan məşqçi Migeli hazırlıq prosesinə dəvət edir. Onun fiziki hazırlıqla bağlı keçirdiyi məşqlər komandamıza müsbət təsir edir) Təlim-məşq toplanışına 16 nəfər futzalçı dəvət olunub. Onlardan, mənə elə gəlir ki, 14 nəfər əsas heyətə cəlb ediləcək.

Komandamız yanvarın 31-də Serbiyaya yollanacaq. İlk oyunumuz fevralin 3-də ötən ilin çempionu İtaliya, fevralın 5-də isə Çexiya millisi ilə olacaq. Bəri başdan bildirim ki, İtaliya və Çexiya kimi komandalarla qarşılaşma bizi əsla qorxutmur. Məqsədimiz qrup birincisi kimi növbəti mərhələyə yüksəlməkdir. İnşallah, Allahın köməyi ilə buna nail olacağıq. Bildiyiniz kimi, biz 2010-cu ildə 54 ölkənin iştirakı ilə keçirilmiş Avropa çempionatının dördüncüsü olmuşuq. Mənə elə gəlir ki, bu dəfə bizim finala qədər irəliləmək imkanımız var.

– Səhv etmirəmsə, son qitə birinciliyində millimiz İtaliyaya uduzmuşdu…

– Bu dəfə onlardan revanş almağa çalışacağıq və Allahın köməyi ilə istəyimizə çatacağıq. Yeri gəlmişkən, onu da deyim ki, İtaliyaya  uduzmağımızda sabiq məşqçimizin müəyyən günahı da oldu. Əgər biz onlara minimal hesabla məğlub olsaydıq, qrupu birinci yerdə başa vuracaqdıq. Çünki Sloveniya üzərində qələbə qazanmışdıq (həmin ərəfədə Sloveniya da İtaliyanı udmuşdu), yəni şansımız yaxşı idi. Amma elə oldu ki, düzgün olmayan taktika nəticəsində böyük hesabla məğlub olduq.

– Bu günlərdə mətbuatda futzal üzrə Çexiya millisinin baş məşqçisi Tomaş Noymanın fikirləri verilmişdi.  O bildirib ki, rəhbərlik etdiyi yığma qrupda ilk iki yerdən birini tutmaq niyyətindədir: “Azərbaycan və İtaliya ilə birlikdə yer aldığımız qrupdan 1/4 finala vəsiqə qazanmalıyıq. Eyni zamanda da öz əvvəlki oyunumuzu nümayiş etdirməyə çalışacağıq”. Bu həm də Çexiyanın qrupdan çıxmaq iddiasından xəbər verir, elə deyilmi?

– Bilirsinizmi, belə yarışlarda, demək olar ki, bütün komandalar iddialı olurlar. Məlumat üçün bildirim ki, final mərhələsində dörd qrupda (hər qrupda 3 komanda) 12 komanda mübarizə aparacaq. Hər qrupdan birincə və ikinci yerlərə çıxan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək. Bizim qrupun favoriti İtaliya millisi hesab olunur. Amma bu o demək deyil ki, biz rəqibdən çəkinməliyik. Bu oyundur… Hə, bir də hamı istəyir ki, ilk oyunu qələbə ilə başa vursun. İlk addımdan çox şeyin asılı olduğunu hər bir idmançı yaxşı bilir. Güman edirəm ki, ilk oyunumuzla pərəstişkarlarımıza sevinc bəxş edə biləcəyik.

– Elə isə rəqibləriniz haqqında hansı məlumatlarınız var? Və yaxud onları necə dəyərləndirərdiniz?

– Məncə, bu suala baş məşqçi ətraflı cavab verə bilər. Yəqin ki, təlim-məşq toplantılarında məşqçimiz bu barədə söz açacaq.

– Millimizin hədəfi barədə nə deyə bilərsiniz?

– Qrupda birinci yeri tutmaq… Mənim fikrimcə, birinci yeri tutsaq, digər mərhələni adlamaq şansımız daha yüksək olacaq.

– Yeri gəlmişkən, “dördlük”lər məlumdur?

– Hələ yox…

– Futzal Federasiyasının prezidenti Zaur Axundov komandanın düşərgəsinə baş çəkirmi?

– Əlbəttə, hərdən mənə elə gəlir ki, o, hazırda məşqdə iştirak edən futzalçılarımızdan biridir.

 

“Bu gün futzalımızın gənclərə ehtiyacı var”

– Rizvan bəy, fiziki hazırlıq üzrə məşqlərə  bu günlərdə ölkəmizə təşrif buyurmuş Tinonun həmyerlisi Migel Moreno nəzarət edir dediniz. Məgər bizdə bu sahə üzrə mütəxəssislər yoxdur?

– Mən deməzdim ki, yoxdur. Amma unutmayın ki, onun dəvət olunmasında əsas məqsəd belə mötəbər yarışa hazırlaşan futzalçılarımızın fiziki hazırlığını pik nöqtəyə çatdırmaqdır. Futzalda hər bir futzalçının fiziki durumu çox yüksək olmalıdır. Adi bir misal. Böyük futbolda elədir ki, müdafiəçi cərimə meydançasında yaranmış gərginliyi aradan qaldırandan sonra heç olmasa dərindən nəfəs ala bilir. Yəni öz mövqeyində istirahət hüququ qazanır. Amma futzalda belə bir şey yoxdur. Yəni 40 metrlik meydançada irəliyə geriyə o qədər işləyirsən ki… Daha doğrusu, 2-3 dəqiqə əvəzlənmədən oynamaq üçün fiziki hazırlığın elə səviyyədə olmalıdır ki, davam gətirə biləsən. Müşahidələrimə əsasən deyə bilərəm ki, dəfələrlə olub ki, oyunçu bir dəqiqədən sonra tempə davam gətirməyərək əvəzlənməsini istəyib. Amma futzalda hər şeyi təkcə fiziki hazırlıq həll etmir. Gərək texniki və taktiki cəhətdən də hazırlıqlı olasan.

Bir daha deyirəm ki, böyük futbolla futzalın fərqi çoxdur. Elə bu səbəbdən böyük futboldan gələn oyunçular futzala alışmaq üçün müəyyən mərhələlər keçməli olurlar.

Sizinlə bir fikrimi də bölüşmək istəyirəm. Ümumiyyətlə, bizim uşaq futbolunda futzalın məşqlərini keçən sırf mütəxəssis yoxdur. Bu isə o deməkdir ki, hazırda bizdə futzal məktəbi fəaliyyət göstərmir (Mənə elə gəlir ki, yaxın gələcəkdə bu problem aradan qaldırılacaq). Bu gün, doğrudan da, futzalımızın gənclərə ehtiyacı var. Mənə elə gəlir ki, hazırda yaşlaşan futzalçılar bu istiqamətdə bu sahəyə öz töhfələrini verə bilərlər.

– Tino Peres daha çox yerli futzalçıların xidmətindən istifadə edir, yoxsa yerli futzalçıların?

– Hazırda komandamızın tərkibində 6 nəfər əcnəbi var, qalanları yerli futzalçılardır. O ki qaldı məşqçinin seçiminə… Təbii ki, bu, hər şeydən əvvəl, bu və ya digər futzalçının məşqlərdə özünü necə göstərməsindən asılıdır. Onu da vurğulayım ki, bu gün gənclərimiz hələ istənilən səviyyədə deyillər. Amma etimadı doğrultmaq üçün məşqçi onlara şans verir.

– Baş məşqçi Rizvan bəyə daha çox güvənir, yoxsa hər hanıs bir legionerə?

– Yenə deyirəm: baş məşqçi, bir qayda olaraq, oyunda onun etimadını qazanan oyunçuya daha çox güvənir. Yeri gəlmişkən, Faustino Peres komandamıza baş məşqçi təyin olunandan futzalımızda müəyyən irəliləyişlər var (O artıq bir ildir ki, millimizə rəhbərlik edir). Belə ki, Avropa çempionatına vəsiqə qazanmağımız onun adı ilə bağlıdır. Məhz onun rəhbərliyi sayəsində Xorvatiyada təşkil olunmuş dünya çempionatının qrup mərhələsinin ilk mərhələsini keçmişik, hətta mən deyərdim ki, millimiz Kolumbiyada keciriləcək Dünya cempionatının final mərhələsinə cıxmağa da cox yaxındır! (Pley-of oyunları yazda keçiriləcək).

– Rizvan bəy, bəlkə həmin final mərhələsinə çıxmağın təfərrüatlarından bir qədər geniş söz açasınız?

– Çıxış etdiyimiz qrupda (Xorvatiya, Belarus, İsveç) ev sahibi, yəni Xorvatiya millisi favorit göstərilirdi. İlk oyunda İsveç millisini 8:2 hesabı ilə məğlub etdik. Xorvatiya-Belarus qarşılaşmasında belaruslar xorvatları iki top (7:5) üstünlüyü ilə udmaqla, sözün həqiqi mənasında, bizə sürpriz bəxş etdilər. Növbəti oyunda biz belarusları məğlub etməklə (7:2) qrupda liderliyi ələ keçirdik. Axırıncı oyunda Belarusun İsveç millisini hər hansı bir hesabla qələbəsi artıq axırıncı oyunumuzdan asılı olmayaraq bizim qrup liderliyimizi təmin edirdi. Lakin bu oyunun heç-heçə başa çatması işimizi bir qədər çətinləşdirdi (Bizim 6, Xorvatiyanın 3, Belarusun 4 xalı oldu). Son oyunda Xorvatiya millisinin bizim üzərimizdə minimal hesablı qələbəsi favorit sayılan bu komandanı qrup lideri edə bilərdi. Odur ki, biz oyuna daha əzmlə çıxdıq və həmin matçı heç-heçə (4:4) başa vuraraq 7 xalla qrup lideri olduq. İkinci yeri isə Belarus millisi tutdu.

– Belaruslardan söz düşmüşkən… Səhv etmirəmsə, bu hazırlıq mərhələsində Belarusla yoldaşlıq oyunu da keçirəcəksiniz…

– Belə bir oyun planlarımıza daxil idi. Lakin Belarus millisi maliyyə problemləri ilə əlaqədar belə bir görüşdən imtina edib. Bu səbəbdən hansı komanda ilə yoxlama oyunu keçirəcəyimiz hələ dəqiqləşdirilməyib. Amma güman edirəm ki, qarşılaşacağımız rəqibin adı bu günlərdə bəlli olacaq.

 

marrrrrr“Ən azı 3 il”

– Millimizin ən qocaman oyunçusu sizsiniz, çətin deyil ki,  bu yaşda oynamaq?

– Hazırda 36 yaşa qədəm qoymuşam. Amma əvvəlki kimi formadayam. Belə olmasaydı, yəqin ki, mənə etimad göstərilməzdi və yığmaya dəvət olunmazdım. Bir də indiyə qədər yığmada ən çox oyun keçirən futzalçı mənəm. Neçə-neçə oyuna çıxmışam. Müəyyən təcrübəm var və onları gənclərə öyrətməyə çalışıram. Bilirsinizmi, indiki oyunlarda təcrübə çox önəmlidir.

– Futzal üzrə Azərbaycan çempionatının 2014/15-ci illər mövsümünü kapitanı olduğunuz komanda, yəni “Araz Naxçıvan” bürünc medallar əldə etməklə kifayətlənib. (6 komandanın iştirak etdiyi birincilikdə “Xəzər adalar”ı çempion olub, “Fənərbaxça” 2-ci yerə sahib çıxıb). Son 10 ildə çempionluğu əldən verməyən “Araz Naxçıvan”dakı enişi nə ilə izah edərdiniz?

– Bilirsinizmi, son illər “Araz-Naxçıvan”da gənclərə daha çox üstünlük verilir. İnsafən, komanda onların iştirakı ilə yaxşı oyunlar nümayiş etdirir. Güman edirəm ki, bu il “Araz Naxçıvan” yenidən  çempionluğu ələ keçirə biləcək. (Bu il futzal üzrə Azərbaycan çempionatında 8 komanda yarışır)

– Amma “Araz Naxçıvan”ın və yığmamızın kapitanı Rizvan Fərzəliyev ötən mövsümün ən yaxşı futzalçısı seçilib.

– Mən bunu komandadakı zəhmətimə verilən dəyər kimi qiymətləndirəm (Bir də bu mənim heç də qocalmamağıma dəlalət edir). Təbii ki, bu cür dəyərləndirmələr özüməinamı birə-beş artırır. Yeri gəlmişkən, mən heç zaman bu kimi uğurlarımı, əgər belə demək mümkünsə, bayraq etmirəm.

– Rizvan bəy, yorulmamısınız ki?

– Sözün düzü, hələ ki yorulmamışam (yorulan idmançı heç bir nailiyyət əldə etməyəndir), üstəlik, daha əzmlə çalışıram. Və qazanılan hər bir uğurda mənim də müəyyən payımın olmasından qürur duyuram.

– Elə isə daha neçə il futzalda can qoymaq niyyətindəsiniz?

– Ən azı 3 il…

 

“Futzala maraq

az deyil”

– Futzal üzrə ölkə çempionatı ilə bağlı nə deyə bilərsiniz?

– Bəri başdan deyim ki, ötən illə müqayisədə builki çempionatımız tam yüksək səviyyədə getmir. Buna baxmayaraq, biz səylə çalışırıq. Təbii ki, çempionatın zəifliyi bizə də sirayət edir. Belə deyək də, bu gün zəif rəqibi məğlub edib, sabah xarici klubların hər hansı biri ilə qarşılaşanda müəyyən problemlərlə qarşılaşırsan. Amma çempionat güclü olanda, komandaların sayı çox olanda daha önəmli nəticələr əldə etmək mümkündür. Digər tərəfdən, baş məşqçinin milliyə futzalçı seçimi də daha asan olur.

– Sizcə, bu gün ölkəmizdə futzala yetərincə maraq varmı?

– Futbol qədər olmasa da, bu gün məmləkətimizdə futzala maraq az deyil. Bunun da müəyyən səbəbləri var. Çünki futzalçılarımız artıq neçə ildir ki, öz nailiyyətləri ilə azarkeşlərini sevindirir (Hətta mən deyərdim ki, hazırda böyük futbolla müqayisədə futzalçılarımızın uğurları daha çoxdur. Bu mənada futzal böyük futboldan daha çox ölkəmizi xaricdə tanıdıb). Buna bir misal çəkim: ötən ilin sentyabrında Bakıda – Əl Oyunları İdman Sarayında Slovakiya millisi ilə bizim pley-of mərhələmiz oldu (Komandamız həmin oyunda 3:1 hesabı ilə qalib gəldi). O yarışa çoxlu azarkeş gəlmişdi. Yəni saray dolu idi. Əgər futzala maraq olmasaydı, oyuna baxmağa o qədər azarkeş gələrdimi? Həmin oyunda biz də bu dəstəyə görə onlara minnətdarlığımızı bildirdik.

Yeni nəfəs

– Rizvan bəy böyük idmana futbolçu kimi gəlib?

– Bakının Biləcəri qəsəbəsində dünyaya gəlmiş (əslim Naxçıvandandır) Rizvan Fərzəliyev uşaqlıqdan futbola könül verib. Belə ki, futbolda ilk addımlarımı 2-ci sinifdə oxuyarkən atmışam. Böyük qardaşım Fuadın köməkliyi ilə əvvəlcə Biləcəridəki futbol məktəblərinin birində məşqlərə başlamışam. Daha sonra “Spartak” stadionunda məşq keçən Fazil Abbasovun qrupuna yazılmışam. Peşəkar futbolçu olan qardaşım 1993-cü ildə məni rəhmətlik Hüseyn İsmayılovun (”Tərəqqi” komandasına) yanına gətirib. Az vaxtda əsas heyətə düşməklə yanaşı, komandanın kapitanı da seçilmişəm. 1996-cı ildə qardaşımın məsləhəti ilə futzala üz tutmuşam. İlk klubum “Star LTD” olub. Sonra NAB-da, VAT-da çıxış etmişəm. Hərbi xidmətdən sonra  “Azərneftyanacağ”ın baş məşqçisi Hacı Abdullayev məni komandasına dəvət edib. Bu komanda mənim üçün əsil məktəb olub. “Azərneftyanacaq”dan sonra “Viləş”, “Gömrükçü” və “Terminal” komandalarının şərəfini qorumuşam. Daha sonra “Araz Naxçıvan”da çalışdım və indi də bu  klubun oyunçusuyam.

– Eşitdiyimə görə, həmin klubun təşkilində sizin də müəyyən xidmətləriniz olub? Bu, doğrudurmu?

– 2004-cü ildə futzalda maliyyə baxımından çətinliklər yaşandı. “Terminal” da dağılmağa doğru gedirdi. Onda mən və yaxın dostum Marat Salyanski hazırda Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundova yaxınlaşdıq və “Araz Naxçıvan” adlı bir komandanı təşkil etmək fikrində olduğumuzu ona çatdırdıq. O, sözümüzü yerə salmadı. “Araz Naxçıvan” elə ilk mövsümdə çempion oldu. Bu sahənin xiridarları da artıq futzalımıza yeni bir nəfəs gəldiyinin fərqinə vardılar. Daha sonra isə Avropa səhnəsində bir çox uğurlara imza atdıq.

– Biləcəridə anadan olduğunuzu söylədiniz. Elə həmin anda “Biləcəridən o yana keçmək” ifadəsi yadıma düşdü.

– Verəcəyiniz sualı təxmini başa düşdüm. Bəli, mən Biləcəridən o yana (özü də xeyli) keçmiş ilk biləcərili futzalçıyam.

 

Üzüldüyüm oyunlar…

– Oyun zamanı hansısa haqsız cəzaya məruz qalmısınız?

– 2012-ci ildə Macarıstanda Serbiya ilə qarşılaşırdıq. Həmin oyunda hakimin qərəzliyü ucbatından 8:9 hesabı ilə məğlub olduq. Matçdan sonra Zaur Axundov hakimlərə iradını bildirirdi. Birdən gördüm ki, UEFA-nın əməkdaşlarından biri Zaur müəllimin şəklini çəkir (Guya o, hakimlərə təzyiq göstərir). Onun bu hərəkəti mənə pis təsir elədi, istəmədim Zaur müəllim haqqında pis fikir formalaşsın. Odur ki, UEFA nümayəndəsinin qarşısını kəsib şəkil çəkməyinə imkan vermədim. Sonradan matçın protokolunda mənim bu hərəkətimi UEFA nümayəndəsinin işinə müdaxilə kimi qeyd olundu. Və nəticədə 3 oyunluq cəza aldım. Elə bu səbəbdən Rusiya ilə dünya çempionatına vəsiqə verən pley-off oyunlarını və Slovakiyada Avropa çempionatının qrup mərhələsinin Norveçə qarşı ilk matçı buraxmalı oldum.

– İnanclı insansınız… Nə vaxtdan ibadət edirsiniz?

– Mənim babam namaz əhli olub. Mən də onun yolunu davam etdirmək istəyirdim. Və 2002-ci ildən namaz qılmağa başladım (Onda “Gömrükçü”nün heyətində idim). O vaxtdan namazdan qalmamışam. Dinimizin vacib buyurduğu digər əməllərə də riayət edirəm. Bircə Həcc ziyarətinə getmək qalıb. İnşaallah, yaxın illərdə Allahın izni ilə Həcc ziyarətində də olacağam. Belə bir ziyarəti hamıya arzulayıram.

– Bu və ya digər ölkəyə gedəndə, yəni səfərlərdə problemlərlə üzləşmirsiniz ki?

– Hər bir bəndə Allahın quludur. Qulun da borcu bu kimi çətinlikləri dəf edib ibadətini yerinə yetirməlidir.

– Ən çox hansı oyunda üzülmüsünüz?

– Avropa çempionatının finalına vəsiqə qazanmışdıq. Təəssüf ki, yarımfinalda Portuqaliyaya penaltilər seriyasından məğlub olduq. Hansı ki, oyunda biz onları üstələyirdik. 3-cü yer uğrunda isə qrupda 6:1 hesabı ilə məğlub etdiyimiz Çexiyaya 1 top fərqi ilə uduzub 4-cü yeri tutduq. Bu oyunda mən deyərdim ki, bəxtimiz gətirmədi. Bir də Rusiya ilə dünya çempionatının pley-of mərhələsində cəzalı olduğumdan komandama kömək eləyə bilməyəndə üzülmüşəm.

– Hirslənndə hirsinizi nədən çıxarırsınız?

– Adətim üzrə topdan…

– Bəs kiminlə dərdləşirsiniz?

– Məndən yaşca böyük olan dostum Maratla… Biz həm də onunla ailəvi dostuq. Yeri gəlmişkən, bu gün futzalı yaxşı bilən 4-5 nəfər varsa, onlardan biri elə Marat Salyanskidir.

– Övladlarınızın bu sahəyə marağı varmı?

– Ayxan adlı bir oğlum var. Artıq birinci sinifdə oxuyur. O,  uşaq futbolunda məşqçi kimi çalışan qardaşım Fuadın  yanında hələlik top qovur. İnanıram ki, Ayxan gələcəkdə Fərzəliyevlərin layiqli  davamçısı olacaq. O ki qaldı onun futzalı, yoxsa böyük futbolu seçəcəyinə… Hər halda bu, sabahın işidir. Amma bir valideyn kimi övladımın yaxşı təhsil almasını daha çox istəyirəm.

Qvami Məhəbbətoğlu