Riqa Sammiti: səmimi tərəfdaşlıq, yoxsa ikili standartların davamı?

0
517

Bu gün Latviyanın paytaxtı Riqada öz işinə başlayacaq Avropa Birliyi Şərq Tərəfdaşlığı sammiti beynəlxalq aləmin diqqət mərkəzindədir.

Buna da səbəb Riqa Sammitində “Şərq tərəfdaşlığı” proqramında iştirak edəcək ölkələrin bu qurumla münasibətlərinə daha yüksək səviyyədə aydınlıq gətiriləcəyi, həmçinin Rusiya ilə münasibətlərin əsas müzakirə hədəfi olacağının gözlənilməsidir. Bu baxımdan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramında iştirak edən 6 ölkədən üçünün, o cümlədən Azərbaycan, Belarus və Ermənistanla reallığı nəzərə alan yeni sənədi imzalayacağı gözlənilirdi. Tədbir ərəfəsində Latviyanın eks-prezidenti Vayra Vike Frayberqa mətbuata verdiyi açıqlamada Riqa Sammitində və ya ondan sonra Azərbaycanla Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını arzuladığını və buna ümid etdiyini bildirmişdir. Öz növbəsində, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Martın Avropa Birliyinin Azərbaycanla strateji əməkdaşlıqda maraqlı olduğunu və ölkəmizdən bununla bağlı təklif gözlədiyini vurğulamışdır. Malena Martin buna paralel olaraq, Qərbdə “Cənubi qaz dəhlizi” layihəsinin reallaşdırılmasına “Türk axını”ndan daha çox maraq göstərildiyini söyləyib. Bu baxımdan Avropa Birliyinin hətta Azərbaycanla “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində saziş imzalamasa belə, strateji əməkdaşlıq barədə razılığa gəlməyə ümid etməsini təsadüfi hesab etmək olmaz. İş orasındadır ki, Rusiyanın qaz asılılığından qurtarmaq istəyən Avropa Birliyi Azərbaycan, o cümlədən Türkmənistan qazının Avropaya çatdırılmasında maraqlıdır. Bakı və Aşqabad qazın nəqli məsələsində tərəddüd etməsələr də məsələnin görünməyən tərəfləri var. Belə ki, Rusiya türkmən qazının Avropaya nəqlinə imkan vermək niyyətində deyil və buna mane olmaq üçün Xəzərin dibindən qaz kəməri çəkilməsinin ekoloji fəlakətlərə yol aça biləcəyi barədə xəbərdarlıqlar etməkdədir. Eyni zamanda Xəzərin hüquqi statusunun müəyyən edilmədiyini bəyan edən Rusiya bu problem həllini tapmadan Xəzəryanı ölkələrdən hər hansı birinin Xəzərin ekoloji təhlükəsizliyinə yol aça biləcək layihələri həyata keçirməsinin mümkünsüz olduğunu hədələyici tərzdə bəyan etməkdədir. Son illərdə Rusiyanın Xəzəri özünün hərbi strateji bazasına çevirməsi və burada ən müasir hərbi gəmilərini, sualtı qayıqlarını yerləşdirməsi də bununla bağlıdır. Türkmənistanla müqayisədə Azərbaycan qazının “Cənub dəhlizi” vasitəsilə Qərb bazarına nəqli məsələsində hər hansı bir problem yoxdur. Lakin Azərbaycan qazı Qərbin qaza olan tələbatının az hissəsini təmin edə bilər və bu baxımdan Türkmənistan qazının Avropaya nəqli Qərb üçün strateji önəm daşıyır.

Lakin istənilən halda, Qərb Riqada olmasa belə yaxın vaxtlarda Rusiyadan gələn təhlükə ilə bağlı Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalamağa ümid edir.

Azərbaycan Riqa Sammitində AB ilə sənəd imzalamayacaq

Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində adıçəkilən qurumla assosiativ üzvlük haqqında sənədi bu günə kimi onda iştirak edən 6 ölkədən yalnız üçü – Ukrayna, Moldova və Gürcüstan imzalayıb. Ermənistan ötən il Rusiyanın təzyiqlərinə tab gətirməyərək assosiativ üzvlük haqqında sənədi imzalamadı və Avrasiya İqtisadi İttifaqına üzv olmağı daha məqsədəuyğun hesab etdi. Halbuki Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı üzrə assosiativ sənədi imzalamaq Ermənistana çox şeylər verəcəkdi və onlar bununla da Rusiyanın asılılığından xilas olaraq Qərblə inteqrasiya yolunda addım atacaqdılar. Lakin faktiki olaraq Rusiyanın adi bir quberniyasına çevrilən Ermənistan rəhbərliyi Avropa Birliyi ilə belə bir sənədi imzalamağa cəsarət etmədi. Belarusa gəlincə, bu ölkə Rusiya və Qazaxıstanla birgə Avrasiya İqtisadi İttifaqının yaradılmasının fəal iştirakçılarından biridir. Belə bir vəziyyətdə isə Belarusun “Şərq tərəfdaşığı” proqramı çərçivəsində hər hansı assosiativ üzvlük haqqında sazişi imzalamasının öncədən mümkün olmayacağı aydın idi. Bu müstəvidə də hələ ötən il Azərbaycanın AB “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində assosiativ sazişi imzalaması daha məntiqli görünürdü. Lakin Azərbaycan, belə demək mümkünsə, Qərbin assosiativ saziş oyununa getmədi. Buna da səbəb Bakının Avropa Birliyindən olan gözləntilərinin özünü doğrultmaması oldu. Belə ki, Avropa Birliyi bu günə kimi Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə bağlı təcavüzkar dövlətə münasibətdə hər hansı bir sərt addım atmayıb. Hətta Ermənistanın faktiki olaraq Avropa Birliyinə arxa çevirərək Rusiyanın həlledici rol oynadığı Avrasiya İqtisadi Birliyini seçməsinə belə olduqca yumşaq yanaşaraq ermənilərə müxtəlif yollarla maliyyə, hərbi və siyasi dəstək verməkdə davam edirlər. Digər tərəfdən də, Avropa Birliyi onunla assosiativ saziş imzalayan ölkələrin heç birinin ərazi bütövlüyünə gələn təhlükənin qarşısını almaq üçün ciddi addım atmayıb. Bunu Ukraynanı simasında da aydın görmək mümkündür. Ukraynanın faktiki olaraq özünün ikili oyunlarının alətinə çevirən Avropa Birliyi Rusiyanın Krımı işğal etməsinin, Donbas və Luqanskda separatçı rejimlərə hərbi dəstək göstərməsinin və oraya öz qoşunlarını yeritməsinin qabağını ala bilmədi. Qərb sözdə Rusiyaya qarşı ağır ittihamlar səsləndirsə və ona qarşı sanksiyalar tətbiq etsə də faktiki olaraq Ukraynanı Rusiyanın hərbi təhlükəsi qarşısında tək qoydu.

Təbii ki, hadisələrin belə bir istiqamətdə inkişaf etməsi və Qərbin özünə müttəfiq görmək istədiyi ölkələrin təhlükəsizliyini təmin edə bilməməsi Azərbaycanın bu məsələdə daha çevik siyasət yeritməsinə gətirib çıxarıb. Bu siyasətin əsasında isə Qərbə və Rusiyaya münasibətdə tarazlaşdırıcı siyasətin ən yüksək səviyyədə davam etdirilməsi dayanır.

Azərbaycanı Qərbdən narazı salan digər bir məsələ də Ukrayna ərazilərini işğal edən Rusiyaya münasibətdə sərt addımlar atan və bu ölkəyə qarşı sanksiyalar tətbiq edən Qərbin Ermənistanın təcavüzkarlıq siyasətinə göz yummasıdır. Azərbaycan bununla bağlı ötən il rəsmi səviyyədə ən sərt şəkildə dilə gətirdi. Buna baxmayaraq, Qərbdə yenə də ikili standartların davam etməsi və təcavüzkar Ermənistanın nazı ilə oynaması, təbii ki, Bakı-Qərb münasibətlərinin inkişaf etdirilməsi yolunda ciddi əngələ çevrilib. Məhz bunun da nəticəsidir ki, Azərbaycan Riqa Sammiti ərəfəsində öz mövqeyini bir daha ortaya qoymalı olub. Bununla əlaqədar ötən gün açıqlama verən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, Riqa Sammiti çərçivəsində Avropa Birliyi ilə Azərbaycan arasında heç bir sənədin imzalanması nəzərdə tutulmayıb. Bununla da Azərbaycan Riqa Sammitindən narahatlıq keçirən Rusiyaya münasibətdə hər hansı qıcıqlandırıcı addım atmaq niyyətində olmadığını bir daha nümayiş etdirməli olub. Bu da əsassız deyil. Belə ki, Azərbaycanın Rusiyanın maraqlarına cavab verməyən hansısa bir addımına Moskva adekvat cavab addımları ata bilər. Dağlıq Qarabağ münaqişəsi kimi problemi olan Azərbaycan üçünsə Rusiya ilə hər hansı qarşıdurmaya getmək arzuedilən deyil.

Yeri gəlmişkən, qeyd edək ki, Mahmud Məmmədquliyev sonda sammitin yekunlarına dair Bəyannamə qəbul ediləcəyini söyləyib. O Azərbaycanın bu sammitdən gözləntilərinin olduğunu da gizlətməyib,

Son məlumatlara görə Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, dövlət başçısı sammitdə iştirak edə bilməyəcək. Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

Riqa Sammitindən gözləntilər

azdır

Azərbaycanın əksər siyasi müşahidəçiləri Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Riqada keçiriləcək sammitdən ciddi bir nəticə gözləmirlər. Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyovun fikrincə, Riqa Sammitində Ukraynanın ərazi bütövlüyü bir daha dəstəklənəcək və Rusiya əleyhinə sərt bəyanatlar səsləndiriləcək, ancaq hansısa konkret addımların atılması ehtimalı azdır. Politoloq Azərbaycanın AB “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində özünün milli maraqlarından çıxış etdiyini və bununla da ölkəmizin düzgün yolda olduğunu deyib. O belə hesab edir ki, Avropa Birliyi tərəfindən ikili standartların davam etməsi, iki eyni təcavüzkara münasibətdə fərqli mövqe nümayiş etdirilməsi bu qurumun səmimiliyini şübhə altına alıb. Belə bir vəziyyətdə isə Riqa Sammitindən nə isə gözləməyə dəyməz.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Riqa Sammitinin Azərbaycan üçün önəmli olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda hər hansı bir addım ata biləcəyinə inanmadığını vurğulayıb. O deyib ki, Riqada bu məsələ ətrafında müzakirələr gedə biləcəyi ehtimalı var, ancaq təcavüzkara qarşı sanksiyalar tətbiq etmə barədə qərar qəbul edilməsi inandırıcı görünmür.

Beləliklə, Riqa Sammitinin daha bir məsələyə aydınlıq gətirəcəyi gözlənilir. Bu da Qərb tərəfindən ikili standartların davam edib-etdirilməyəcəyi və öz təsir dairəsinə cəlb etmək istədiyi ölkələrə gələn təhlükənin qarşısını almağa hazır olub-olmayacağı ilə bağlıdır. Necə deyərlər, Riqa Sammitində qeyri-rəsmi şəkildə ikili standartlara tamam, ya da davam deyiləcəyi ehtimal edilir.

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here